Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan uşaq folkloru

14.11.17, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yüksək ideyalılıq, bədiilik və xəlqlilik Azərbaycan uşaq folklorunun da əsas əlamətidir. Uşaq folklorunun ayrı-ayrı janrlarının meydanagəlmə tarixi çox qədimdir. Bir faktı xatırlamaq kifayətdir ki, günəşə, dumana, buluda, yağışa müraciətlə oxunan nəğmələrdə, keçəl haqqında söylənən satirik şerlərdə və laylalarda ən əski mifik təsəvvürlərin izləri hələ də qalmaqdadır. "Uşaq folkloru" ifadəsi rus folklorşünaslığında ilk dəfə 1926-cı ildə İrkuts Universitetinin professoru Q.S.Vinoqradov, bir qədər sonra isə (1928-ci ildə) görkəmli pedaqoq O.İ.Kapitsa tərəfindən işlədilib və nəzəri cəhətdən əsaslandırılıb. Azərbaycanda isə bu terminə 60-cı illlərdə Ə.Qarabağlının şifahi xalq ədəbiyyatının orta məktəblərdə təbrisi məsələlərinə həsr olunan əsərlərində rast gəlirik. Azərbaycan uşaq folkloru şifahi xalq yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəzi ədəbiyyatlarda «folklorun kiçik, xırda janrları» kimi qeyd olunan laylalar, oxşamalar, dilaçmalar, öyrətmələr, sanamalar, düzgülər, yanıltmaclar, çağırışlar, müraciətlər bütün zamanlarda xalq pedaqogikasının tələblərini ödəyib və uşaq dünyasının bütün cəhətlərini şirinliyi, duzluluğu ilə əks etdirmişdir. «Xalq pedaqogikası - sözün əsil mənasında tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, əməli təcürbə, qanun-qayda, adət və ənənələrinin toplusudur... İnsanı nə cür bəsləməli, ərsəyə, boya-başa çatdırlmalı, kamala yetişdirməli, onlara hansı keyfiyyətləri aşılmalı, bundan ötrü nə kimi üsul və vasitələrdən istifadə etməli, hansı tələblərə əsaslanmalı, insanın inkişafını şərtləndirən amillər, tərbiyə işində kollektivin və tərbiyəçinin rolu və s. bu kimi məsələlər xalq pedaqogikasının öyrəndiyi sahələrdir». Saydığımız tədbirlərin xalq pedaqoqları - müdrik ağsaqqallar, ağbirçəklər uşaq folkloru vasitəsi ilə həyata keçirirdilər. Bir növ uşaq folkloru onlara dərs vəsaiti rolunu oynayırdı. Buradan belə bir nəticəyə gəlmək olar ki, uşaq folkloru xalq pedaqogikası ilə eyni vaxtda və onunla əlaqədar şəkildə meydana gəlib. Ə.Həşimov yazır: «Xalq pedaqogikasının tarixi yazının yarandığı vaxtdan çox-çox qabaq, bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən başlayır». Göründüyü kimi, uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, nənələrin, bibilərin, xalaların həzin mahnısı ilə əzizlənir, anaların şirin laylası ilə uyuyur, məzəli oyunlarla, əyləndirmələrlə əl-qol açır, duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və beləcə həyatda mənəvi nemətlərdən ilk payını alır.
Xalq poeziyası inciləri qız-gəlinlərin dodaqlarnıda misra-misra nəğməyə dönüb yırğalanan naxışlı beşiklərin tıqqıltısına qarışır, bələkdəki südəmər çörpələrin yuxusunu şirinləşdirir. Ümmanlara sığmayan arzulamalar ilk addım atanda, dil açıb danışanda, çimizdiriləndə, yeyib-içəndə, geyinib-keçinəndə, oynayanda, nəhayət, əli qələm tutanda, kitab-dəftərini qoltuğuna vurub oxumağa yollananda uşaqları müşayiət edir, onların hər bir qədəmini pis nəzərlərdən, yad təsirlərdən qoruyur, hər uşağın həyat yollarına şam tutur. Bir sözlə, körpələrin sağlam, gümrah, mərd, ürəyitəmiz, vicdanlı böyümələrində el sözünün, el hikmətinin gördüyü işi ən böyük pedaqoq, psixololoq alim, tədris ocaqları, tərbiyə müəssisələri yerinə yetirə bilmir. Beləcə poetik şifahi xalq yaradıcılığı anadan olan gündən ömrünün son anınadək insanı addımbaaddım izləyir, onun məsləhətçisi, yolgöstərəni, həyat müəllimi olur. Bəzən də məclisləri, şənlikləri, oyunları, mərasimləri bəzəyib ruhları oxşayır, insanlara sevinc gətirir. Çətin anlarda nəinki bir şəxsin, hətta bütöv bir obanın, ucu-bucağı görünməyən bir ölkənin dadına çatır, müharibələri sovuşdurur. Həmişə və hər üerdə səadətə, xoşbəxtliyə layiq olanlara təbəssüm dolu işıqlı günlər bəxş edir, yersiz kədərlənənlərin qəm karvanını dağıdır, ümid çıraqlarını sönməyə qoymur. Bu mənada xalq yaradıcılığı bulağından su içməyən Azərbaycan türkünə rast gəlmək mümkün deyil. Yüksək bədiilik, hikmət, sehir, möcüzə, fantaziya düzümlü-biçimili bədii sözlə hələ beşikdə ikən böyüklərin ağzından çıxıb körpələrine qanına, canına, iliyinə süzülür. Müdrik ulularımızın dedikləri kimi: «Uşaq ana bətnində böyüyər». «Uşaq sözün düzünü deyər». «Bugünkü uşaq, sabahkı qoçaq»dır.
Folklor həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təsir göstərir. Böyüklərin oxuduqları mahnılarla ovuna-ovuna, nağıllarla sehir, möcüzə aləminə qovuşa-qovuşa, tapmacalalarla düşünə-düşünə onlar yaratmaq, söz demək həvəsinə düşürlər. Görkəmli rus uşaq yazıçısı Korney Çukovskinin sözləri ilə desək: «…İki və daha böyük yaş dövründə uşaqlar özləri də yaratmağa başlayırlar və həqiqi folklor incilərinin yaradıcısı olurlar». Uşaqların yaradıcılığı bütün zamanlarda böyüklərin yaradıcılığı ilə yanaşı inkişaf edib, bir nəsildən başqasına ötürüldükcə bəzən yaşlılar və ya uşaqları tərəfindən dəyişdirilib cilalanıb, yeni forma və məzmun kəsb edib. Məhz buna görə bir çox hallarda uşaq folkloru böyüklərə aid nümunələrin içərisinə qarışıb. Bu gün bir sıra yanıltmacların, düzgülərin uşaqlar, yoxsa böyüklər yaratdığını düzgün müəyyənləşdirmək çətindir. Ancaq uşaqların yaradıcılığı tükənməzdir, özünəməxsusdur. Zəngin xalq yaradıcılığı xəzinəsində dil və üslub xüsusiyyətlərinə, formasına, məzmununa görə tamamilə fərqlənən elə nümunələr var ki, onlar yalnız uşaqların yaradıcılıq təxəyyülünün məhsuludur. Başqa sözlə, böyüklərin «redaktə»sindən kənarda qalan sırf uşaq təfəkkürünün məhsulu olan poetik əsərlərə də rast gəlmək mümkündür. Beləliklə, uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilib-düzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyabaxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Uşaq folkloru iki istiqamətdə - həm böyüklərin (nağıllar, tapmacalar, laylalar, oxşamalar və s.), həm də uşaqların yaradıcılığı (dolamalar, acıtmalar, öcəşmələr, oyun nəğmələri və s.) hesabına zənginləşir. Bədbinlik, inamsızlıq, ümidsizlik, nigarançılıq, bədbinlik, kədər, faciəlilik tamamilə uşaq folkloruna yaddır. Əksinə, sevinc, fərəh, xoşbəxt gələcəyə inam, nikbin əhval-ruhiyyə, oynaqlıq uşaq folklorunun canını təşkil edir. Uşaq folkloruna aid bədii nümunələr yalnız uşaqların dilində işlənən sözlərdən qurulur (ana nəğmələrindən başqa). Uşaqların başa düşmədiyi ifadələrlə və təsvir vasitələri ilə yüklənmir. Uşaqlar xoşlamadıqları oyuncaqları əllərinə götürmür, ya da tezliklə sındırıb atırlar. Ədəbiyyata, folklora münasibəti də belədir - zövqlərini oxşamayan bədii əsərləri yaddaşralarına həkk etmir, eştimək istəmir və aralarında yayıb yaşatmırlar. Onlar oyunlarla bağlı yaranan xalq yaradıcılığı nümunələrinə daha çox meyl göstərirlər.
Ədəbiyyat və incəsənət (xüsusi olaraq şifahi xalq yaradıcılığı - folklor) milyonlarla adam üçün sevinc və ilham mənbəyidir, onların iradəsini, duyğu və düşüncələrini, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə edən, bəşər övladını ideyaca zənginləşdirən, əxlaqi cəhətdən tərbiyələndirib mənəvi saflığa doğru aparan vasitədir. Bu mənada Azərbaycan türklərinin uşaq folklorunun tədqiqinə böyük ehtiyac duyulur. Təsadüfi deyil ki, dünya xalqlarının əksəriyyətində poetik şifahi xalq yaradıcılığının bu mühüm sahəsi üzrə sanballı elmi-tədqiqat işləri yazılıb. Nədənsə, bizdə bu sahədə fəaliyyət ürəkaçan deyil. XX yüzilliyimn 20-ci illərindən başlayaraq əksər Avropa ölkələrində (Rusiya və keçmiş sovet respublikaaları bu sahədə daha fəal olub) uşaq folkloru bir sıra alim və yazıçının doğma mövzusuna çevrilib. Q.S.Vinoqradov və O.İ. Kapisanın, demək olar, bütün elmi fəaliyyəti rus uşaq folklorunun toplanması, nəşri və tədqiqinə həsr olunub. Sonrakı illərdə isə folklorşünaslarının böyük bir dəstəsi keçmiş SSRİ məkanına daxil olan müxtəlif xalqların uşaq folklorunun aktual problemlərinin həlli üzərində araşdırmalar aparıblar.
Azərbaycanda uşaq folklorunun bizim tədqiqatadək hərtərəfli təhlil edilməməsi təəssüf doğurur. Bu sətirlərin müəllifi 1988-ci ildə «Azərbaycan uşaq folkloru» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, ümumittifaq və respublika mətbuatında elmi məqalələr çap etdirib. Həmin tədqiqat işlərində Azərbaycan uşaq folklorunun şifahi xalq yaradıcılığında yeri müəyyənləşdirilir, xüsusiyyətləri göstərilir: Mənşəyi üzə çıxarılır, inkişafını şərtləndirən amillər müəyyənləşdirilir, toplanması, nəşri və tədqiqi tarixinə nəzər salınır, dövrləşdirilir, hər dövrün özünəməxsus əlamətləri verilir, uşaq folklorunun toplanıb nəşr edildiyi və saxlandığı mənbələr təhlil edilir; uşaq folklorumuzun yaranması, işlənmə dairəsi və funksiyalarına görə təsnif edilir, funksional qruplara bölünür - oyunlarla əlaqədar və oyunlarsız ifa olunan, böyüklər və uşaqlar tərəfindən düzülüb-qoşulan uşaq folkloru nümunələri təhlilə cəlb edilir; laylaların, oxşamaların, sanamaların, düzgülərin, tapmacaların, yanıltmacların, uşaq nağıllarının və s. janrların ideya-məzmunu açıqlanır, uşaqların məişətində tutduğu yer müəyyənləşir; uşaq folklorunu müəyyənləşdirən cəhətləri, eləcə də ayrı-ayrı janrlavrın forma, məzmun, dil və üslub çalarları göstərilir, uşaqlara məxsusluğu elmi dəlillərlə əsaslandırılır; uşaq folklorunun əhəmiyyəti, körpələrin boya başa çatmasında, düzgün tərbiyəsində, hərtərəfli inkişafında rolu şərh olunur. Tədqiqat üçün mənbə kimi XIX yüzilliyin ikinci yarısıfnda rus və Azərbaycan mətbuatında, uşaq jurnalalarında, dərsliklərdə, toplularda çap olunan, eləcə də şəxsi arxivlərdə saxlanan əlyazmalarda toplanmış materiallar, folklor ekspedisiyaları zamanı yazıya alınıb müxtəlif məcmuə və kitablara salınan nümunələr əsas götürülüb. Müəllif özü də uşaqların və yaşlıların dilindən bir sıra uşaq folkloru janrlarını qeydə alıb. Yeri gəldikcə, ayrı-ayrı xalq yaradıcılığı nümunələrinin variantları tutuşdurulub, müqayisələr aparılmaqla mətn dəqiqləşdirilib.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -