Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Tramp 1, 5 milyard müsəlmana qarşı müharibə elan edir“

07.12.17, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hətta Roma papası da onun bu hərəkətini pisləyib

"Express" qəzeti Türkiyənin baş naziri Binali Yıldırımdan sitat gətirərək yazır ki, Donald Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımaq qərarı, müqəddəs müharibə və ya cihadı qızışdıra, regional problemləri həllsiz qoya bilər. O, ABŞ prezidentini tez bir zamanda fikrini dəyişməyə çağırıb. Bu arada prezident Rəcəp Tayyip Ərdoğanın sözüçü bildirib ki, ABŞ "regionu və dünyanı sonu görünməyən od-alova atır".
Trampın Qüdsü İsrailin paytaxtı elan etmək və ABŞ səfirliyini Təl Əvivdən müsəlmanların Qüds adlandırdıqları bu şəhərə köçürmək qərarı bir çox başqa dünya liderləri tərəfindən də kəskin pislənib. Hətta Roma papası da bu hərəkəti pisləyərək status kvo-nun saxlanmasına və BMT qətnamələrinə əməl olunmasına "çox güclü çağırış" edib.
Papa Fransis deyib: "Mən bu vəziyyət barədə dərin narahatlığımı gizlədə bilmirəm". O, cənab Trampı "Müqəddəs torpaqda bütün insanların haqqını tanımağa" və "dialoqu davam etdirməyə" çağırıb. Roma Papası ümid etdiyini bildirib ki, "onsuz da qəddar münaqişələrlə dolu dünyaya yeni gərginlik gətirilməməsi üçün müdriklik və sağlam düşüncə üstün gələcək".
Buna baxmayaraq, Tramp Ərəb dünyasının çağırışlarını rədd edərək ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə qərar verib. Ağ Evdə çıxış edən prezident deyib ki, onun bu qərarı "reallığın etirafından başqa bir şey deyildir və görülməsi vacib olan düzgün işdir". O, Dövlət Departamentinə Yerusəlimdə yeni ABŞ səfirliyi üçün yer seçilməsini tapşırıb. Trampın bu tədbiri 6 ay ləngidən sərəncam imzalamasına baxmayaraq, səfirliyiun köçürülməsinə illərlə vaxt lazım gələ bilər.
Bununla yanaşı, Donald Tramp deyib ki, o, fələstinlilərlə israillilər arasında hər iki tərəfə sərfəli sülh razılaşmasının imzalanması üçün əlindən gələni əsirgəməyəcək.
Qüds həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar üçün müqəddəs şəhər sayılır. Yaxın Şərqdə 1967-ci il müharibəsindən sonra İsrail Qüdsü öz paytaxtı elan edib. Lakin bu iddia dünya birliyi və fələstinlilər tərəfindən tanınmayıb. Fələstinlilər iddia edirlər ki, Qüds onların gələcək ölkələrinin paytaxtı olmalıdır. Fələstinin Britaniyadakı baş nümayəndəsi Manuel Həssasian hələ bu qərar elan edilməzdən əvvəl Trampı kəskin tənqid etmişdi. O, BBC televiziyasına demişdi ki, Qüdsin İsrailin paytaxtı elan edilməsi "iki dövlət həllinə ölüm hökmü olacaq".
"O, Yaxın Şərqdə müharibə elan edir, 1, 5 milyard müsəlmana və müqəddəs ocaqların tamamilə İsrailin nəzarətinə keçməsini qəbul etməyən yüz milyonlarla xristiana müharibə elan edir" - Fələstin nümayəndəsi demişdi.
İranın ali rəhbəri Əli Xameneyi Trampın bu addımını "səriştəsizlik və iflas" adlandırıb. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu isə Trampın qərarını "qanunsuz hərəkət" kimi qiymətləndirib. Nazir CNBC telekanalına deyib: "İsrail müsəlman ölkələri ilə münasibətlərini normallaşdırmağa çalışır. Bu addım onun bu niyyətinə xidmət etməyəcək". Nazir xəbərdarlıq edib ki, Trampın qərarı Türkiyə və İsrail arasındakı münasibətlərin qırılmasına səbəb ola bilər. "Biz ABŞ-ı xəbərdar edirik ki, bu addım BMT qətnamələrinə, beynəlxalq qanun və sazişlərə ziddir" -Türkiyə naziri deyib.

Trampın Qüdslə bağlı qərarının 4 səbəbi

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan edəcəyi barədə bəyanatının arxasında 4 səbəb var. Tramp bununla seçicilər qarşısında şou göstərir, icraatçı olduğunu sübut edir, Fələstinə gövdə göstərişi edir və məlumatsız şəkildə səhv yönləndirilir. ABŞ-ın "Brookings" institutu 1 dekabr tarixində sorğu keçirib və məlum olub ki, amerikalıların 63 faizi səfirliyin Qüdsə keçirilməsinin əleyhinədir. Görəsən, Tramp bu qədər sərt reaksiyaya səbəb olan qərarında israr edir?

22 il sonra qərar qəbul edən prezident olmaq istəyi


1.Tramp "iş görən prezident" olduğunu sübut etməyə çalışır.ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərarı 1995-ci ildə qəbul edib. Amma heç bir prezident bu addımı atmamışdı. Vəzifəyə başladığı gündən konkret addımlar atmadığı üçün tənqid edilən Tramp bu qərarı 22 ildən sonra həyata keçirən ilk prezident olmaq istəyir.

Seçici sayını artırmaq istəyi

2.Tramp Respublikaçı seçicilər qarşısında şou göstərir. "Brookings"in araşdırmasına əsasən, Demokratların böyük əksəriyyəti Qüds qərarının əleyhinədir. Respublikaçılar isə bu mövzuda iki yerə bölünüblər. Tramp isə yəhudi lobbisi vasitəsilə respublikaçıların səs faizini artırmağa çalışır.

Filistinə güc göstərmək

3. Sülh əldə etmək üçün Fələstinə güc göstərir. Bu teoriyaya əsasən, Tramp "İsrail-Fələstin problemini həll edən prezident" olmaq üçün Fələstini danışıqlar masasında daha çox çətin vəziyyətə salmaq üçün bu qərarı qəbul edib.

Səhv yönləndirilmə

4. Tramp səhv və ya məlumatsız şəkildə yönləndirilir. Ehtimal edilir ki, Tramp səfirliyi köçürmək qərarının səbəb olacağı nəticələri görə bilmir və müşavirləri tərəfindən səhv yönləndirilir.

Dünya Trampın qərarına qarşı –BMT toplanır

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı dünyanın ayağa qaldırıb. Belə ki, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına başda BMT və Avropa Birliyi olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin və digər nüfuzlu ölkələr etiraz ediblər və bu qərarın fəlakətə səbəb olacağını vurğulayıblar.
Müsəlman ölkələrindən Türkiyə, Misir, İran, Səudiyyə Ərəbistan və digər ölkələr də gecəylə bəyanat yayaraq, Trampın qərarını tanımadıqlarını rəsmən bildiriblər. Əlavə olunub ki, bu, həm beynəlxalq təhlükəsizliyə, həm də BMT qərarına hörmətsizlikdir. Bu arada o da məlum olub ki, bu gün BMT Təhlükəsizlik Şurası da Trampın qərarı ilə bağlı toplanacaq.
Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə –Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib. Fələstin lideri Mahmud Abbas isə Trampın qərarını tanımadıqlarını, bunun İsraillə danışıqlara zərbə vurduğunu vurğulayaraq, "Qüds Fələstinin tarixi paytaxtdır. Trampın qərar isə o deməkdir ki, ABŞ artıq vasitəçi statusunu itirdi", – deyə bildirib.

“Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün sülh səylərini pozacaq”

"ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması faciəvi, qanunsuz və beynəlxalq hüquqa zidd qərardır". Bunu Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim deyib. Diplomat qeyd edib ki, bu qərar bütün sülh səylərini pozacaq və dünyada sülh və sabitliyə daha geniş böyük təsir göstərəcək.
Onun sözlərinə görə, bu, ekstremistlər üçün hədiyyə, beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə və insan haqlarına məhəl qoymayan işğalçı müstəmləkə hakimiyyəti üçün mükafatdır: "Əl-Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Bu məkan İslamda və üzünü bu istiqamətdə tutub dua edən milyonlarla müsəlmanın qəlbində unikal yerdir. Eyni sözlər, dünyanın müxtəlif yerlərində olan xristianlar üçün də keçərlidir".

ABŞ-dan Fələstinə daha bir zərbə - iqtisadi blokada

Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə paralel olaraq ABŞ hökuməti Fələstinə iqtisadi blokada tətbiq edib. ABŞ Təmsilçilər Məclisi Fələstinə edilən yardımların kəsilməsinə qərar verib. Beləliklə, İsrail tərəfindən cəzalandırılan və ya həbs edilən fələstinli ailələrə ödənilən 300 milyon dollarlıq pul yardımı dayandırılıb. Bu barədə Xarici İşlər Nazirliyinə də xəbərdarlıq göndərilib.
Fələstin hökumətinə isə zərər çəkən ailələrə maliyyə yardımının dayandırılması barədə tələb göndərilib. Qərara şərh verilmədiyi üçün layihə yenidən müzakirə edilməyəcək. Layihənin təsdiq edilməsi üçün ABŞ senatı və prezident tərəfindən imzalanması lazımdır. Maliyyə blokadası Qərbi Şəriə bölgəsində xidmət edən təhlükəsizlik qüvvələrindən başqa, sadəcə Qüds ərazisindəki fələstinlilər üçün nəzərdə tutulub. Yardım layihəsinin Donald Trampın Qüdsü paytaxt elan etməsindən sonra ləğv edilməsi xeyli diqqət çəkib. Beləliklə, ABŞ Fələstini həm siyasi, həm də iqtisadi blokadaya salıb.

İran XİN: "ABŞ-ın qərarını qətiyyətlə pisləyirik"

İranın Xarici İşlər Nazirliyi Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması barədə qərarı qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi dəyərləndirib. “TASS” xəbər verir, bu barədə İran XİN bəyanat yayıb.
İran XİN-in yaydığı bəyanatda qeyd olunub ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi əhəmiyyəti var: "İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirir, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün işğalına son qoymaq üçün əməli addımlar atmağa çağırır", - bəyanatda vurğulanıb.

“Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır”

Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.
TASS xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterriş deyib.
“Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır”, – deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin “sülh içində, təhlükəsizlikdə yaşayan” və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib. “B” planı yoxdur”, – deyə o əlavə edib.

Bu xəbər oxundu
- - -