Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Brüsseldə Beynəlxalq Qarabağ Forumu

20.11.17, 10:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Həsənov: “Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”

Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq forum öz işinə başlayıb.
Bu barədə Forumun işində iştirak edən “Teleqraf Holdinq” media Qrupunun rəhbəri Aynur Camalqızı məlumat verib. Onun sözlərinə görə, “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı Forum Brüsselin mərkəzində yerləşən "Marriott" otelində keçirilir.
Forumun işində dünyanın tanınmış siyasi xadimləri, Azərbaycan diaspor nümayəndələri, Azərbaycanın ictimaiyyət nümayəndələri iştirak edirlər.
Forum Azərbaycan Dispor Komitəsinin dəstəyi, Mariana Vardinoyannis Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq statusa malik Forumun açılışında Əli Həsənov Azərbaycan hökuməti adından mövzu ilə bağlı bəzi fikirlərini çatdırıb: “Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.
Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km² ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşahidə olunur”.
Əli Həsənov qeyd edib ki, etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir:
“Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.
Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.
Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır.
Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilmişdir. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olmuşdur. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.
2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində mühüm addımlardan biri olmuşdur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanmış və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilmişdir. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Cənub qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.
Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır”.
Əli Həsənov vurğulayıb ki, təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir:
“Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.

Bu xəbər oxundu
- - -