Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan- Avropa İttifaqı arasında münasibətlər inkişaf edəcək”

17.11.17, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Milli Məclisin plenar iclası keçirilib. Gündəliyə 30 məsələ daxil edilib. Deputatlar Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında” qanunlarda dəyişiklikləri müzakirə edəiblər. Bundan başqa, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Bank olmayan kredit təşkilatları haqqında”, “Avtomobil yolları haqqında”, “Reklam haqqında”, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında” və digər qanunlarda dəyişikliklərlə bağlı layihələr də müzakirəyə çıxarılıb.
Millət vəkilləri gündəliyə keçmədən öncə cari məsələlər barədə müzakirələr aparıblar.
Millət vəkili Fazil Mustafa deyib ki, bu gün (17 noyabr) Milli Dirçəliş günüdür: “Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Bu il AXC-nin 100 illiyi tamam olur. Ölkə başçısı bununla əlaqədar vaxtında və yerində müvafiq sərəncam verdi. Bununla da cənab prezident AXC-nin 100 illik yubleyinin keçirilməsi ilə bağlı öz həsasslığını göstərdi”.
Deputat bildirib ki, Cümhuriyyətin yubileyinə 6 ay qalır: “Biz qurumlar və cəmiyyət olaraq bu həsasslığı göstərə bilmirik. Bununla bağlı Milli Məclisin qərarı olmalıdır. Tədbirlərin Gəncədə və sair yerlərdə keçirilməsi ilə bağlı. Bununla cəmiyyət də görməlidir ki, Cumhuriyyətin 100 illiyi ilə bağlı qanunverici orqanda da işlər görülür. AXC-nin tarixində xüsusilə də iki şəxsiyyətin adını qeyd etmək istərdim.
Bunlar Məhəmməd Əmin Rəsulzadə və Nuru paşadır”. Deputat bildirib ki, həmkarı Qüdrət Həsənquliyevlə birgə baş nazirə müraciət ediblər ki, Nuru paşaya heykəl qoyulsun: “Biz Nuru Paşanın abidəsinin qoyulması üçün Baş nazirə müraciət etmişik. Amma hələ ki, bir cavab ala bilməmişik. Məhəmməd Əmin Rəsulzadənin isə Novxanıda yaşadığı ev bağçaya çevrilib”.
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, AXC-nin 100 illik yubileyi ilə bağlı artıq işlər gedir və vaxtı gələndə isə nəticələr görünəcək.
Deputat Azay Quliyev deyib ki, vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışır. O bildirib ki, hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərir: “Həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilirlər. Onlar kimlərdir? Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyənlərdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Hansı ki, bu təşkilat Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq edilməsini tələb edir. Bu təşkilatların sırasında Sorosun da dəstəklədikləri var. O Soros ki, biz onu 7-8 il öncə qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq. İki ay öncə Avstriya eyni addımı atdı. Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Amma Azərbaycan bu addımı atanda, Azərbaycan-Avropa İttifaqına münasibətlərinə xələl gətirmək istəyən həmin qüvvələr bizə irad bildirirdilər. Belə bir həssas məqamda Azərbaycan qarşı aparılan bu kampaniya davam etdirilir. Ancaq, bütün bunlara baxmayaraq, Azərbaycan- Avropa İttifaqı arasında münasibətlər inkişaf edəcək və biz qarşımızda duran hədəflərə çatacağıq”.
Deputat Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycan qarşı qərəzli hücuma keçiblər: “Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”. Deputat bildirib ki, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb: “Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qərəzli mövqenin nümayişdir”.
Məlahət İbrahimqızı Milli Məclisin sədrindən Avronest Parlament Assambeyasının nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.
Millət vəkili Zeynəb Xanlarova isə aktyor Rasim Balayevlə bağlı danışıb: “Ataların bir sözü var. “Desəm öldürərlər, deməsəm ölləm!”. Mən, mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Amma həkim aktyora dərmən yazıb, onu almağa pulu yoxdur”. Deputat üzünü Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinə tutaraq deyib: “Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.
Millət vəkili Qənirə Paşayeva isə onlara verilən tapşırıqları qəhrəmancasına yerinə yetirən və düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələ qaldırıb: “Bu qəhrəman şəhidlərimizin ailələri ilə görüş zamanı onlar xahiş etdilər ki, övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin. Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdi. "Azərbaycan Bayrağı" ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm. 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçələr, meydanlar var, bu küçə və meydanlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri üçün deyil, bütün cəmiyyətimiz üçün də vacib bir məsələdir. Cənab Prezidentin daima şəhidlərimizə və qəhrəmanlarımıza yüksək səviyyədə münasibətini xüsusi vurğulayaraq inanıram ki, 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanuna bir sıra əlavələr ediləcək və bölgələrdə küçələrə, meydanlara, məktəblərə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə ölümündən sonra bir dəfə ordenə layiq görülmüş qəhrəmanların adlarının da verilməsi qanunda öz əksini tapacaq və yaxın zamanda həyata keçəcək. Qəhrəman şəhidlərimizin ailələri Milli Məclisdə bu xahiş və təkliflərini çatdırmağımızı xahiş etdilər və biz bu təklifin əsaslı olduğunu nəzərə alaraq inanırıq ki, Milli Məclisdə qısa zamanda bu istiqamətdə addımlar atılacaq. Eyni zamanda həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfər yaralı olaraq xilas olub və həmin xəstə qardaşımıza daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini buradan səsləndirmək istəyirəm".
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Qarabağla, aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb: “Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu işlər elə də böyük bir maliyyə tələb etmir ki, televiziyalar həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır”. Komitə sədri bildirib ki, aprel döyüşlərində iştirak etmiş qəhrəman şəxslərin hər birinin həyatı böyük bir filmdir: “Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalara çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum-Reklam Agentliyi də bu məsələyə öz töhfəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır”.
Deputat Zahid Oruc bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib: “Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir”.
Deputat bildirib ki, kimsə ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz: “Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar”.
Qeyd edək ki, müzakirə olunan qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli

Bu xəbər oxundu
- - -