Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatı

23.11.17, 14:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Prezident Əliyev, NATO mənzil-qərargahına yenidən xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam. Çox konstruktiv görüşə görə Sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin Şimal Atlantika Şurası çərçivəsində görüşü də səbirsizliklə gözləyirəm. Siz bu Şurada bütün 29 müttəfiq ölkənin nümayəndələri ilə görüşəcəksiniz.
Bu gün biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm.
NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir və keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi üçün etimad fondu çərçivəsində aparılır. Mən, həmçinin Sizə BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini bizim əməkdaşlıq gündəliyimizə daxil etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bütün bunlar Avratlantik məkanın daha da təhlükəsiz olmasına töhfə verir. Biz seçdiyiniz bütün sahələrdə Sizinlə işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqik. Biz Sizi təhlükəsizlik sahəsində islahatların daha da artırılmasına dəvət edirik və korrupsiya ilə mübarizə sahəsində Sizə dəstək olmaq üçün bizim dürüstlüyün artırılması proqramından tam faydalanmağa çağırırıq.
Bu gün biz, həmçinin Cənubi Qafqazda regional təhlükəsizliyi də müzakirə etdik. Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyirik və Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik.
Beləliklə, Prezident Əliyev, icazə verin, buraya təşrif buyurduğunuz və NATO-nun mənzil- qərargahına baş çəkdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Şimali Atlantika Şurası çərçivəsində görüşünüz əməkdaşlığımızın gələcəkdə necə dərinləşdirilməsinin müzakirə edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli bir fürsət olacaqdır. Bir daha təşəkkür edirəm”.

Bu xəbər oxundu
- - -