Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Məclisdə büdcə müzakirəsi başa çatıb

23.11.17, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Parlament təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-dək hökumətə vaxt verib

Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə Milli Məclisin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası müzakirə edilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 2018-ci ildə keçirəcəyi tədbirlər planını açıqlayıb. O.Əsədov bildirib ki, ötən il maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb: “Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək. Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. Bizim tədbirlərimiz çoxdur, iki böyük tədbirimiz əsasdır. 250 nəfər parlamentarinin iştirakı ilə böyük tədbir olmalıdır. Əgər Azərbaycan bu tədbirə ev sahibliyin edə bilsə, yaxşı olar. Bu tədbirin keçirilməsi mart-aprel aylarlında nəzərdə tutulur. İkinci böyük tədbirimiz ATƏT xətti ilə İpəkyolu dəstək proqramı üzrə 30 ölkəninin iştirakı ilə keçirilməlidir. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.
Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib ki. Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb: “Xərclər smetası, ştat cədvəlləri, inzibati binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”. O bildirib ki, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmamasını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmadəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmadəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 milyon 200 min manat vəsaitin ayrılmasını sizdən xahiş edirəm”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki.
Hesablama Palatasının saxlanma xərcləri 0,8% və ya 29,1 min manat artırılır. O bildirib ki, nəzərdə tutulmuş vəsait 2018-ci ildə ölkə xaricində olmaqla 60 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur.
Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82%-ni əməkhaqqının ödənilməsi xərcləri təşkil edir. V. Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Bundan sonra isə, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında qanun layihələri müzakirə olunub. Layihələr barəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
O bildirib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının gələn il üçün büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min təşkil edir: “Gəlirlərin böyük bir qismi təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir”.
O, həmçinin əlavə edib ki, işsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan çoxdur: “Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulub. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verib: “Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”.
Nazir müavini qeyd edibki, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır: “Gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə – 1,9 mln. manat artım gözlənilir. Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur”.
Bundan sonra millət vəkilləri müzakirələrə başlayıblar.
Deputat Vahid Əhmədov deyib ki, dövlət borcları və yığım əmsalı çox böyükdür: “Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır”.
Deputat qeyd edib ki, Azərbaycanda pensiya islahatlarına faktiki olaraq bir neçə ildir ki, başlanılıb. “2017-ci ildən artıq bu islahat həyata keçirilir. İslahatın müəyyən müsbət nəticələri olmaqla yanaşı,bir sıra mənfi nəticələri də var. Pensiya islahatları nəticəsində yığımda təxminən 16 min manat yığılmalıdır ki, sonradan pensiya alarkən 110 manat ala biləsən. Amma onları yığa bilməyən insanların taleyi isə çox ciddi məsələdir. Çünki o insanlara pensiya verilmir, müavinət verilir. Həmin müavinətlərin məbləği çox aşağıdır. Mənim aldığım məlumata görə təxminən 60,70, 80 manatdır. Bu çox ciddi məsələdir. Biz “Pensiya təminatı haqqında” qanunu qəbul edərkən də bu məsələyə toxunmuşuq. Bu insanların problemləri diqqət mərkəzində olmalıdır”.
Deputat Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarının artırılması təklifini irəli sürüb: "Azərbaycanda Qarabağ veteranlarının sayınin 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı təyin olunandan bu günə qədər 50 manat olaraq qalır. Əgər kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik olunmalıdır. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ, Əfqanıstan veteranları, Çernobıl əlilləri və şəhid ailələri var. Bu say çoxaldıqca, onların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Xərclər çoxalıb. Belə olan halda vəsait də artırılmalıdır". S. Novruzov qeyd edib ki, Azərbaycanda veteranların təxminən 12 mini pensiyaçıdır: "Lakin onlar pensiyaya çıxanda onlara veteran kimi əlavə cəmi 11 manat hesablanır. Məgər onlar təqüdə çıxanda veteranlıqdan çıxırlar? Bu pul ona müharibədə iştirak etdiyinə görə verilir. Belə olduqda həmin şəxslərin vetaranlıq haqqını 11 manata salmamalıyıq. Aldıqları 50 manat onların pensiyasına əlavə edilməlidir. Vətəndaşlarımız dövlət orqanlarından narazı düşməməli, öz haqqını almalıdırlar".
S. Novruzov çıxışı zamanı Əfqanıstan veteranları və Çernobıl əlilərinə də evlər verilməsini təklif edib: "Ölkəmizdə əlillərə və şəhid ailələrinə evlər verilir. Lakin biz diqqəti bir sferaya ayırmamalıyıq. Əfqaınstan veteranları və Çernobıl əlilərinə də evlər verilməlidir".
Deputat Zahid Oruc da Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib. Deputat "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır: “Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”. Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məğul olsun.
Deputat Fazil Mustafa bildirib ki, bu gün yeni doğulan uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır: “Burada həmkarım Qüdrət Həsənquliyev uşaqların boyunun azalması, Avropda isə artımı ilə bağlı məsələni gündəmə gətirdi. Bu məsələ dəfələrlə qaldırılıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi qaldırılıb. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar. Yeni doğulan uşağa görə birdəfəlik 45 manat müavinət verildiyi halda, bir buzova görə 140 manat subsidiya verilir. Elə hər şey bundan görmək olar. Odur ki, bu məsələlərə baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq”.
O, eyni zamanda kənd təsərrüfatı sahəsində çalışan insanların pensiyaya çıxması ilə bağlı üzləşdikləri problemi də gündəmə gətirib.
Deputat Əli Məsimli deyib ki, yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır: “116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib, qiymətlərə baxmaq lazımdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır”. Deputat ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib. “Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını hökumətə təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68% səviyyəsinə enib. Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq. Yaşayış minumumunun qaldırılması əmək haqqının qalxmasına da imkan verəcək”.
Bunula da Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatıb. Parlament büdcə zərfinin müzakirəsindən sonra təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-dək hökumətə vaxt verib. Qeyd edək ki, parlamentin növbəti plenar iclası dekabrın 1-də keçiriləcək.

Əli

Bu xəbər oxundu
- - -