Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkələrimiz uzunmüddətli ikitərəfli münasibətlərə malikdir”

17.11.17, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi: ”Bu münasibətlərdə energetika aparıcı rol oynayır”

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən xanım Syu Saarnionun Trend-ə açıqlamasını təqdim edirik.
S.Saarnio deyib: “ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrinin icraçısı kimi mən ABŞ və Azərbaycan üçün ümumi maraq doğuran enerji məsələlərini müzakirə etməkdən məmnunam. Ölkələrimiz uzunmüddətli ikitərəfli münasibətlərə malikdir və bu münasibətlərdə energetika aparıcı rol oynayır”.

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında irəliləyiş

Xüsusi elçi qeyd edib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək:“Layihənin reallaşdırılmasında böyük irəliləyişlər əldə edilib. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi və Transanadolu boru kəmərinin (TANAP) tikintisi demək olar ki, başa çatıb. Bundan başqa, Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin reallaşdırılmasında, xüsusilə də Yunanıstan və Albaniyada mühüm irəliləyiş əldə edilib. TAP-ın İtaliya sahəsinin tikintisində də yaxşı nəticələr müşahidə olunur. Burada əvvəlcə müəyyən çətinliklər qeydə alınmışdı. Biz əvvəlki kimi əminik ki, Türkiyəyə qaz tədarükü 2018-ci ildə, İtaliyaya isə 2020-2021-ci illərdə başlayacaq”.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu

S.Saarnionun sözlərinə görə, Avropa İttifaqının (Aİ) bir çox üzvü qəbul edir ki, təbii qaz tədarükü üzrə bir mənbədən asılılıqları onları ciddi siyasi və iqtisadi risklərlə üz-üzə qoyur. Ona görə də onlar mənbələrin və tədarük marşrutllarının diversifikasiyası yolu ilə bu asılılığın azaldılması üçün tədbirlər görməlidir: “Aİ-də maye qaz terminalının, eləcə də yenidən qazlaşdırma və qazın saxlanılması üçün üzən qurğuların inşasına baxmayaraq, “Cənub Qaz Dəhlizi” Avropaya qaz tədarükü üçün yeni mənbə və marşrutları təmin edəcək yeganə iri boru kəməridir”.
O qeyd edib ki, bu son dərəcə vacib layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, İtaliya, Böyük Britaniya və bir sıra digər ölkələrin dövlət və özəl sektorlarından çoxsaylı maraqlı tərəflərin razılığa gəlməsi və daimi səyləri olmadan reallaşdırıla bilməzdi.
Xüsusi elçi deyib ki, ABŞ hakimiyyəti bundan əvvəl Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində olduğu kimi, ilk günlərdən “Cənub Qaz Dəhlizi”ni qətiyyətlə dəstəkləyib:“2017-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına Azərbaycan neftinin iki milyardıncı tonu tədarük olunub. “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Ceyhan bizim diqqəti ümumi məqsədlərə cəmləyərək birlikdə nəyə nail olduğumuza aydın nümunədir”.
S.Saarnio bildirib ki, “Cənub Qaz Dəhlizi”nin “Şahdəniz 2”-dən qaz tədarükü üzrə birinci mərhələsi yalnız başlanğıcdır:“Müəyyən şəraitdə "Cənub Qaz Dəhlizi" Azərbaycandan əlavə həcmlərin, eləcə də Şərqi Aralıq Dənizi və ya Türkmənistandan yeni həcmlərin tədarükü üçün genişləndirilə bilər. Beləliklə, "Cənub Qaz Dəhlizi" regionda pozitiv əməkdaşlıq üçün əsas olmaqla yanaşı, Avropanın uzunmüddətli enerji təhlükəsizliyini təmin edə bilər".

“Azəri-Çıraq-Günəşli” üzrə yeni saziş

S.Saarnio qeyd edib ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən andan Azərbaycan dünya bazarlarına böyük həcmdə neft göndərib. Xəzərdə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılması Azərbaycanın Avropa və dünya bazarlarında əsas neft tədarükçüsü kimi qalmasına kömək edəcək.

Bu xəbər oxundu
- - -