Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xəzər düyünü çözülür

05.12.17, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq"

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.
Görüşdə Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya və Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünə hazırlıq məsələsi müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında bildirib ki, bu görüş Xəzərin hüquq statusu ilə bağlı Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır: "Biz bu məsələlər ətrafında müzakirələr apardıq. İrəliyə getmək üçün yaxşı imkanın olduğu qeyd olundu. ".
Məmmədyarov vurğulayıb ki, Xəzərin statusu ilə bağlı bütün görüşlər mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı, Xəzər regionunun çiçəklənməsi baxımından tarixi əhəmiyyət daşıyır: “Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb edir".
Nazir ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
O, Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.
Elmar Məmmədyarov beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.
Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə “Xəzər beşliyi”ndə əməkdaşlığın səviyyəsindən razı qaldığınl deyib: “Biz Xəzər beşliyində qarşılıqlı fəaliyyətin inkişafından razıyıq. Ümid edirik ki, 2018-ci ildə Qazaxıstanda keçiriləcək konfransda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın etibarlı hüquqi əsası olacaq".
Toplantıdan sonra keçirilən mətbuat konfransında çıxış edən Sergey Lavrov Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə edildiyini bildirib.
O deyib ki, konvensiyanın mətni faktiki olaraq hazırdır: "Bu yaxınlarda sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasına hazırlıq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Ümid edirik ki, Sammit gələn ilin 1-ci yarısında baş tutacaq.
Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxtı barədə son qərar Qazaxıstan rəhbərliyi tərəfindən veriləcək".
Sergey Lavrov Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyişin əldə olunduğunu da vurğulayıb.
Sergey Lavrov bildirib ki, bütün sənədlər ekspertlər səviyyəsində müzakirə edilir: "Onların konvensiya ilə yanaşı təsdiq üçün Sammitə çıxarılmasını planlaşdırırıq. Xüsusilə görüşdə dəniz mühitinin qorunması ilə bağlı Tehran çərçivə sazişinin icrasındakı problemi qeyd etdik. Bu saziş çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokolun qəbulu barədə razılığa gəldik. Rusiya bu mövqedən çıxış edir ki, bu protokol Konvensiyaya kimi imzalana və ya imzalanma dövlət başçılarının təsdiqindən sonra da baş tuta bilər. Bugünkü görüşü pozitiv qiymətləndiririk. 20 illik işi yekunlaşdırdıq. Konvensiyanın mətni ölkə başlarına təqdim ediləcək və ümid edirik ki, onlar tərəfindən də dəstəklənəcək".

Bu xəbər oxundu
- - -