Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğanın ABŞ mesajı: Türkiyə sərhədində nə baş verir?

15.11.17, 8:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın Suriya ilə bağlı siyasətini sərt tənqid edib və hər iki ölkənin qoşunlarının Suriyadan çıxarılmasının vacib olduğunu bildirib. Ərdoğanın fikrincə, Yaxın Şərq problemlərinin hərbi yolla həlli doğru deyil.
Maraqlı məqam Ərdoğanın Suriya məsələsində ABŞ və Rusiyanı eyni anda tənqid etməsi oldu. Bu tənqidin Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl səsləndirilməsi kifayət qədər diqqət çəkib.
Məsələ ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, hazırda supergüclərin qarşıdurması Suriyada proseslərin ləng inkişaf etməsinə, bəzi yerlərdə hətta qarşıdurmaların da yaranmasına səbəb olur. Ərdoğan bu mənada yeni bir ideya irəli sürür. Onun ideyası isə Rusiya və ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarması ilə həm ətraf dövlətlərin, həm də bölgənin özünün prosesləri daha sürətlə nizamlaya biləcəyindən ibarətdir: “Doğrudur, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu əlavə izah verərək, Ərdoğanın söylədiklərini bir qədər yumşaltmağa çalışdı. Amma Türkiyə üçün Rusiyanın və Amerikanın buradakı hərəkətləri heç də ürəkaçan deyil və proseslərin inkişafına yardım göstərmir. Məsələn, ABŞ bölgədə hazırda Türkiyə üçün təhlükə kəsb edən bir sıra hərəkətlər edir. O, burada olan bütün kürd qüvvələri “Demokratik Qüvvələr” adı altında birləşdirərək, onları silahlandırır. Hətta Türkiyənin pilotsuz uçuş aparatları vasitəsilə Afrin və Türkiyəyə yaxın sərhəd bölgələrində ABŞ-ın kürdlərə müasir hərbi ləvazimatlar və ağır texnikalar göndərdiyi müəyyən edilib. Bu da onu göstərir ki, kürdlər və ABŞ burada sürətlə ordu quruculuğu ilə məşğul olurlar. Bu, həm də Suriyanın ərazi bütövlüyü üçün təhdiddir. Çünki onlar tez-tez Suriyanın federallaşdırılmasından və buradakı kürdlərə də bəlli bir muxtariyyət və dövlət qurumu yaratmalarına izn verilməsindən danışılır”.
Politoloq onu da vurğulayıb ki, Suriyadakı kürdlər də “müstəqillik iddiası” səsləndirə bilər: “Çünki İraq Kürd Muxtariyyətində olduğu kimi, buradakı kürdlər də hücumlar təşkil edərək, müəyyən əraziləri tuturlar və həmin əraziləri kürd bölgəsi hesab etməyə başlayıblar. Məsələn, Rakkanın tutulmasında da kürdlər müəyyən rol oynadı. Rakka tutulduqdan və oradan İŞİD-in son üzvü qovulduqdan sonra da kürdlər həmin bölgədə qalırlar. Xatırlayırsınızsa, hətta onlar Rakkadan İŞİD-in son üzvünü çıxardıqdan sonra burada böyük bir bayram şənliyi təşkil edərək, Abdullah Öcalanın portretini şəhərin baş meydanından asmışdılar. Bütün bunlar dünya mediasında yayıldı. Daha sonra Türkiyə buna görə ABŞ-a etiraz etdi. Bütün bunlar onu göstərir ki, ABŞ Türkiyə ilə münasibətləri soyuduqca bölgədə Türkiyəyə alternativ bir dövlət, yaxud da muxtar qurum formalaşdırmağa çalışır”.
Q.Hüseynli Suriyanın şimal bölgəsinin demək olar ki, bütünlüklə ABŞ-ın və kürdlərin nəzarəti altında olduğunun Türkiyə üçün təhdidlər yarada biləcəyinə də toxunub. Bildirib ki, məhz bu nəzarət hesabına onlar burada 6 hərbi baza qura biliblər: “Həm də burada hərbi hava bazalarının yaradılmasının ilkin addımları olan xüsusi uçuş meydançalarının tikilməsi prosesi də sürətlə gedir. Artıq bir neçə ağır təyyarənin enməsini təmin edəcək uçuş meydanlarının hazırlanıb amerikalılara təhvil verilməsi ilə bağlı məlumatlar da var. Bütün bunlar Türkiyə üçün böyük təhlükədir. Ərdoğanın Soçiyə səfəri, Putinlə görüşməsi, Suriya məsələsini müzakirə etməsi elə bu proseslərdən irəli gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın və ABŞ-ın öz qoşunlarını Suriyadan geri çəkməsi ilə bağlı bəyanatı daha çox ABŞ-a istiqamətlənmiş mesajdır. Çünki Türkiyənin sərhədlərinə yaxın bölgələrdə ABŞ daha fəaldır və kürdlərin olduğu bölgəyə ABŞ-ın yardımı daha çoxdur. Bu nöqteyi-nəzərdən Türkiyə daha çox ABŞ-dan ehtiyatlanır və bu qarşıdurma getdikcə artır. Rusiyanın özü də Suriyada müəyyən aktiv fəaliyyətindən sonra son zamanlar yalnız raket atəşləri ilə bəzi bölgələrin vurulması hesabına öz fəallığının qaldığını nümayiş etdirməyə çalışır. Amma bütövlükdə Amerikanın bölgədə təsir qüvvəsi daha da artır. Rusiyanın iqtisadiyyatında olan çətinliklər Suriyadakı qoşunları geniş miqyasda maliyyələşdirməyə imkan vermir. Çox güman ki, Ərdoğan Rusiyanın hərbiçilərini bu bölgədən geri çağırması ilə bağlı bəyanatı ilə ya rusların daha aktiv fəaliyyətə keçməsini, ya da onların bölgəni tərk etməsi ilə ABŞ-ın da buranı tərk edəcəyi şüarını gündəliyə gətirir. O, bununla bölgə əhalisini bu istiqamətə kökləməyə çalışır”.

Bu xəbər oxundu
- - -