Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Müəllimə öyrənmək heç vaxt gec deyil”

16.11.17, 12:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayevin apasport.az saytına müsahibəsi

- Kiprin Larnaka şəhərində keçirilən Avropa birinciliyində 2 medal qazandız. Bəhruz Quluzadə çempion tituluna yiyələndi, Cavad Ağayev üçüncü pilləni tutdu. Yarışla bağlı təəssüratlarınız necədi?
- Komandamız yarışda 11 oğlan və 7 qız idmançı ilə təmsil olunurdu. Medallarımızın sayı daha çox ola bilərdi. Təxminən 5 əlavə mükafat qazanmaq gücündə idik. Lakin təcrübəsizlik baxımından idmançılar bunu əldə edə bilmədilər. 45 kq çəki dərəcəsində mübarizə aparan Quluzadə 5 rəqibini məğlub edərək, Azərbaycan himnini səsləndirdi. Onun 2001-ci il olması gələn il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakına və uğur qazanacağına da böyük ümid verir. Ağayev ondan 1 yaş kiçikdi və o da Olimpiadada mübarizə apara bilər. Təbii ki, bu da bizi sevindirir.
- Digər taekvondoçularımızın medal qazana bilməməsində təcrübəsizliyin rolunu vurğuladız. Kimlərdən uğur gözləyirdiz ki, bunu reallaşdıra bilmədilər?
- İdmanda proqnoz olmur. Larnakaya apardığımız hər bir taekvondoçudan medal gözləyirdik. Əsas odu ki, onlar öz güclərini normal göstərə bildilər. Döyüşdə bir güclü, digəri zəif olar, bu, adi hadisədi. Amma ümumi götürsək, oğlanların komandası daha güclü idi.
- Uzun müddətdi Azərbaycan taekvondosuna xidmət edirsiz. Hazırda bu idman növünün bu gününü necə qiymətləndirərdiz?
- Ən böyük uğurumuzu Rio-2016-cı ildə əldə etdik. Radik İsayev Olimpiya çempionu tituluna yiyələndi. Amma onadək də möhtəşəm qələbələrimiz var. Taekvondo bu gün Azərbaycanda inkişaf edən növlər sırasında birincilərdəndi. Çünki taekvondomuzda Olimpiya medalı çatmırdı ki, artıq o da varımızdı.
- Rəhbərlik etdiyiniz komanda əsas yığmanın bazası hesab edilir. Gənclərdən ibarət millidə böyük yaş qrupuna hazır saydığınız idmançı varmı?
- Nəsildəyişmə getdiyindən komandamız yeni idmançılardan təşkil olunub. Bunadək millimiz lazımı uğurlar əldə edib. Nanjinq-2014-də 1 qızıl və 1 gümüş medala sahib olmuşuq. Avropa çempionatında da uğur qazanmışıq. Qələbələrimiz həmişə olub. Bir komandada 5-6 il işləmirsən. Bunlar ən çox 2,5 il gənclərdə döyüşürlər. İnanıram ki, gələcəkdə əsas milliyə yaxşı idmançılar verəcəyik. Bu gün həmin komandadakıların hamısı gənclərdən gediblər. Yenə də böyük yaş qrupuna keçə biləcək güclü taekvondoçularımız var. Avropa birinciliyində medal qazanan 2 idmançımız da təxminən 1 ildən sonra əsas yığmada öz sözünü deyə biləcək uşaqlar olacaq. Qaşım Maqomedovla Ələsgər Ağayev də bir qədər öncə respublika çempion adını qazanaraq, əsas milliyə keçiblər və özlərini yaxşı tərəfdən göstərirlər.
- Adlarını çəkdikləriniz taekvondoçular əsasən aşağı çəki dərəcələrində güclərini yoxlayırlar. Bəs ağır çəki dərəcələrində vəziyyət necədi?
- Yaxşıdı deyə bilməyəcəm. Respublika çempionatında dayanq üzərinə çıxan idmançılarımız var, amma böyüklərə keçə biləcək taekvondoçumuz yoxdu. Avropa birinciliyinə də ağır çəkidə idmançı aparmışdıq, amma nəticə göstərə bilmədi. Bu da gendən irəli gəlir. Bizdə çox hündürboy və ağır çəkili yeniyetmələr demək olar ki, hazırlığa gəlmirlər. 80 kq-dək elə də ciddi çətinlik yaşamırıq. Lakin ondan ağır çəki dərəcələrində problemlər yaşanır.
- Bəs sizin üçün – yeniyetmələrdən ibarət komandamızda ehtiyat qüvvə yetişirmi? Bu komandada vəziyyət necədi?
- Bəli, yeniyetmələr idmanın bünövrəsidi. Onlar dünya birinciliyindən bir bürünc medalla qayıtdılar. Amma komanda çalışır ki, bizə yaxşı idmançılar versin. Hərdən onları qıraqdan izləyirəm və bu gününü qənaətbəxş hesab etmək mümkündü.
- Siz əsasən oğlan taekvondoçulardan danışdız. Bəs sabah Fəridə Əzizova, Patimat Abakarovanı əvəzləyə biləcək qız idmançıların durumu nə yerdədi?
- Onlarda da vəziyyət yaxşıdı. Hazırda Olimpiada lisenziyası üçün onlar arasında seçim də edirik. İnanıram ki, 2 ildən sonra həmin ümid bəslədiyim qızlar böyüklərdə normal çıxış edə biləcəklər. Onların Azərbaycanı gələcəkdə uğurla təmsil etməsinə çalışırıq. Amma bir az təcrübə də vacibdi. Axı, 1 turnir millinin təxminən 1 aylıq təlim-məşq toplanışına bərabərdi. Mütəxəssislər də mənimlə razılaşarlar. Çünki yarışda idmançının çatışmazlıqlarını görüb, üzərində işləmək daha asandı. Fəridə Əzizovanı da biz yetişdirmişik, yeniyetmələrdən gələn idmançıdı.
- Maraqlıdı, seleksiya işlərini necə aparırsız? Yalnız birinciliklərdəki nəticələrə əsaslanırsız, yoxsa təsadüfi məğlubiyyətləri nəzərə almırsız?
- Düz qeyd etdiz. Mən şəxsən heç vaxt respublika birinciliklərinin nəticələrinə baxmıram. Mümkündü ki, hansısa idmançı təsadüfən də çempion ola bilər. Biz rayonlara səfər edib, orda bəyəndiklərimizi komandaya gətiririk. Onları da bir-bir “ələyirik”. Məsələn, sabah Qəbələyə yola düşürəm. Orda beynəlxalq turnir olacaq. Yarışda Buenos-Ayres-2018 üçün lisenziya çəkilərinə diqqət yetirəcəm. Ölkə birinciliklərində də mümkündü ki, püşkdə bəxti gətirmir və çempiona uduzur. Mən onu da yığmaya dəvət edirəm. Sonuncu Avropa birinciliyində 45 kq çəki dərəcəsində mübarizə aparan Ayaz Qəmbərli Kanadada dünya üçüncüsü olmuşdu, amma gəldi respublika çempionatında uduzdu. Mən onu komandada saxladım və məşqlərdə yoxladım. Qəmbərli də özünü doğrultdu. Yaxud 73 kq-da ölkə çempionu olmayan idmançını milliyə dəvət edib, sınadım. Gördüm ki, onun da perspektivi var və Kiprə apardıq. Bəzən seçimi elanla da edirik.
- Buenos-Ayresdə baş tutacaq Olimpiadaya neçə lisenziya qazanmağı planlaşdırırsız?
- Bu yarış gələn il apreldə Tunisdə olacaq. Vəsiqələr dünya birinciliyinin ilk günündə öz sahiblərini tapacaqlar. 2014-cü ildə biz Nanjinqdə möhtəşəm qələbə qazanmışdıq. Ona görə möhtəşəm deyirəm ki, həmin vaxtadək Olimpiya medalımız yox idi. Birinci mükafatı gənclərdən ibarət komanda verdi. Ötən yarışla müqayisədə bu dəfə millimiz yenidi. Amma çalışacağıq ki, maksimum vəsiqə qazanaq. Ardınca Olimpiadada nəticə vermək olar. Hələlik hansı çəkilərdə lisenziyaya iddia edəcəyimizi müəyyənləşdirməmişik. Dekabra planlaşdırdığımız respublika birinciliyində həm dünya çempionatı, həm də Olimpiada üçün heyəti dəqiqləşdirəcəyik.
- Əsas yığmanın baş məşqçisi Reza Mehmandostla necə, fikir mübadiləsi aparırsızmı? O, sizə hansısa tövsiyələr verir?
- Bəzən gənclərlə böyüklər millilərini bir araya gətiririk. Onlar təcrübəlidi və bu bizim üçün faydalı olur. Müəllimə öyrənmək heç vaxt gec deyil. Azərbaycan taekvondosunun uğurları üçün çalışırıqsa, istər mən, istərsə də bütün həmkarlarım bir-birimizə kömək etməliyik.

Bu xəbər oxundu
- - -