Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyanın xalqdan gizlətdiyi həqiqətlər

30.11.17, 9:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa Birliyi (AB) ilə bu həftə imzaladığı tərəfdaşlıq razılaşmanın Qarabağ məsələsində Ermənistana heç bir faydası yoxdur.
Əksər kənar ekspertlər bunun hətta Ermənistanın ziyanına işləyəcəyini proqnozlaşdırırlar - artıq Qarabağ məsələsində İrəvanın ən böyük havadarı olan Rusiya ilə aralarına inamsızlıq toxumu səpilib.
Təsadüfi deyil ki, bu məsələyə “Rosbalt”da məqalə həsr etmiş şərhçi İrina Corbenadze məqaləsinin adını “Ermənistan özü özünə dolaq gəlir” adlandırıb. Müəllifin sözlərinə görə, Ermənistanda AB ilə razılaşma total eyforiya yaradıb və ekspertlərin əksəriyyəti bu fikirdədir ki, Ermənistan “böyük oyundan qalib çıxıb”, amma əslində belə deyil.
Razılaşma Ermənistan vətənlaşları üçün iki şey – “daxili azadlıq”, yəni demokratiyanın inkişafı və Şengen zonası ölkələrinə vizasız səfər imkanı vəd edib. Düzdür, “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibə verən Serj Sarkisyan bildirib ki, Ermənistan vətəndaşları heç də dərhal razılaşmanın bəhrələrini görə bilməyəcəklər. Yəni Ermənistan rəhbərliyi özünə sərf edən səviyyədə demokratik islahatlar aparacaq, Şengen vizası ölkələri isə erməni miqrantları qəbul etmək imkanı qazandıqda vizasız səfərə icazə verəcəklər. Böyük ehtimalla bu imkan Ermənistandan miqrasiyanı bir qədər də gücləndirəcək, erməni diasporunun güclü olduğu ölkələrə - Fransaya, Polşaya, İspaniyaya köçənlər çox olacaq.
Serj Sarkisyan hərbi məsələdə, daha doğrusu Qarabağ məsələsindən AB-nin Ermənistana elə də ciddi yardım vəd etmədiyini, əsas yardımı Rusiyadan aldıqlarını bildirib. Yəni Rusiya Ermənistanın sərhədlərini qoruyur, güzəştli qiymətlərlə güclü silahlar verir, Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistan KTMT-nin üzvüdür ki, bu da ölkənin birbaşa Azərbaycanın hədəfi olmaqdan çıxarır. Yəni Rusiya Azərbaycana Ermənistanla yalnız Qarabağda müharibə aparmağa icazə verir. Halbuki Rusiya amili olmasa, Azərbaycan ordusu Naxçıvandan və Gədəbəydən hücum etməklə İrəvanı bir neçə saata götürə bilər və bu, Ermənistanın ermənilərin bir yığcam yaşayış yeri kimi sonunu gətirə bilər.
Hər şeydən danışan Sarkisyan bir şeyi deməyi lazım bilməyib - nə qədər dayaz saziş olsa da, Rusiya ictimai rəyində və ekspert dairələrində ciddi narahatlığa səbəb olub. İrina Corbenadze Ermənistanın eyni vaxtda iki və ya üç stulda birdən oturmaq istəyinin ciddi mövqe itkiləri ilə nəticələnəcəyini bildirib: “(Ermənistan) eyni vaxtda “iki ananı” əmməyə məhkum “şirin buzov” vəziyyətindədir. Bu cür güclü qidalanmadan respublika heç də böyümür. Əksinə, geo-siyasi, daxili siyasi, hərbi-texniki, energetika, iqtisadi və s. sahələrdə itirir”.
Əslində, Ermənistan üçün ehtimal edilən bu itkilər ictimai rəyin təsir altında baş verəcək. Rusiya siyasi dairələri bunu Ermənistanın Rusiyaya xəyanəti kimi qəbul edirlər. Məsələn, Sarkisyanın razılaşmanı imzalanmasından bir az sonra Rusiyanın Birinci Kanalının “Zaman göstərəcək” tok-şousunda bu məsələ müzakirə olunub. Verlişdə nümayiş edilən xəritəni şərh edən aparıcı Ermənistanın Azərbaycanla müqayisədə Rusiyaya daha düşmən ölkə olduğunu bildirib. Həmçinin, Vladimir Putinə yaxın siyasətçilərdən biri Maksim Şevçenko Ermənistanı müdafiə edən polyak millətçisi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu xüsusi intonasiya ilə vurğulayıb.
Rusiyanın NTV telekanalının “Görüş yeri” verilişində isə aparıcı açıq mətnlə Serj Sarkisyanı özünə sevgili axtaran ərli qadına bənzədib. Verilişdə Avropa Birliyinin Moskvanın rəhbərlik etdiyi Avrasiya İttifaqına daxil olan ölkəni əməkdaşlığa cəlb etməsi Brüsselin Avrasiya İttifaqını dağıtmaq istəyi kimi qiymətləndirilib. Rusiya ictimai fikrinin bu dəyişikliyi hətta “Sputnik Armeniya” portalında yazılara qoyulan başlıqlarda da özünü göstərir. Məsələn, portalın bu günkü materialları arasında İrəvan xanının bağçasında olan üzüm sortları, Ermənistanda qədimdən yaşayan və erməni əlifbası ilə dini kitablara malik qıpçaq türkləri, ermənilərin qəb cizgi filmlərində cinayətə meylli xalq kimi təqdim olması ilə bağlı materiallar yer alır. Yəni ermənilərin nəinki Qarabağda, hətta Ermənistanda da gəlmə xalq olması sətiraltı ifadələrlə vurğulanır.
Əslində, Azərbaycan bu əhval dəyişməsindən Qarabağ münaqişəsinin beynəlxalq hüquq - ərazi bütövlüyü və Helsinki prisnsipləri əsasında həlli üçün istifadə etməlidir. Təbii ki, Rusiya ermənipərəst mövqeyini yumşaltsa da, Fransa bunu etməyəcək. Amma Azərbaycan Rusiyanın vasitəçiliyi ilə Fransanı münaqişənin Madrid prinsipləri əsasında həllinə razı sala bilər. Yəni Azərbaycan Erəmnistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayondan müharibə ilə çıxara bilər. Hətta erməni hərbçilər - general Arkadi Ter-Tadevosyan və tanınmış əks-kəşfiyyatçı Vladimir Vartanov bu fikirdədir ki, Rusiyanın yardımı olmadan Ermənistan ordusu həmin döyüşlərdə duruş gətirməyəcək.
Təbii ki, Azərbaycan bunu bacararsa, Ermənistanı ələ keçirmiş döyüş partiyası - Qarabağ klanı nüfuzdan düşəcək. Onların yerinə gələcək Ermənistan erməniləri isə Qarabağın Azərbaycanın tərkibində qalmasına etiraz etməyəcəklər. Ən azından öz ölkələrini də Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan kimi korrupsioner ünsürlərin bir də hakimiyyətə gəlməsindən qorumuş olacaqlar.
İsrailli ekspert Arye Qutun fikrincə, əgər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməzsə, Cənubi Qafqaz regionunda mülki əhali arasında yeni qurbanlar olacaq: “Dəhşətlisi odur ki, bu vəziyyətdən dinc sakinlər əziyyət çəkir. Erməni təcavüzünün son qurbanlarından biri Zəhra adlı balaca azərbaycanlı qız olub. O, Ermənistanın Azərbaycanın Füzuli rayonuna hücumu zamanı həyatını itirib. BMT tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə ilə bağlı bir sıra qətnamələr qəbul edilib. Bu qətnamələr yerinə yetirilməlidir. Burada əsas məsələ bu qətnamələrin yerinə yetirilməsini necə təmin etməkdir”.
Onun sözlərinə görə, dünya birliyi faşizmin, antisemitizmin, qəddar şovinizmin dirçəlməsi faktlarına etinasız qalmamalı və onun yeni formalarını dəf etməyə hazır olmalıdır: “Biz təkcə yəhudi xalqı üçün deyil, həm də eyni aqibətlə üzləşə biləcək bütün başqa xalqlar üçün öhdəlik daşıyırıq. Ən dəhşətli olan, ən böyük mənəviyyatsızlıq odur
ki, bir sıra fundamentalist və radikal dövlətlər Avropa yəhudilərinə qarşı törədilmiş Holokost barədə karikaturalar təşkil edir. Başqa bir fakt: Ermənistan prezidenti Serj Sarqsyan 2016-cı ilin mayında faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılışı mərasimində iştirak edib. İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlıqlarını tarix heç vaxt unutmayacaq. Millətçi komandir Dro və Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi minlərlə yəhudini təqib etmək və qırmaq idi. Həmin dövrdə erməni legionu cəza düşərgələrində ölüm marşları təşkil edirdi. Sual vermək istəyirəm: Doğrudanmı Ermənistanda mənim xalqımı nümayəndələrinin amansızlıqla və soyuqqanlılıqla məhv etmiş faşistlərdən başqa qəhrəmanlar yoxdur? İndi mən şərti adı “Sadıqaşvili” olan azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun qəhrəmanlığını nümunə göstərmək istərdim. Həmzə Sadıqov Stalinqrad ətrafında Sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, onun “bioloji bomba” deyilən silahının atası adlandırılan, yəhudi uşaqları üzərində qəddar eksperimentlər keçirən general Roddenburqu ələ keçirib. Həmzə Sadıqovun igidliyi sayəsində onlarla yəhudi ailəsi real ölümdən xilas olub. Bu qəhrəmanlıq sayəsində Sadıqov öz qədirbilən nəsillərinin qəlbində igidlik və ölməzlik abidəsi ucaldıb!”.
İsrailli ekspert qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi qanlı qətliam nəticəsində günahsız insanların öz hekayələri, ailələri, uşaqlıq dövrü, arzuları və gələcəyi məhv edilib.
A.Qut vurğulayıb ki, dünya birliyi Azərbaycan torpaqlarının işğalının arxasında dayanan və hətta bu gün də Ermənistanın Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamaq niyyətini mənəvi cəhətdən dəstəkləyən ölkələrin adlarını çox yaxşı bilir: “Rəsmi Bakı Yerevanla münaqişədə indiki status-kvonun qəbuledilməz olduğunu çoxdan bildirib”.
“Ermənistandakı siyasi hakimiyyətin əsas məqsədi münaqişənin həll edilməsinə mane olmaqdır. Cəbhə xəttində sonuncu dəfə vəziyyətin pisləşməsi bir daha təsdiq edir ki, Ermənistan sülhün bərqərar olmasında, sadəcə maraqlı deyil. 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi. Bu hadisələr bir şeyi bir daha ortaya qoydu: Yerevan başa düşməlidir ki, Azərbaycanın səbri son həddə çatıb. Bundan əlavə, beynəlxalq hüquq normalarına görə rəsmi Bakının nəinki müdafiə olunmaq, həm də Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququ var. Təəssüf ki, beynəlxalq münasibətlərin amansız reallıqları dünya arenasında güc amilinin daha effektiv təsirə malik olduğunu sübut edir. Aydındır ki, Cənubi Qafqaz regionunda hazırkı gərginlik Ermənistanın işğalçılıq siyasəti və onun danışıqlar prosesini pozmaq cəhdləri ilə bağlıdır. Bundan başqa, bu, Ermənistan rəhbərliyinin günahıdır.
Cavid

Bu xəbər oxundu
- - -