Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XVI yüzil - poema janrının Azərbaycan ədəbiyyatında yeni yüksəliş dövrü

15.11.17, 6:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

XII əsrdən başlayaraq Azərbaycan ədbəiyyatında fars dilində yaransa da, poema bir janr kimi özünün çiçəklənmə dövrünü yaşamağa başladı. Ənənəvi başlanğıcla – minacat, nət, mədhiyyə və fəxriyyə ilə başlanan poemalar silsiləsi – N.Gəncəvinin “Sirlər xəzinəsi” (1174-1175), “Xosrov və Şirin” (1181), “Leyli və Məcnun” (1188), “Yeddi Gözəl” (1196), “İsgəndərnamə” (1209) yarandı. XIII əsrdən etibarən farsdilli poemaları yavaş-yavaş ana dilli poemalar əvəz etməyə başladı. Müəllifi bəlli olmayan, məclislər şəklində “Avesta”dan gələn motiv – xeyirlə şərin mübarizəsi fonunda qurulan və Nizami Gəncəvinin məsnəvi-poemalarının aşkar təsiri duyulan “Dastani-Əhməd Hərami”, Qul Əlinin Yusif peyğəmbərlə bağlı Quran ayələri və rəvayətlər əsasında qələmə aldığı “Qisseyi-Yusif” poemaları meydana gəldi. Ana dilində poema yazmaq ənənəsi sonrakı əsrlərdə daha geniş vüsət aldı və poema yaradıcılığında Nizami Gəncəvi ənənələri aşkar şəkildə özünü göstərməyə başladı. XIV əsrdə ana dilində Suli Fəfihin “Yisif və Züleyxa”, Mustafa Zəririn “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşa” poemaları ilə yanaşı, fars dilində Marağalı Əvhədinin “Cami-Cəm” və “Dəhnamə”, Arif Ərdəbilinin “Fərhadnamə”, Əssar Təbrizinin “Mehr və Müştəri” kimi mövzu, məzmun, ideya və sənətkarlıq baxımından bir-birindən fərqli olan poemaları yarandı. Ən maraqlı cəhət bu idi ki, anadilli poemaların bəzilərinin mətninə hadisələrə uyğun olaraq qəzəllər də daxil edilirdi. Məsələn: müəllifi bəlli olmayan “Dastani-Əhməd Hərami” poemasının 3-cü məclisinin “Yalvarış” hissəsinə yeddi beytlik bir qəzəl daxil edilib ki, bundan əvvəlki poemalarda bu hal müşahidə olunmur. Qeyd edək ki, Yusif Məddah da 1369-cu ildə tamamladığı və rəməl bəhrində, məclislər şəklində yazdığı min yeddi yüz beytlik poemasına yeddi qəzəl daxil edib. Bir məsələni də nəzərdən qaçırmayaq ki, bu dövrün poemalarında tarixi süjetlərdən çox, dini-fəlsəfi və əxlaqi-didaktik məsələlər özünə yer almağa başladı.
XV əsrdə Azərbaycan dilində ilk divan müəlliflərindən biri olan Şeyx Səfiəddin Ərdəbilinin böyük oğlu Şeyx Sədrəddin Ərdəbilinin müridi Şah Qasim Ənvarın sufi-panteist poeziyasının parlaq nümunəsi hesab olunan “Ənisül-Arifin” poeması ilə yanaşı, Nizami Gəncəvidən sonra Azərbaycan ədəbiyyatında ilk “Xəmsə” yaradan Əşrəf Marağeyinin poemaları həmin əsrin poemaları barədə müəyyən təsəvvür yaratsa da, məlum olan budur ki, XV əsr ədəbiyyatımızda poema janrı enmə, tənəzzül dövrünü yaşayır.
XVI əsrdən başlayaraq poema janrı yenidən Azərbaycan ədəbiyyatında yüksəliş dövrünü keçirməyə başlayır. Məsnəvi formasında, “aa-bb-cc-çç” qoşa qafiyə sistemi ilə yazılan poemaların mətni içərisinə qəhrəmanların əhvali-ruhiyyələrini göstərmək üçün lirik növün müxtəlif janrlarından – rübai, qəzəl, qəsidə və mürəbbedən istifadəyə daha çox yer verilir və bu da janrın strukturuna bir əlvanlıq gətirir. Şah İsmayıl Xətayinin “Dəhnamə” və Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemalarının mətnindəki məsnəvi arasındakı lirik janrda olan əsərlərin verilməsi (“Dəhnamə”də qəzəllər, “Leyli və Məcnun”da rübai, qəzəl, qəsidə və mürəbbelər) fikrimizi təsdiqləyir. Bundan başqa, zaman keçdikcə ənənəvi başlanğıclarda da – minacat, nət, mədhiyyə, fəxriyyə - nəzərə çarpan dəyişikliklər özünü göstərir. Hökmdarların və şairlərin özlərini tərifi (mədhiyyə və fəxriyyə) yavaş-yavaş arxa plana keçir. Farsdilli poemaları anadilli poemalar üstələyir. Şah İsmayıl Xətainin ana dilində yazılmış “Dəhnamə” (1506), “Nəsihətnamə”, Həqiri Təbri-zinin “Leyli və Məcnun” (1525), Məhəmməd Füzulinin “Bəngü Badə”, “Söhbətül-əsmar”, “Leyli və Məcnun” (1537) və fars dilində qələmə aldığı “Həft cam” poemaları bu dövrün poemaları haqqında geniş təsəvvür yaradır.
XVII əsr Azərbaycan ədəbiyyatında da ideya-məzmun, sənətkarlıq cəhətdən diqqəti cəlb edən bir neçə poema yazılıb ki, onlara Fədai Təbrizinin “Bəxtiyarnamə”, Sadiq bəy Əfşarın “Fəthnameyi-Abbasi-namdar”, Məsihinin “Vərqa və Gülşa”, Saib Təbrizinin “Qəndaharnamə” əsərlərini misal göstərmək olar.
XVIII əsrdə “epik şeirdə ənənəvi mövzulardansa, milli folklordan gələn mövzulara daha çox üstünlük verilir, “Şahnamə” və “Xəmsə” mövzuları nisbətən arxa plana keçir” ki, Məhcur Şirvaninin “Qisseyi-Şirzad” lirik-epik poeması məhz bu motivli əsərlərdəndir. Poema XIX əsr Azərbaycan ədəbiyyatının da aparıcı janrlarından biri olmuş, bu əsrdə fars və doğma Azərbaycan türkcəsində həm Güneydə, həm də Quzey Azərbaycanda kifayət qədər aşiqanə, əxlaqi-didaktik, ictimai məzmunlu və alleqorik poemalar yaranıb. Bunların içərisində Əndəlib Qaracadağinin Füzulinin “Leyli və Məcnun” poemasının təsiri ilə, eyni vəzn və üslubda yazdığı, avtobioqrafik mahiyyət daşıyan, müqəddimə əvəzində kiçik bir saqinamə ilə başlayan “Qisseyi-Leyli və Məcnun”, A.Bakıxanovun farsca yazdığı, ölümündən iki il əvvəl, yəni 1844-cü ildə tamamladığı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Şah Qasim Ənvarın “Ənisül-arifin” əsərlərini xatırladan “Mişkatül-ənvar”, avtobioqrafik səciyyə daşıyan “Miratül-camal”, Mirzə Şəfi Vazehin “Məktubun intizarında”, M.F.Axundovun “A.S.Puşkinin ölümü haqqında Şərq poeması”, Mirzə Mehdi Şükuhinin Füzulinin məşhur “Bəngü Badə” poemasına nəzirə yazdığı “Münazireyi-Əqlü Eşq”, İsmayıl Nakamın “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərinə nəzirə yazdığı, otuz bir mənzum hekayədən ibarət olan “Gəncineyi-ədəb”, “Xosrov və Şirin”ə nəzirə yazdığı “Fərhad və Şirin”, “Leyli və Məcnun” poemasına isə cavab olaraq yazdığı “Məcnun və Leyli”, Məhəmmədbağır Xalxalinin XIX əsr Güney Azərbaycan ədəbiyyatında yaranan realist-satirik poeziyanın müqəddiməsi hesab olunan “Sələbiyyə” poemaları ədəbi aləmdə daha çox tanınıb və sonrakı poemaların yaranmasında əhəmiyyətli rol oynayıb. XX əsr Azərbaycan ədəbiyyatında yaranan poemalar barədə məlumat verməyi artıq hesab edirik. Tədqiqat boyu Güney Azərbaycanda yazılmış poemalara münasibət bildirəcəyimizdən, sadəcə, Şimali Azərbaycanda yaranmış bir neçə monumental poemanın adını çəkməklə kifayətlənəcəyik: Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah”, Hüseyn Cavidin “Azər”, “Peyğəmbər”, “Səyavuş”, Abbas Səhhətin “Şair, şeir pərisi və şəhərli”, Səməd Vurğunun “Muğan”, Süleyman Rüstəmin “Yaxşı yoldaş”, Mikayıl Müşfiqin “Azadlıq dastanı”, Məmməd Rahimin “Leninqrad göylərində”, Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Nəbi Xəzrinin “Günəşin bacısı”, Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “İkinci səs”, “Muğam”, Hüseyn Arifin “Yolda”, Cabir Novruzun“İxtiyarım olsa idi…”, “Azərbaycan”, Sabir Rüstəmxanlının “Didərginlər”, Zəlimxan Yaqubun “Böyük ömrün dastanı”, Nəriman Həsənzadənin “Nəriman”, “Zümrüd quşu”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, Fikrət Qocanın “Xose Risal”, “Li Vi Tom” və s. Siyahını kifayət qədər artırmaq da olar.
Deməli, fil.ü.e.d., prof. Rafiq Yusifoğlunun bu qənaəti poemanın inkişaf tarixi boyu öz parlaq təsdiqini tapıb: “Poema Azərbaycan, eləcə də dünya ədəbiyyatı tarixində ən qədim və ən müasir janrlardan biridir. Epik və lirik, tənqid, tərənnüm və təhlil vasitəsilə həyatın ən dərin qatlarını açan, tarixin ibrət dərslərini, insan məişətinin mənəvi-əxlaqi ahəng və təzadlarını, cəmiyyət və təbiət problemlərini aşıqlayan süjetli, obrazlı, emosional bədii formadır. Əsrlərin sınağından uğurla çıxmış bu janr XX əsr Azərbaycan ədəbiyyatı tarixində də aparıcı yerlərdən birini tutmuşdur. Necə deyərlər, “yüz ildə də poeziya öz iri addımlarını poema ilə atıb”.
Verdiyimiz qısa məlumat, adlarını çəkdiyimiz nümunələr poema janrının keçdiyi tarixi inkişaf yolunu, bu yanrın ədəbiyyatımızdakı mövqeyini, bədii imkanlarını, sənətkarlıq xüsusiyyətlərini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əsərlərin həcmi, mövzuların bədii həlli, təhkiyə və tərənnüm üsulu poemanın şifahi xalq yaradıcılığının əsas janrlarından olan dastanlarla birbaşa bağlılığını bir daha təsdiq edir. Qeyd olunduğu kimi, klassik ədəbiyyatda poemalar əksər hallarda dastan adlandırılıb. Buradan belə bir nəticəyə gəlirik ki, şifahi, yəni ağız ədəbiyyatında dastan kimi tanınan əsər, yazılı ədəbiyyatda elə poemadır. Deməli, poemanın epik şeir adlandırılması təsadüfi xarakter daşımır.


Esmira Fuad
ədəbiyyatşünas-publisist
----------------


“Oğuzlar” və “Oğuznamə” kitablarının təqdimatı olub

AMEA Naxçıvan Bölməsində görkəmli türkoloq, professor Faruq Sümərin “Oğuzlar” və Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitablarının təqdimatı olub. Bölmənin informasiya şöbəsindən bildirilib ki, təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək kitabların və mütaliənin insan həyatındakı rolundan danışıb. Alim sözügedən nəşrlərin türk xalqlarının tarixi, mədəniyyəti, həyat tərzi və adət-ənənələri barədə oxucuya müfəssəl məlumat verdiyini bildirib. Akademik hər iki əsərin gənclər üçün əvəzsiz mənbə olduğunu vurğulayıb.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin “Oğuzların tarixinə həsr olunmuş sanballı əsərlər” mövzusunda məruzələri dinlənilib.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomastika şöbəsinin müdiri Firudin Rzayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin müdiri İlhami Əliyev çıxış edərək, hər iki əsərin elmi dəyərindən söz açıblar. Qeyd olunub ki, professor Faruq Sümərin “Oğuzlar” kitabı XVI əsrdə Anadoluda Oğuz boylarına aid yer adları və Türkmən oymaqları ilə birgə siyahılar adlı əlavələrdən ibarətdir. Fəzlullah Rəşiddədinin “Oğuznamə” kitabı haqqında da ətraflı məlumat verilərək bildirilib ki, əsər türk xalqlarının tarixinin öyrənilməsində etibarlı və əsas mənbələrdən biridir.

Bu xəbər oxundu
- - -