Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilərin etirafları səmimiyyətdən yox, həqiqət qarşısında aciz qalmalarından irəli gəlir

20.11.17, 7:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Çağdaş dövrdə ermənilər daha səylə Azərbaycana, ümumən Türk Dünyasına qarşı mənəvi terrora keçiblər. Mərhum professor İsrafil Abbaslının uzun illərin əziyyətinin bəhrəsi kimi işıq üzü görmüş «Azərbaycan həqiqətləri» kitabında ermənilərin tanınmış adamlarının fikirləri toplanıb. Kitabda ermənilərin öz diliylə sifəti açılır, özlərinin vaxtilə türk milləti, konkret Azərbaycan türklərinin bir xalq olaraq böyüklüyü haqqında etirafları təqdim olunur. İsrafil Abbaslı ilə bu mövzuda söhbətlərim olmuşdu. Onun sözügedən mövzuda gördüyü işlər gərəkli, xəlqi idi. «Azərbaycan həqiqətləri» adlı kitabının məğzi barədə deyirdi ki, ermənilərin zaman-zaman türkün böyüklüyü haqqında söylədikləri onların səmimiyyətindən yox, həqiqət qarşısında aciz qalaraq etiraf etmələrindən irəli gəlir: «Biz bir xalq olaraq özümüz haqqında çox sözlər deyə bilərik. Özümüzəməxsus cəhətlərimiz təbii ki, çoxdur. Ancaq ermənilərin dedikləri bizim üçün çox maraqlıdır. Bu faktların təqdimindən sonra bu gün «erməni xalqının, erməni ictimaiyyətinin» əlləri boşda qalır. Kitabla tanış olacaq istənilən millətin nümayəndəsi ermənilərin sifətini daha yaxından tanıyacaq». Kitabda 40-a kimi erməni ədəbi fikir nümayəndələrinin, müxtəlif qaynaqlarda Azərbaycan haqqında etirafları toplanıb. İsrafil Abbaslı uzun illər ərzində bu faktları toplamış, qərara gəlmişdi ki, kitab halında çap eləsin.
Neçə yüzillər əvvəldən ta son dövrə kimi ermənilərin tanınmış adamlarının Azərbaycan xalqı, onun zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və sair haqqında söylədikləri diqqəti çəkir. Bunlardan biri Arakel Təbrizli 1-ci Şah Abbasın zamanında yaşayıb. İ.Abbaslı Azərbaycan tarixi, Koroğlunun bir tarixi şəxsiyyət olması barədə danışırdı: «XIX yüzilin birinci yarısında yeni realist erməni ədəbiyyatının yaradıcısı Xaçatur Abovyan publisist yazılarında Azərbaycan türkcəsi, tarixi, mədəniyyəti, folkloru haqqında yüksək fikirlər söyləyir. Abovyan etiraf eləyir ki, ermənilərdə bayatı deyilən bir şey olmayıb, biz bayatıları qonşularımız türklərdən götürmüşük. Abovyan bayatının çox gözəl, oynaq janr olduğunu, oxuyarkən insana misilsiz zövq verdiyini bildirir. Etiraf edir ki, erməni dili bayatıdan sonra çox şirinləşib. Azərbaycan Türkcəsi haqqında danışan Abovyan bu dilin hər mənada zənginliyini dilə gətirir, deyir ki, ermənilərdə folklor nümunələri birbaşa türkcə ifadə olunur. Aşıq sənəti, onun özünəməxsusluğu haqqında da danışır, deyir ki, qabaqlar ermənilərdə ermənicə dastan danışmaq, şeir demək ənənəsi yox idi. Abovyan etiraf edir ki, bunu da Azərbaycan Türklərindən götürmüşük. Qeyd edir ki, ermənilər uzun dövr ərzində Azərbaycan dastanlarını elə türk dilindəcə söyləyiblər, yaddaşlarında yaşadıblar».
XIX yüzildə yaşamış digər tanınmış ermənilər də bu mənada ciddi etirafda bulunublar. Nalbandyanın fikrinə görə, Tarverdiyan adlı Azərbaycanın folklor materiallarını nəşr edən folklorçu yazır ki, Azərbaycan Türkcəsində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən artıqdır. Bu fakt bir daha onu sübut eləyir ki, erməni aşıqları Azərbaycan Türkcəsində yaşayıb-yaradıblar. Ermənilər etiraf eləyirlər ki, elə aşıqlar var, ancaq sırf Azərbaycan Türkcəsində yazıblar. Tarverdiyan yazır, bu aşıqları ona görə erməni adlandırmaq olar ki, onlar erməni ailəsində anadan olublar, amma yaratdıqları Azərbaycan mədəniyyəti xəzinəsinə daxildir. Ermənilərin tanınmış araşdırıcıları etiraf edirlər ki, Azərbaycan türk xalq havaları, Koroğlu havaları onların musiqisinin formalaşmasına müstəsna təsir edib. Tarverdiyan daha sonra yazır ki, Avropa klassik musiqisi Qafqaz xalqları, o cümlədən ermənilər üçün təzədir, amma türk xalq nəğmələri tarix boyu yaşayaraq digər xalqlara, o cümlədən ermənilərin musiqi yaradıcılığına ciddi, təkanverici təsir edib. Araşdırmaçı erməni xalqının Azərbaycan mahnılarına vurğunluğundan yazır».
XIX yüzil yeni realist erməni ədəbiyyatının davamçılarından olan Ağayanın Azrbaycan ədəbiyyatı, mədəniyyətini təqdir edən xeyli qənaətləri var. Ermənilərin bolluca etiraflarının bulunduğu «Azərbaycan həqiqətləri» kitabının tərtibçisi İsrafil Abbaslı müxtəlif illərdə ermənicə, rusca çap olunmuş kitablardan topladığı sitatları aydınlığı ilə — səhifəsinə kimi göstərib: «Bu etirafları kitabda verilən mənbələrə əsasən tapıb tutuşdurmaq olar. Haxverdiyanın 1852-ci ildə Sayat Nova haqqında kitabı çıxıb, orada bu, Azərbaycan aşıq sənəti haqqında yüksək fikirlər söyləyir. Onun fikrini kitabda vermişəm. 1912-ci ildə erməni aşıqları ilə bağlı İzmirdə kitab çıxıb. Kitabın tərtibçisi xristianşünas olub. Tərtibçi kitabda həm ermənicə, həm də tükcə yazan erməni aşıqlarının şeirlərini çap edib. Araşdırmaçı müqəddimədə aşıq şeir şəkillərinin adlarını geninə-boluna çəkdikdən sonra yazır ki, bunların hamısı mənşə etibarilə türkcədir, türklərindir. 80-ə yaxın aşıq musiqisi havalarının tamamilə türkcə olduğunu yazır, etiraf edir ki, ermənilər bunların adlarını türklərdən götürüblər, bizdə bunların adları yoxdur. Bir sözlə, ermənilərin etirafları bitib-tükənmir. Emənilərin tanınmışları Azərbaycanın məşhur klassikləri Nizami, Nəsimi, Füzuli haqqında, habelə Azərbaycan bayatıları ilə bağlı etirafda bulunublar».
Avetik İsakyanın Azərbayan bayatılarının ermənicə nəşrinə yazdığı müqəddimə çox maraqlıdır: «Bu, ermənilərin tanınmış yazıçısıdır. İsaakyan yazır ki, Leninakanda (yəni keçmiş Gümrüdə - red.) uşaq vaxtı Arpaçayın sahilində oynayırdıq. Yazır ki, o vaxtı sonradan həyat yoldaşım olacaq qızı istəyirdim. Deyir mən qıza Füzulinin bir qəzəlini söylədim, bunu deyəndə qızın üzü qızardı. Bu, o deməkdir ki, ermənilər həmişə Azərbaycan Türkcəsini gözəl biliblər, hər addımda Azərbaycan mədəniyyətindən, incəsənətindən bəhrələniblər. «Nizami Gəncəvi və erməni ədəbiyyatı» mövzusunda araşdırmada ermənilərin Nizami irsindən nə dərəcədə geniş bəhrələnməsi ifadəsini tapıb. Bütün bunlar isə Azərbaycan Türk mədəniyyəti, ədəbiyyatı, musiqisi, bir sözlə, özünəxməsusluğu, bənzərsizliyi haqqında ermənilərin etiraflarıdır. Manuk Abevyan tanınmış ədəbiyyat tarixçisi olub, 6 cildlik «Erməni ədəbiyyatı tarixi»ni yazıb. Qədim dövrlə bağlı yazır ki, erməni dili mürəkkəb sözlər sarıdan zəifdir, kasıbdır. Erməni dilinin bir sözünün neçə məna çaları yoxdur, ancaq türk dilində belə cəhətlər çox zəngindir. Ona görə də araşdırmaçı erməni qələm adamlarının Azərbaycan Türkcəsində yazıb-yaratmasını təbii qanunauyğunluq sayır».
İ.Abbaslı deyirdi ki, «bunların hamısı erməni etiraflarıdır. Bu həqiqətlərə qarşı ermənilər heç bir söz deyə bilməyəcəklər. Ermənilərin dünyanın gözündən düşəcəyi gün uzaqda deyil». İ.Abbaslının şəxsi arxivi qiymətlidir, ona görə ki, Ermənistanda olarkən Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı oradakı arxivlərdən topladığı sənədlər bu gün məntiqsiz, həyasız iddiaları ilə dünyanı aldadan erməniləri ifşa etmək üçün əvəzsiz sənədlərdir. Vaxt gələcək, bu materiallar ətraflı tədqiq olunacaq. İ.Abbaslı deyirdi: «Vaxtilə Ermənistandakı arxivlərdə apardığım araşdırmalar, tariximiz, mədəniyyətimizlə bağlı əldə etdiyim sənədlər bugünümüz, sabahımız üçün çox əhəmiyyətlidir. Oranın elmi arxivlərində saysız-hesabsız araşdırmalar aparmışam. Bu, hər bir kəsə nəsib olmur. Burada ilk növbədə düşmənin dilini bilmək karıma gəldi. Təvazökarlıqdan uzaq olaraq deyirəm, arxiv sarıdan xalqımıza xidmətim odur ki, şifahi söz sənətimizin, o cümlədən klassik ədəbiyyatımızın böyük bir xəzinəsinin surətini köçürməklə Azərbaycana gətirmişəm. 50 illik tədqiqatlarımın əsas istiqamətini uzun illər ərzində topladığım ayrı-ayrı əlyazmalar, tarixi mənbələrdən olan materiallar təşkil edir. «Azərbaycan dastanlarının yayılması və təsiri «adlı monoqrafiyamda ədib-alimimiz Yusif Çəmənzəminlinin qənaətini vermişəm. Yazıçı sovet dövründə nümayəndə heyətinin tərkibində Eçmiədzində (Üçkilsədə) olub. Orada ermənilərin məşhur arxivi yerləşir. Yusif Vəzir arxivlə tanışlıqdan sonra bu qənaətə gəlmişdi ki, burada Azərbaycan klassik ədəbiyyatı və şifahi söz sənəti ilə bağlı külli miqdarda material saxlanılır. Daha sonra yazır ki, bu gün İrəvanın Azərbaycan-türk dilli məktəblərində erməni dilini öyrənənlər gələcəkdə bu arxivlərdə tədqiqat aparmağa yönləndirilməlidirlər. Aylarla, illərlə arxivlərdə olmuşam, araşdırmalar aparmışam. Nəticədə arxivlərdəki Azərbaycan ədəbiyyatı, mədəniyyəti, dilimizlə bağlı qiymətli sənədlərin surətini əldə etmək mümkün oldu». O, təəssüflənirdi ki, bu materialları tədqiq etməyə bir insanın ömrü yetməz. Bu sənədləri araşdırmağa ərəbcə, farsca, ermənicə bilən, məhz bu sahənin mütəxəssisi lazımdır".
Professor Rafiq İmraninin fikrincə, Azərbaycanın qədim və zəngin irsinin Şərq mədəniyyətinin tarixi inkişafında öz ye¬ri və əhəmiyyəti var. Orta əsrlərdən bu¬günə qədər Azərbaycan və Şərq xalq¬la¬rının mədəni inkişafında böyük rol oy¬nayan mindən artıq görkəmli elm və mə¬də¬niyyət xadimi qonşu xalqlar tərəfindən bö¬yük hörmətlə xatırlanmaqdadır: "Ancaq təəs¬süf ki, ərazicə Azərbaycana qonşu olan elə xalqlar var ki, Azərbaycanın yaxın Şərq ümummədəni irsinin inkişafına olan çox¬əsrlik töhfəsini qısqanclıqla qarşıla¬yır¬lar. Azərbaycanın dahi alimləri, musiqişü¬nas¬ları, şair və mütəfəkkirləri əsrlərlə bütün Şər¬qin ədəbi irsini, musiqisini, incəsənətini, elm və İslam mədəniyyətini formalaşdırmış və təbliğ etmişdilər. Nəsildən-nəslə ötü¬rü¬lən bu irihəcmli mədəni irs çox sayda funda¬mental elmi işlərin əsası ola bilər. Azər¬baycanın tarixi torpaqları və onun çox¬əs¬rlik mədəniyyəti daim erməni “hay” xal¬qı¬nın diqqət mərkəzində olub. Ermənilər vaxtaşırı olaraq digər xalqların torpaqlarını, onların elmi və mədəni nailiy¬yət¬lərini mənimsəmək məqsədilə millət¬lər¬ara¬sı münasibətləri gərginləşdiriblər. Ta¬rix göstərir ki, onlar (haylar- red.) qismən də olsa öz istəklərinə nail olub, belə ki, Azər¬baycan öz tarixi torpaqlarını və əsrlərlə for¬malaşmış mədəni irsini hissə-hissə itirib ".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -