Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə

27.11.17, 8:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Ruhanilər tərəfindən idarə olunan və ölkənin ən güclü dini-siyasi partiyası olan İslam Respublikası Partiyası da verdiyi bəyanatda göstərirdi: “Hər qövmün dili, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri sərbəstdir və hörmətə layiqdir. İnsanlar öz milli dil, ədəbiyyat və mədəniyyətini istifadə etməkdə sərbəstdirlər. Etnik və milli ayrı-seçkilik haramdır. Bütün qövmlər və millətlər İslam ümməti altında birləşməlidirlər və milli duyğular onları bölməməlidir”. Müvəqqəti hökumətin başçısı, əslən azərbaycanlı olan Mehdi Bazərqan İranda etnik azlıqlara mədəni hüquqların verilməsinə öz dəstəyini 25 may 1979-cu ildə Təbrizdəki görüş zamanı fars dilində söhbət etdiyinə görə təəssüflənməsi ilə (“Arzu edirəm və çox münasib olardı ki, türk dilində söhbət edəm”) nümayiş etdirmişdi. O, əyalətlərə İranın ərazi bütövlüyü daxilində özünüidarənin verilməsinə müxalif deyildi.
Azərbaycanlı ali ruhani nümayəndələrdən olan Musəvi Ərdəbili və Xalxalinin ümumi yığıncaqlarda və Təbriz mətbuatına müsahibələrində Azərbaycan türkcəsindən istifadə etməsi yeni rejimin pəhləvilərlə mütləq fərqini əks etdirmək üçün bir fürsət idi. Brenda Şaferə görə, onlar həm də ana dilindən təkcə öz azərbaycanlı kimliyini müdafiə etmək üçün deyil, bəlkə də yerli Azərbaycan türkləri ilə fars dilində söhbət müşkül olduğundan istifadə etmişdilər. Azərbaycan əyalətlərində yerli əhali ilə ünsiyyət qurmaqla münaqişələrin yoluna qoyulması üçün əslən həmin məntəqələrdən olan azərbaycanlı nümayəndələr ora göndərilirdilər. Milli problemlərin həlli uğrunda başlanan mübarizə milli hərəkat səviyyəsinə qədər yüksəldi. Məsələyə mübarizənin sosial şərtləri, sosial tərkibi, xarakteri və ən əsası daxili və xarici faktorların hərəkata təsiri prizmasından yanaşdıqda burada dörd mərhələnin olduğu aydın görünür: 1) 1979-1980-ci illər (Müvəqqəti hökumət və rejimin bərqərar olması); 2) 1980-1988-ci illər (İran-İraq müharibəsi); 3) 1989-1997-ci illər (İqtisadi islahatlar mərhələsi); 4) 1997-2005-ci illər (Siyasi islahatlar mərhələsi).
Cənubi azərbaycanlılar milli hüquqların müdafiəsi, milli mədəniyyəti, dili və ədəbiyyatı canlandırmaq, inkişaf etdirmək məsələsində vahid mövqe nümayiş etdirsələr də, onların problemin həlli yollarına dair baxışları müxtəlif idi. İlk vaxtlar İranın yeni rəhbərliyinin razılığını gözləmədən əyalətlərdə məsələnin müstəqil şəkildə aşağıdan həllinə cəhd göstərildi. V.V.Trubetskoy o dövrdə azərbaycanlılar arasında milli meyllərin güclənməsi barədə yazırdı: “İnqilabdan sonra bütün Azərbaycan əyalətlərində Azərbaycan dilinin kortəbii surətdə özünütəsdiqi, şah məmurları olan farsların azərbaycanlılarla əvəz olunması baş verirdi”. Bu mərhələdə qeyri-siyasi platformalı ictimai-mədəni təşkilatların fəaliyyətində milli-mədəni hüquqlar, xüsusən də ana dili məsələsi sosial-siyasi, demokratik tələblərin fonunda daha qabarıq şəkildə görünsə də, sadalanan hüquqlar ayrılıqda deyil, əsasən antiimperialist, milli-demokratik şüarlarla birlikdə irəli sürülürdü.
İnqilabın qələbəsindən bir neçə ay sonra ətrafında əsasən Hüseyn Sədiq kimi sol yönümlü ziyalıları birləşdirən Təbriz Şairləri və Yazıçıları Cəmiyyəti fəaliyyətə başlamışdı. Təbriz Şairləri və Yazıçıları Cəmiyyəti öz əsasnaməsində göstərirdi ki, Azərbaycan Şairləri və Yazıçıları Cəmiyyəti öz sıralarına əsərlərində yalnız və yalnız sülh, tərəqqi, azadlıq və inqilabi quruculuq məqsədlərini əks və tərənnüm edən, hər cür istismarçı hakimiyyətin və ona xidmət edən məfkurələrin hər hansı təzahürünə qarşı mübarizə aparan, xalqı imperializm əleyhinə ölüm-dirim döyüşündə vəhdət və birliyə çağırıb ruhlandıran şair və yazıçıları qəbul edir. Cəmiyyətin mətbu orqanı olan “Ülkər” dərgisində çap olunan materiallardan aydın olur ki, onların dəstəyi ilə ana dilində kitablar çap olunur. İrandakı azərbaycanlılar cəmiyyətin “antiimperialist və demokratik” inqilabın dərinləşməsi və genişlənməsi, İİR-nın möhkəmlənməsi yolunda fəaliyyətini qiymətləndirir və arzu edir ki, qurumun üzvləri öz qələmləri ilə ölkədə əksinqilabi qüvvələrə qarşı “bütün inqilabi və mütərəqqi qüvvələrin vəhdət və birliyinin, mütəşəkkil və möhkəmlənməsinin carçısına” çevrilsinlər.
1979-cu ildə Tehranda Azərbaycan Yazıçıları və Şairləri Cəmiyyəti yaradılmışdı. Təşkilatın əsas məqsədlərinə Azərbaycan dili və ədəbiyyatının araşdırılması, zənginliyini xalqa çatdırmaq yönündə fəaliyyətin genişləndirilməsi, yeni dərs ilinə ana dilində dərs kitabları hazırlamaq, millətçilik və dinçilik davası salan ideyalardan uzaq durmaq, Tehran qəzetlərində farsca çıxış etməklə cəmiyyətin məramnamələrini yaymaq və təbliğ etmək kimi məsələlər daxil idi. 1979-cu il aprelin 14-də cəmiyyət ana dili probleminin həlli ilə bağlı proqram qəbul etmişdi. Azərbaycan dilini Azərbaycan xalqının rəsmi dili elan edən həmin proqramın başlıca maddələri İran universitetlərində Azərbaycan dilinin rəsmən tanınması, Azərbaycan dili və ədəbiyyatı kafedralarının yaradılmasına hazırlıq, başqa sözlə, məktəblər üçün ana dili və ədəbiyyat müəllimlərinin hazırlanmasına başlamaq, milyonlarla azərbaycanlının yaşadığı Tehranda ikidilli məktəblərin yaranması və dərs kitablarının hazırlanması kimi məsələlərə həsr olunmuşdu. Əsasən ziyalılardan ibarət olan bu qrupun fəaliyyəti 80-ci illərin əvvəllərinə kimi davam etmişdi.
1979-cu ildə Tehranda yaradılmış “Azərbaycan Əncüməni” təkcə azərbaycanlıların deyil, bütün İran xalqlarının siyasi, milli tələblərini gündəmə gətirməklə bu məsələni öz fəaliyyətlərinin əsas hissəsinə çevirdi. Əncümən 30 aprel 1979-cu ildə yaydığı 9 bənddən ibarət bəyanatda (3,4,5,7-ci bəndlərdə) türk xalqının hüquqlarının tanınması, türk dilinin funksiyalarının genişləndirilməsi və statusunun yüksəldilməsini tələb edirdi. Üzvlərinin əsas hissəsini görkəmli ziyalılar təşkil edən təşkilat Azərbaycan əyalətlərində özünüidarə qurumlarının yaradılması ideyasını irəli sürürdü. Eyni zamanda, bütün mərkəzi idarələrin, nazirliklərin, mədəni, iqtisadi, hətta asayişin qorunması məsələlərinin əyalət şuralarının əlində olmasını və bu şuraların isə üzvlərinin azərbaycanlılar tərəfindən müstəqil şəkildə seçilməsini istəyirdi. “Azərbaycan əncüməni” İranda milli məsələnin demokratik prinsiplər əsasında həllinin tərəfdarı idi. Qeyd olunan tələblərin əsasən İranın dövlət sərhədləri çərçivəsində həyata keçirilməsi istənilirdi. Gils Rouksun təbiri ilə desək, “Azərbaycan Əncüməni” İranda türk kimliyinin legitimliyini bərpa etmək” məqsədi güdürdü.
İnqilabdan sonra Sovet Azərbaycanında yaşayan cənubi azərbaycanlı solçu qüvvələrin, ziyalıların İrana qayıtmasının və Azərbaycan məsələsinin gündəmə gətirilməsindəki rolu da qeyd olunmalıdır. Onların Təbriz şəhərində fəallığı xüsusilə nəzərə çarpandır. Belə milli fəallardan olan M.T.Zehtabi tərəfindən Təbrizdə qurulmuş Müstəqil Azərbaycan Demokrat Partiyasının proqramında İran türklərinin milli haqlarının İran Konstitusiyasında rəsmən tanınması və qorunması kimi məsələlər əsas tutulurdu.
1979-cu ilin mart ayında Tehranda fəaliyyətə başlayan Azərbaycan Mədəniyyəti Cəmiyyəti isə siyasi və milli tələblər uğrunda mübarizəyə xüsusi yer verirdi. Bu quruma şair Həbib Sahir başçılıq edirdi. Həmin təşkilat ilk əvvəl Azərbaycan Azadxahlar Partiyası adı ilə ortaya çıxmışdı. Sonralar isə heç bir siyasi partiya ilə bağlı olmadığını elan etmişdi. Cəmiyyətin mətbu orqanı olan “Yoldaş” dövlət tərəfindən təzyiqlərə məruz qaldığında “İnqilab yolunda”, “Yeni Yol” adı altında yayımlanırdı. İlk əvvəllər nəşrin solçu mövqedə olması daha çox qabarıq görünsə də, 18-ci nömrədən sonra Azərbaycan mədəniyyəti, Cənubi Azərbaycanın milli hüquqları uğrunda mübarizəsində daha geniş sosial qüvvələrə əsaslanmağa çalışması hiss olunur.
Hər 3 dərgi bütün fəaliyyəti boyu İranda nəşr olunan azərbaycandilli mətbuatın müstəqil və vahid bir cəbhədə birləşməsi şüarını irəli sürmüşdü. Tehranda yaranan “Azərbaycan məsələlərini araşdıran qrup”, Yəhya Şeydanın rəhbərliyi ilə fəaliyyət göstərən “Azərbaycan maarif yığıncağı ədəbi təşkilatı” və s. bu tipli kiçik təşkilat və cəmiyyətlər azərbaycanlıların milli mədəniyyətinin inkişafı yolunda mübarizə aparırdılar. Hələ inqilabın gedişi zamanı İranda açıq fəaliyyətə başlayan istər sol, istərsə də sağ təmayüllü partiya və təşkilatların Cənubi Azərbaycanda yerli bölmələri mövcud idi. Bu dövrdə sırf azərbaycanlılardan ibarət milli partiyalar da fəaliyyətdə idi.
Cənubi azərbaycanlılar tərəfindən yaradılmış siyasi təşkilatların bir hissəsinin proqramında milli hüquqlar aparıcı xətt təşkil etsə də, əksər solçu, demokratik və digər müxalif qurumlar inqilabdan sonra siyasi hakimiyyət, siyasi sistemin və rejimin mahiyyəti və xarakterinin müəyyən olunması uğrunda mübarizə aparır, milli hüquqlardan, o cümlədən, ana dili məsələsindən köməkçi vasitə kimi istifadə edirdilər. İnqilabdan dərhal sonra xaricdə fəaliyyət göstərən sol yönümlü Azərbaycan Demokrat Partiyasının (ADP) Cənubi Azərbaycanın mühüm şəhərlərində yerli təşkilatları fəaliyyət göstərməyə başladı. ADP 1979-cu ilin aprelində elan etdiyi bəyannaməsində öz məqsəd və istəklərini belə ifadə edirdi: “Bu respublika o zaman əzəmətli və inkişaf etmiş ola bilər ki, İranın bütün insanları ictimai və siyasi həyatda azad və müstəqil surətdə iştirak etsinlər. Əgər bütün insanların milli adət-ənənələri, dil və mədəniyyətləri rəsmən tanınarsa, o zaman qarşılıqlı hörmət şəraitində yaşamaq mümkün olar. Ölkə daxilində muxtariyyətin verilməsi demokratik respublikada milli birliyin yaranması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün lazımi şərtdir”.
Azərbaycan Azadixahlar Partiyası və “Azərbaycan partizanları təşkilatı” ümumi sosial-siyasi ideallar uğrunda mübarizə aparsalar da, Azərbaycan xalqının milli maraqlarının təmin edilməsini ümumi məqsədlərinin tərkib hissəsi elan edirdilər. Sol qüvvələr bilavasitə ana dili məsələsinin həlli istiqamətində fəaliyyət göstərmir, onlar milli məsələnin yalnız sosialist dövləti qurduqdan sonra həll oluna biləcəyini qeyd edirdilər. Onların siyasi fəaliyyəti mahiyyət etibarı ilə həm də milli məsələnin həlli və onun tərkib hissəsi olan ana dili probleminin həlli uğrunda mübarizə idi.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -