Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

22.11.17, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, bu dəmir yolu birbaşa dəniz sahilindən keçir, Lənkəran və Astara şəhərlərinin dənizə çıxışını bağlayır: “Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dəniz sahilinə yaxın ərazilərdə infrastrukturun genişləndirilməsinə kömək etmiş olar. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki, bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Bu, dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”, - deyə Ziyafət Əsgərov vurğulayıb.
Maliyyə naziri Samir Şərifov Bakı-Astara dəmir yolunun Lənkəran və Astaradan keçən hissəsinin köçürülməsi ilə bağlı Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun təklifinə cavab verib. Samir Şərifov deyib ki, prezident İlham Əliyevin tapşırığı ilə köçürülmə işlərinin həyata keçirilməsi üçün hazırlıq işləri görülür. “Bu işlərlə “Azərbaycan Dəmir Yolları” və İqtisadiyyat Nazirliyi məşğuldur”, - deyə nazir vurğulayıb.

Bu xəbər oxundu
- - -