Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilərin etirafları səmimiyyətdən yox, həqiqət qarşısında aciz qalmalarından irəli gəlir

21.11.17, 7:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Bu yazıda mərhum professor İsrafil Abbaslının uzun illərin əziyyətinin bəhrəsi kimi işıq üzü görmüş «Azərbaycan həqiqətləri» kitabından ermənilərin tanınmış adamlarının Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı qənaətlərini, necə bəhrələnmələri haqqında etiraflarını təqdim edirik. Prof. R.İmraninin fikrincə, bu araşdırma Azərbaycanın zəngin mədəni irsinin təbliği işində əvəzsiz töhfədir, erməni elm və mədəniyyət xadimlərinin fikirlərindən parçalar verilir. Bu parçalarda onlar açıq şəkildə erməni mədəniyyəti və dilinin formalaşmasında Azərbaycan-türk dilinin, Azərbaycan aşıq və muğam sənətinin əsas rol oynadığını etiraf edirlər. Bu etiraflardan belə nəticəyə gəlinir ki, erməni “millətinin” formalaşdığı tarixi prosesdə onların milli mədəniyyəti “yox” dərəcəsində olub. İ.Abbaslının “Azərbaycan həqiqətləri” (erməni ədəbi mənbələrində) kitabı erməni barbarlarına qarşı ideoloji mübarizəni dəstəkləyən danılmaz faktlarla zəngindir. Kitabın çoxtirajlı nəşri və dünyaya yayılması Azərbaycanın zəngin mədəniyyətinin bütün Şərqə və türk dünyasına aydın nümunə olduğunu bir daha göstərmiş olacaq".
Bu tərcümə – tərtib işi erməni mədəniyyətinin tanınmış nümayəndələrinin (yazıçı və şairlərin, elm və incəsənət xadimlərinin, ümumilikdə isə ziyalıların) Azərbaycan türkləri və azərbaycanşünaslıq haqqında yüzilliklərin sınağından çıxmış həqiqətlərin doğulduğu fikir və mülahizələr əsasında hazırlanıb. Elmi, ictimai-siyasi durumun əksər daşıyıcılarına bəlli olan bu elmi, bədii, publisistik mülahizələr tarixi reallıqların axarında formalaşıb. Lakin bu mülahizələr bəzən birmənalı qarşılanmayıb: onları təsdiq edənlər də olub, qərəzli, məkrli münasibət göstərənlər də. Əlbəttə, ermənidilli məxəzlərdə – tarixi xronikalardan (V-XVIII ə.) tutmuş ayrı-ayrı yüzilliklərə aid əlyazmalarına, “xalq kitabları”na, onlarla şair və yazıçıların əsərlərinə, elm və din xadimlərinin araşdırmalarına qədər Azərbaycan türkləri və onun mədəni-mənəvi irsi ilə bağlı söylənilmiş mülahizələri bir toplu çərçivəsinə sığışdırmaq mümkün deyil. Bu araşdırmada Azərbaycan mənəvi mədəniyyətinin təsir gücü və yayılma çevrəsini müəyyənləşdirən obyektiv və məntiqi mülahizələr, tezislər və bütün bunları özündə toplayan etiraflar sistemləşdirilib.
Prof. İ.Abbaslının araşdırmasında vurğulanır ki, ermənilərin oxumuşlarının kütləvi şəkildə etirafları hər şeydən öncə, ayrı-ayrı tarixi kəsimlərin doğurduğu qənaətlərdir. Bu gün onlara üz tutmaq çağdaş durum üçün aktual məsələdir və bir sıra mətləblərə aydınlıq, aşkarlıq gətirə bilər. Arakel Təbrizli – XVII əsr tarixçisi: “Koroğlu (bu həmin Koroğludur ki, hazırda aşıqların oxuduğu saysız-hesabsız nəğmələr qoşub). Giziroğlu Mustafa bəy min nəfər ilə (o Koroğlunun yoldaşıdır, hansı ki, öz nəğmələrində çox yerdə onun adını xatırlayıb). Sonra özgə Mustafa bəy. Qaraqaş, Dəli Nəsib, Yola Sığmaz, Tanrı Tanımaz, Göyəbaxan Çıplaq, Kosa-kosa, Qırlı, Qara Saad, Ağacan Piri. Onların hamısı cəlali idilər….” (Arakel Davrijetsi. Tarix, Vağarşabat, 1896, s. 87).
Xaçatur Abovyan – (1805-1848), yazıçı, pedaqoq belə düşünür: “Müdriklik, elm və özgə hikmətlərin yeganə mənbəyi hesab edilən ərəb və fars dillərinə müsəlmanlar arasında hörmət onların mömin və mütəəssirliyindən irəli gəlir. Axı, orta əsrlərdə də qədim dillər haqqında bu cür hökmlər söyləyirdilər. Amma özünün poetikliyi, səslənməsi və axıcılığına görə tatar (Azərbaycan – İ.A.) qrammatik baxımdan bütün dillər arasında yeganə dildir”. (Bu da mənbə: X.Abovyan. Əsərlərinin tam külliyyatı, V cild, İrəvan, 1950, 174.). Bunlar da onun etiraflarıdır: “…Xalq tatarca (Azərbaycanca – İ.A.) çoxlu söz və ifadələr qəbul edib və indi də işlədir” (yenə orada, s. 48).
“Bayatıları o məqsədlə yazmışam ki, məclisdə çörək üstə türklərin (azərbaycanlıların – İ.A.) söylədiyi belə şeylərdən qoy ermənilər də ermənisayağı desin ki, az-çox dilləri şirinləşsin. Heç nə dili o qələr şirinləşdirmir, nəinki nəğmə və şeir. Ümidvaram ki, camaat daha yaxşısını düzəldəcək”. Yaxud: “Hər dəfə qonaq gedərkən və ya şəhərin içindən keçərkən fikrimi toplayıb diqqət edirdim ki, görüm xalq danışdığı, yaxud şənləndiyi zaman nədən daha çox zövq alır. Hər dəfə görürdüm ki, onlar meydanda, küçədə bir kor aşığa elə qulaq asır, elə valeh olurlar ki, az qalır ağızlarının suyu axa. Məclisdə, toyda sazandasız heç çörək yemək olardımı? Dedikləri türkcə (azərbaycanca – İ.A.) idi, çoxları bir kəlmə də başa düşmürdü, amma dinləyənin, görənin ruhu cənnətə gedib-gəlirdi” (X.Abovyan. Ermənistanın yaraları, İrəvan, 1939, s.9).
“Bizim yeni dilimizin (aşxarabar – İ.A.) yarısı türk (Azərbaycan – İ.A.) və fars sözləridir. …onların dili bizim millətin ağzına o qədər dadlı gəlib ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (Azərbaycanca – İ.A.) deyir, səbəbi? Çünki buna adət ediblər” (yenə orada, s.80-81). Erməni xalq dili “… öz tərkibi, eləcə də öz forması etibarilə köhnədən (qrabar – İ.A.) tamamilə fərqlidir və hər şeydə tatar (Azərbaycan – İ.A.) dilinə bənzəyir. Adi danışıq zamanı xalqın ağzından nəinki bir-iki türk (Azərbaycan – İ.A.) sözləri, hətta bütün ifadələr, cümlələr eşidirsən” (yenə orada, s. 41-42).
Aşağıdakı qənaət isə ermənilərin dilimizdən tarix boyunca necə bəhrələnməsinin sübutudur: “Türk (Azərbaycan – İ.A.) dili bizdə o qədər yayılıb ki, bu dili hətta qadınlar və uşaqlar belə başa düşürlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (Azərbaycanca – İ.A.) şeir yaratmaları və oxumaları çox adi bir haldır” (X.Abovyan, Naxaşaviq, İrəvan, 1940, s.48). “Qədim və yeni dillərin başlıca fərqi danışıq tərzində və sintaksis quruluşundadır. Bu cəhətdən qədim erməni dili (qrabar – İ.A.) Avropa dillərinə, yeni erməni dili (aşxarabar – İ.A.) isə türk (Azərbaycan – İ.A.) dilinə oxşayır” (yenə orada, s. 45). “Kim bilmir ki, insanın qəlbi qaraldıqda, ona kəlmə və sözün, illah ki, nəğmə və bayatının etdiyi təsir qədər heç bir qılınc, heç bir dərman və heç bir yuxu təsir edə bilməz…”
“Kərəmin, Aşıq Qəribin, Keşişoğlunun nəğmə və nağıllarını aşıqlar oxuyub, sonra isə sazlarını işə çaldıqları zaman adam nə yemək, nə içmək istəməzdi. Bir saz da özü götürüb, gecə və gündüz dağı-daşı diyar-diyar dolaşmaq, özü də bu günləri yaşamaq istəyirdi, bəlkə ona da Allah elə bir yar, elə bir pəri rast gətirəydi ki, gecə-gündüz onun yanında oturub, nə yata, nə gözünü yumaydı, ona baxaydı, onu tərif edəydi, onun ətrindən bihuş olub, ondan doya idi”.
Mikayel Nalbandyan – (1829-1866) yazıçı, tənqidçi: "Bu gün türk (azərbaycanlı – İ.A.) və erməni demək olar ki, eyni diyarda yaşayır. Bu millətlər eyni təbiətin təsirinə tabedirlər. Yaxın zamanlara kimi də demək olar ki, eyni dövlətin hökmranlığı altında idilər. Hər ikisi asiyalı, hər ikisi şərqli, xasiyyət və danışıq formaları təbii olaraq bir-birinə yaxın, buna səbəb asiyalı olduqlarına görə, şübhəsiz ki, eyni şəraitdə yaşamalarıdır. Kim milləti millətdən ancaq adı və dini ilə fərqləndirirsə, o bunun təbii-psixoloji səbəblərinin nədən ibarət olduğunu anlamır. Erməni... “Durna hardan gəlirsən…”, Koroğlunun “Eyvazın gümüş kəməri”, Kərəm və Aşıq Qəribin mahnılarını min bir maraqla oxumağı üstün tutur”.
Yaxud da bu qənaətə baxaq: "Qədim nəğmə və mahnıların “…havalarının əksəriyyəti türklərdən (azərbaycanlılardan – İ.A.) götürülüb. Mən, ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”. “…Elə türk (Azərbaycan – İ.A.) sözləri var ki, ümumi millət (ermənilər – İ.A.) tərəfindən işlədilir. Bu sözlərin qədim ermənicəsi olduğuna baxmayaraq bununla belə onlar millət içərisinə o qədər dərindən daxil olub ki, …bu sözləri xalqın dilindən qoparıb yerinə öz, lakin millət üçün ölmüş sözləri qoymaq olmaz”.
Yazıçı, pedaqoq Qazaros Ağayan – (1840-1911) öz diliylə sübut edir ki, erməni dili özünün qrammatikası ilə türkcəyə (Azərbaycancaya - red.) çox bənzəyir…. Erməni xalqı və aşıqları türkcəni (azərbaycancanı - red.) öyrənməkdə və bu dildə danışmaqda heç bir çətinlik çəkməyiblər. Hətta indi də türklərdən (azərbaycanlılardan - red.) çox uzaqda olmalarına baxmayaraq, türkcə (Azərbaycanca – İ.A.) yaxşı danışan bir çox yazıçılar var. Bu dil sanki erməni üçün doğma dildir. Onu demək istəyirəm ki, türkcə (azərbaycanca – red.) nəğmə deməyin bir səbəbi də bu dilin erməni üçün asan olmasıdır, ona görə ki, hər iki dildə düşünmək qaydası və forması eynidir”.
Aşağıdakı qənaətə diqqət edək. Qazaros Ağayan yazır ki, erməni aşıqları “…mahnıları (şeirləri) ermənicə yox, türkcə (azərbaycanca – İ.A.) yaradırlar. Erməni dilində oxumaq vərdişi hələ bizim aşıqların arasında yayılmayıb. O zamankı nəğmələrdən “… ən başlıcası və yayılmış olanı bayatılardır. Elə nəğmələr var ki, onu ancaq aşıqlar bilir, elələri də var ki, onları aşıq olmayanlar da bilir və oxuyurlar, lakin bayatını hamı bilir, böyüklər də, kiçiklər də, qadınlar da, kişilər də bilirlər. Öz kədərlərini, çətin vəziyyətlərini, qüssələrini, qayğılarını bayatılarla ifadə edirlər, öz sevgilərini, arzularını, həsrətlərini bayatılarla bildirirlər, öz şikayətlərini, müraciətlərini, etirazlarını bayatılarla ifadə edirlər, öz ölülərinin matəmini bayatılarla saxlayırlar, ən nəhayət, hər növ fikir və duyğularını bayatılarla ifadə edirlər . Bayatının “…birinci, ikinci və dördüncü misraları eyni sözlərlə qurtarır, bu söz birinci misrada müəyyən olmur, ikinci və üçüncü misralarda isə ayrı-ayrı mənalar verir. Bayatının türkcə (azərbaycanca – İ.A.) söylənilməsinin səbəbi də budur, çünki türk (Azərbaycan – İ.A.) dilində iki və daha artıq mənası olan belə ifadələr çoxdur, lakin onlar erməni dilində kifayət qədər yoxdur”.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -