Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə

24.11.17, 7:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Ə.Nabdil qatı pantürkist adlandırdığı Ə.Təbrizli haqqında yazırdı ki, o, bütün İran türklərinin ittifaqını öz şüarı etdi”. Bəhs olunan dövrdə milli hüquqlar uğrunda mübarizə aparan ziyalılardan olan R.Bərəhani öz əsərlərini farsca yazmasının səbəbini belə izah edirdi ki, milli zülm ifrat dərəcəyə çatdıqda ona qarşı mübarizədə hakim dildən istifadə etməkdən başqa çarə qalmır: “Düşmən qoyduğu şərtlərlə mənə təlim öyrətdi. Düşmənin güclü silahı onun dili və mədəniyyətidir ki, mən onları düşmənin qızının mahnıları qədər öyrəndim. Mən zalımların dilində məzlum millətimin dili olmağa çalışdım. Bu quruluş dilimi fars dilinin səthi strukturuna transformasiya edib. Mən bu sözləri çox usta hakimiyyətə qarşı ustanın sözlərində oxumağa çalışıram”.
R.Bərəhani fars dilində yazılmış “Şəhər və meşə” əsərində aşkar surətdə bildirir ki, millətlərin dilini qadağan etmək onların varlığına edilən ən böyük təcavüzdür, hər bir millətin öz dilindən istifadə etməyə haqqı vardır, bu haqq ona verilməlidir. Müəllif belə hesab edir ki, 1946-cı ildən sonra ilk dəfə məhz o, milli zülmü bu cür aşkar pisləmişdi. R.Bərəhani “Fərhənge hakim və fərhənge məhkum” adlı məqaləsində bir kəlmə türk sözü ("qapdıqaçdı") işlətdiyinə görə 1973-cü ildə həbs olundu. Müəllif yazırdı: “Bir akademiya da bu cür sözü minibus üçün düzəldə bilməzdi, bu, elə xalqın içindən bu cür çıxıb”. Məqalədə göstərilir ki, məzmununa görə, İranda bir hakim, bir də məhkum mədəniyyət var. Bu məhkum mədəniyyət gərək özü-özünə çarə qıla. Bu dövrdə azərbaycanlı ziyalılar Azərbaycan dilinin tarixi ilə bağlı elmi araşdırmalara, bu dildə yazı qaydalarına aid vəsaitlərin buraxılmasına da önəm verirdilər.
Qeyd edilən dövrdə İranda olmuş fransalı şərşqünas V.Monteil İranda “Bakının onlar üçün çap etdiyi kitablardan başqa, Azərbaycan dilində yayımlanan heç bir kitabın tapılmadığını” yazır. Başqa məlumatlara görə isə nəzərdən keçirilən dövr ərzində Azərbaycan dilində gizli şəkildə 57 adda kitab nəşr olunmuşdu. Bu dövrdə Azərbaycanda 20-yə yaxın müxtəlif dildə mətbuat orqanının olmasına baxmayaraq, azərbaycan dilində yalnız “Adinə” qəzetinin çap olunması məlumdur. Qəzet 1965-ci ildə Səməd Behrəngi, Əlirza Nabdil (Oxtay), Behruz Dehqani, Hüseyn Düzgün tərəfindən Təbrizdə həm türk, həm də fars dilində nəşr edilmişdi. Qəzet 17-ci sayından sonra “Hünər və ictimai” (1968-ci il) adı ilə türk və fars dilində çap olunub. Lakin bu nəşrin də cəmi yeddi sayı işıq üzü gördü, tez bir zamanda qapadıldı.
XX əsrin 60-70-ci illərində keçirilən islahatlar Tehranda yaşayıb hökumətdə, məclisdə, digər əyalət və mahalların inzibati orqanlarında yüksək vəzifə tutan azərbaycanlıların Azərbaycanla əlaqəsini kəsərək onun assimilyasiya olunmasını sürətləndirirdi. Siyasi baxımdan fəal milli qüvvələr isə hakim rejimin apardığı millətçilik siyasəti nəticəsində birləşərək mütəşəkkil mübarizə apara bilmədiklərindən, yenidən ümumiran siyasi-müxalif, siyasi-dini təşkilatlara, cərəyanlara üz tuturdular.
İranda mövcud olan və azərbaycanlıların da təmsil olunduğu siyasi partiya və təşkilatların (İran Xalq Partiyası (İXP), Azərbaycan Demokrat Firqəsi (ADF)) fəaliyyətində milli məsələnin gündəmə gəlməsi onların bu problemlərdən kənar qalmadığını və əksinə maraqlı olduqlarını sübut edirdi. Dil və regional məsələlər İXP-nin ilk illərində keçirilən hər üç böyük siyasi hesabatlarında rədd edilsə də yuxarıda qeyd edildiyi kimi sonrakı illərdə bu məsələlər onların maraq dairəsində idi. Bu cür mövqe dəyişikliyi bəzi Qərb müəllifləri tərəfindən Sovet rəhbərliyinin təsiri ilə bağlansa da burdakı azərbaycanlı nümayəndələrin milli maraqları ilə üst-üstə düşməsi danılmazdır. Belə ki, Sovet İttifaqı İkinci Dünya müharibəsindən sonra da cənubi azərbaycanlılarda milli kimlyi təşviq etmək, Cənubi Azərbaycanı İrandan ayırmaq üçün uzun müddətli bir siyasi plan hazırlamışdılar. Qeyd olunan dövrdə Şimali Azərbaycanla İran Azərbaycanı arasında əlaqələrin qurulması və inkişafına (xüsusilə də kitab mübadiləsi, folklor əlaqələri) sovetlər tərəfindən şərait yaradılması bu planın həyata keçirilməsi üçün fəaliyyətin bir hissəsi idi.
Beləliklə, XX əsrin 50-70-ci illərində hakim rejim ardıcıl və geniş miqyaslı assimilyasiya siyasətini davam etdirmiş, bu siyasətin zəruriliyinin nəzəri-ideoloji əsaslarını hazırlamışdı. İran da 60-cı illərdən başlanan və ictimai həyatın bütün sferalarını əhatə edən islahatlar etnik ərazilərdə yaşayanların mobilliyini yüksəltmiş, mədəni, sosial inteqrasiyanı sürətləndirmiş və nəticədə qeyri fars xalqların assimilyasiya prosesini gücləndirmişdi.
İranda həyata keçirilən islahatların digər nəticəsi etnik birliklər çərçivəsində yeni ziyalı qrupunun, yeni şəhər orta təbəqəsinin meydana gəlməsi, müxtəlif xalqlar arasında təmasların çoxalması, mədəni səviyyənin yüksəlməsi və siyasi fəallığın artması idi. Yeni ziyalı təbəqəsi cəmiyyətin etnik strukturu, milli münasibətlərin xarakteri haqqında daha düzgün, real informasiya yaradılmasına, yeni şəhər orta təbəqələri siyasi həyatda, xüsusən öz məntəqələrinin idarə edilməsində daha yaxından iştirak etməyə meyl göstərməklə milli və etno-mədəni həyatın canlanmasına zəmin yaradırdılar. Cəmiyyətin müxtəlif strukturlarında müəyyən status əldə etmək istəyən və ya öz statusunu yüksəltmək uğrunda mübarizə aparan sosial qruplar ictimai dayaq kimi mənsub olduqları etnik birliklərə üz tuturdular. Bu da milli maraqların daha aydın dərk edilməsinə, milli kimliyin oyanışı və inkişafına təsir edirdi.
İran cəmiyyətinin strukturlarının yüksək pillələrində mühüm mövqe tutan azərbaycanlılar isə milli kimliyə, milli dilə etinasız münasibət göstərirdilər. İranın sol yönümlü siyasi təşkilatlarında fəal rol oynayan azərbaycanlılar milli məsələnin həllinə prinsipcə tərəfdar olsalar da milli kimliyi və Azərbaycan dili məsələsini günün aktual problemi hesab etmirdilər. Yalnız milli ruhlu ziyalılar və yeni şəhər orta təbəqələrinin bəzi qrupları milli məsələyə və Azərbaycan dilinin hüquqi və gerçək vəziyyətinə maraq göstərir, onu dəyişmək istiqamətində əsasən mədəniyyət sferasında addımlar atırdılar. Ona görə də 50-70-ci illərdə Azərbaycan dili məsələsi nə Azərbaycan xalqının, nə də İran cəmiyyətinin aktual siyasi məsələsinə çevrilmədi.
İranla Sovet İttifaqı, Şimali Azərbaycan və Azərbaycan dili arasındakı əlaqələrə neqativ münasibət davam etdiyindən, Azərbaycan məsələsi və Azərbaycan dili ümummilli bir məsələyə çevrilməmiş, yalnız məhdud sayda ziyalıların tədqiqat obyektini təşkil etmişdi. Bütün bunlar cənubi azərbaycanlıların assimilyasiyasının sürətləndirilməsinə şərait yaratmışdı. Bir sıra beynəlxalq və daxili sosial, tarixi, ənənəvi səbəblərdən azərbaycanlılar ana dilinin funksiyalarının genişləndirilməsi və statusunun yüksəldilməsinə diqqət yetirməmiş, İranda dövlət-millət quruculuğu prosesində isə artıq həmin problemi həll etmək imkanından bəzi təşəbbüslər nəzərə alınmazsa, məhrum olublar. Mövcud ikiqütblü beynəlxalq münasibətlər sistemində siyasi xarakter kəsb edən Azərbaycan dilinin hüquqları ilə prinsipcə sol qüvvələr, əməldə isə məhdud çərçivədə şəhər orta təbəqələrinin bəzi qrupları (ziyalılar) məşğul olmuşlar. Onların səyi nəticəsində Azərbaycan dilinin yazılı-ədəbi, əsasən bədii funksiyasını qoruyub saxlamaq mümkün olmuşdu. Azərbaycan dili məsələsi milli kimliyin, Azərbaycan məsələsinin əsas ünsürünə çevrilməyə başlayıb.
İran islam inqilabı ərəfəsində şah hökuməti iqtisadi sferada sənayeləşdirməyə və aqrar islahatların aparılmasına, həmçinin mədəniyyət sahəsində modernləşdirməyə cəhdlər etsə də, siyasi-hüquqi sferada qatı mühafizəkar siyasət yürütməsi ölkədə mövcud olan iqtisadi, sosial və siyasi xarakterli ziddiyyətləri daha da dərinləşdirdi. Hökumətin Qərb müttəfiqlərinin israrı ilə ölkədə liberal mühit yaradılması istiqamətində atdığı addımlar rejimə müxalif olan qüvvələrə mübarizəni genişləndirmək üçün əlverişli şərait yaratdı. Digər tərəfdən isə xarici dövlətlərin ölkənin daxili işlərinə qarışmaqla orada qarışıqlıq yaratmaq səyləri də narazı müxalif çevrələrə yaranmış mühitdən faydalanaraq fikirlərini açıq ifadə etmək, etiraz aksiyaları keçirmək imkanı verdi. İnqilabi çıxışlar 1977-ci ilin sonlarından başlayaraq genişləndi. Qeyd olunan ilin 12 dekabrında Təbriz Universiteti tələbələrinin şah əleyhinə çıxışları başlandı. 1978-ci ilin yanvarın 9-da Qum şəhərində Şah rejiminin repressiyalarına və Əsas qanuna əməl olunmamasına etiraz edən nümayişçilərlə polis arasında baş verən toqquşmada həlak olanların 40 mərasimi günü -18 fevralda (29 bəhmən) Təbriz əhalisi yenidən nümayişlərə başladı. Nümayişlərdə dini rəhbərlərin çağırışlarına cavab olaraq islami, eyni zamanda demokratiya istəyini özündə əks etdirən şüarlar qaldırılırdı. Türk dilində şüarların da olması bu dilin azərbaycanlılar üçün əhəmiyyətini göstərirdi. Etiraz dalğası Azərbaycanın başqa şəhərlərinə də yayıldı. Pəhləvi İranında yeni inqilabın başlanğıcı olan bu aksiyaların rəhbərləri arasında xeyli azərbaycanlı var idi: Ayətullah Kazım Şəriətmədari, Müvəqqəti hökumətin başçısı Mehdi Bazərqan, ayətullah Əbdülkərim Musəvi-Ərdəbili, Neft Şirkətinin yeni başçısı Həsən Nəzih, Hərbi Dəniz Qüvvələrinin komandanı və Xuzistanın ostandarı Admiral Əhməd Mədəni, ayətullah Xoyi, ayətullah Xalxali, ayətullah Meşkini və b. İran İslam inqilabı 1979-cu ilin fevralında Xomeyninin Fransadan Tehrana gəlməsi ilə bitdi. Bundan sonra ölkənin idarəçilik sisteminin hansı əsasda qurulması ilə bağlı fikir ayrılıqları yarandı.
Tudə partiyası başda olmaqla bir qrup sosialist republikasının, daha çox ingilislərin təsir dairəsinə aid olan İslam Respublika Partiyası (İRP) başda olmaqla digərləri (əsasən dini kəsim) İslam respublikasının, ABŞ yönümlü qüvvələr, xüsusən, Milli Cəbhə tərəfdarları liberal quruluşun, Şəriətmədarinin rəhbərlik etdiyi Müsəlman Xalq Respublikası Partiyası (MXRP) dinin siyasətdən ayrı tutulmasını istəyən, milli və etnik azlıqların haqlarını müdafiə edən, liberal dəyərlərə üstünlük verən bir idarəçilik sisteminin yaradılmasını istəyirdilər. İnqilab dövründə İran xalqları tərəfindən milli tələblərin irəli sürülməsi müşahidə olunmamışdı. Yalnız inqilabın qələbəsi ərəfəsində və ondan sonra milli hüquqların təmin edilməsi məsələsi gündəmə gəldi. İnqilab zamanı dini-siyasi məzmunlu hərəkatın liderlərindən olan ayətullah Xomeyni başda olmaqla bəzi siyasi xadimlər məzlum xalqlara öz müqəddəratını təyin etmək haqqının veriləcəyini bildirmişdilər.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -