Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp ruslara hansı məxfi informasiyanı açıb?

24.11.17, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, bu ilin əvvəllərində Donald Trampın Rusiya rəsmilərinə ötürdüyü son dərəcə həssas məxfi informasiyanın təfərrüatları bəlli olub. Məqalədə deyilir ki, ABŞ prezidentinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə açıqladığı informasiya İsrail casuslarının "ən pis yuxularını çin edib".
İsrail və Birləşmiş Ştatlar ənənəvi olaraq, kəşfiyyat materiallarını mübadilə edirlər Lakin İsrail mediasının verdiyi xəbərə görə, yəhudi dövlətinin casuslarına Trampın Ağ Evi ilə heç bir informasiyanı paylaşmamaq barədə xəbərdarlıq edilib. İndi isə bəlli olub ki, Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşdə Tramp İsrailin özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya dair çox məxfi əməliyyatının nəticələrini açıqlayıb. İsrail kəşfiyyatının əməliyyatı nəticəsində İD-in noutbuklardan istifadə edərək sərnişin təyyarələrini partlatmaq planlarının üstü açılıbmış.
"The Independent" xatırladır ki, Trampın ruslarla bu görüşündə ABŞ jurnalistlərinin iştirakına qadağan qoyulmuşdu və görüş zamanı çəkilmiş fotoşəkillər yalnız Rusiyanın TASS agentliyinə aid idi. İsrail kəşfiyyatı üzrə iki ekspert "Vanity Fair" jurnalına deyib ki, İsrailin anti-İD missiyası ötən qışda aparılmışdı.
O vaxt Mossad əməliyyatçıları iki helikopterdə Suriya ərazisinin dərinliklərinə uçmuş və İŞİD-in yeni silahı barədə informasiya toplamışdılar. Onlar hədəflərindən bir neçə kilometr kənarda yerə enmiş və səfərlərinə Suriya hökumət qoşunlarının nişanları olan maşınlarda davam etmişdilər. İsrail casusları İD-in sığınacaq yerlərində dinləyici "böcəklər" yerləşdirdikdən sonra gəldikləri kimi də geri qayıtmışdılar.
Bundan sonra İsrailin şifrələmə ilə məşğul olan Unit 8200 kəşfiyyat korpusu həmin böcəklərdən yayınlanan informasiyanı günlərlə dinləmiş və təhlil etmişdi. İsrail casusları öz ölkələrində oturaraq İŞİD əməliyyatçılarının söhbətlərinə qulaq asırdılar. Belə dinləmələrdən birində, nəhayət, lazım olan informasiya əldə olunmuşdu. İD əməliyyatçısı yoldaşlarına noutbuk kompüterini bombaya çevirməyin və hava limanının təhlükəsizliyindən keçirməyin üsullarını izah edirdi.
İsrail bu informasiyanı ABŞ-la dərhal bölüşmüşdü. Bu ilin mart ayında təyyarə salonlarında noutbukların daşınmasına qadağa məhz bu informasiya ilə əlaqədar qoyulmuşdu. Tramp rusiyalı qonaqlarına hətta İsrail kəşfiyyatçılarının bu informasiyanı əldə etdikləri Suriya şəhərinin adını da deyibmiş. Bu hadisənin ardınca ABŞ mediası qadağaya səbəb olmuş informasiyanın İsrail kəşfiyyatına aid olduğuna dair xəbərlər yaymışdı. O vaxt Trampı müdafiə etməyə çalışan ABŞ milli təhlükəsizlik müşaviri H.R.Master demişdi ki, guya prezident "həmin informasiyanın hardan gəldiyini də bilmirdi" və "onun əldə olunması metodlarına və mənbələrinə dair məlumatlandırılmamışdı".
"Bu görüşdə heç bir kəşfiyyat mənbələri və metodları müzakirə olunmayıb, - müşavir demişdi: “Prezident ictimaiyyətə açıq olmayan heç bir informasiyanı paylaşmayıb… Mən həmin otaqda idim. Belə bir şey olmayıb".
Amma Trampın özü bunun ardınca bəyan etmişdi ki, onun informasiyanı paylaşmağa "tam səlahiyyəti" var. Lakin bir İsrail rəsmisi “Buzzfeed News” saytına demişdi: "Bizim Birləşmiş Ştatlarla kəşfiyyat informasiyasının paylaşılmasına dair bütün dünyada unikal olan bir razılaşmamız var. Bizim başqa heç bir ölkə ilə belə münasibətlərimiz yoxdur. Bizim ABŞ-a verdiyimiz informasiyanı onun başqaları ilə bölüşməsi ağlagəlməz təhlükədir".

Bu xəbər oxundu
- - -