Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Niyə parlament seçkilərində əlillərin namizədliyi irəli sürülmür?”

24.11.17, 9:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səlim Müslümov: “Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil”

“Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil. Onlar üçün müvafiq şərait yaradılmalıdır ki, onlar da əlilliyi olmayan şəxslər kimi bərabər hüquqlardan istifadə etməlidir. Bunun üçün iş yerlərində, ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılmalıdır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, hazırda işəgötürənlər buna müəyyən qədər hazır deyil: “Açıq danışıram, işəgötürənlər bu istiqamətdə xərclərin yönəldilməsində maraqlı deyillər. Buna görə, biz cəmiyyət olaraq bu problemin üzərinə getməliyik. Qanunvericiliyə görə, kvotanın yarısı əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, proses biz istədiyimiz templə getmir. Kvotanın tətbiqi yox dərəcəsindədir. Bunun səbəblərindən biri də ciddi maliyyə sanksiyalarının olmamasıdır. Amma mən düşünürəm ki, cəzaların tətbiqi ilə deyil, insanlarımızın düşüncəsini dəyişdirərək bu problemi aradan qaldıra bilərik. Biz anlamalıyıq ki, hər kəs bir gün sağlamlığını itirə, əlil ola bilər. Mən bunu kiməsə arzu etmirəm, lakin bundan kimsə sığortalanmayıb”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müavinlərindən birinin əlil olması barədə deputatların təklifinə də münasibət bildirib:” Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır”.
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər.

Bu xəbər oxundu
- - -