Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əkiz talelər

11.12.17, 9:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hüseynağa Qəniyev

Dostum, həmkarım Əlövsət Bəşirli üçün

Onu 57 ildir ki, tanıyıram. Uzun müddətdir... Bir igidin ömründən də çoxdur.
Bu illər adi illər deyil. Onun içində atası müharibədə həlak olmuş tifil, kimsəsiz uşağın müharibənin yaratdığı dəhşətli sarsıntıları, yeniyetməliyin həyat eşqi, gəncliyin - tələbəlik illərinin enerjisi, cəmiyyətdə özünü tapmaq cəhdi - iradəsi, ondan doğan hüdudsuz arzu və istəklərin həyata keçmək imkanlarının məhdudluğu ilə təbii, amansız və barışmaz mübarizəsi, ahıllığın müdrikliyi dayanır. Yox, dayanmır, bədii yaradıcılığının realist fəlsəfəsinin əks-sədası kimi oxucularının ruhunda yaşayır.
Atası Ağamalı kişi müharibənin faciəvi fəlakətlərinin caynağından qurtula bilmədi. Özü – atasının yeganə yadigarı Zinyət ananın koməyilə müharibənin arxa cəbhədə yaratdığı səfalətin məngənəsindən xilas ola bildi.

***

...Zaman dəmirçi körüyü kimi od püskürür, hər şeyi yandırıb külə, soyudub buza döndərirdi. Yalnız dəmirə gücü çatmır, onu qızdırıb soyudur və daha da möhkəmlədib polada çevirirdi. Belə şəraitin məhsulu kimi Əlövsətin iradəsi polada, uşaqlığı kişiliyə çevrildi. Yazılarımın birində bu prosesi belə təsvir etmişəm: “Kişilər var idi, kişilər, üç yaşında, dörd yaşında, beş yaşında kişilər”. Əlövsət həmin kişilərdən biri oldu. Belə insanlar erkən yaşlarından həyatın soyuq, zalım, ədalətsiz, Alber Kamyunun təbirincə “absurd” üzünü gördükləri üçün hər adama nəsib olmayan iki fenomenal sərvət qazanırlar. Birincisi, onlar həyatı üzdən yox, içəridən, ən alt qatlarından görüb-götürür, ikincisi onların polad iradələrinə özgələrinin, cəmiyyətin tör-töküntülərinin sırımaq istədiyi şablon qəlibdən, matrisadan çıxan, özgə həyatı sırımaq mümkün olmur. Belə insanlar üçün ümumi məna daşıyan “mən” anlayışı özəl, şəxsi, orijinal həyata, sözün həqiqi mənasında mənliyə çevrilir. Həmin şəxsiyyətlər özlərinin təbii həyatlarını yaşamaq şərəfinə nail olurlar. Bu işin əlahiddə çətinliyini sonadək araşdıran XX əsrin dahi filosofu Martin Xaydeqqer nəticədə belə qənaətə gəlib: “Hər kəs başqasıdır ki, var. Heç kim özü ola bilmir”.
80 il özünü içində qoruyub yaşadan Əlövsət Bəşirli, gerçəkdə və bədii yaradıcılıqda həyatı dərindən, insanları hiss və həyəcanlarından, psixoloji sarsıntı və təəssüratlarından, ictimai hadisələri sosial baxımdan özünəməxsus ustalıqla görür, təhlil edir və qələmə alır. O, ictimai rəydə formalaşıb, dəmir məntiqə, düyünə, daşa dönən, trafaretlərdən orijinal həyat tərzi, yazı üslubu və iradə enerjisilə yan keçir, fərdlə cəmiyyətin qarşılıqlı münasibətində individiumun buqələmunluğu ilə barışmır.
Bununla əlaqədar həyatından və bədii yaradıcılığından bir-iki epizodu xatırlamaq yerinə düşər:

Həyatda:

Ötən əsrin 50-ci illərində qəbul olunan əxlaq normalarına görə, böyüklərin kiçikləri tərbiyə metodunda “danlamaq, danlamaq, qınamaq, qınamaq” formulu dominantlıq edirdi. Uşaqlar isə başlarını aşağı dikib deyilənləri danışıqsız qəbul etməli idilər. Böyüklərin dediklərinə münasibət bildirmək “böyüyün üzünə ağ olmaq”, “nəzakətsizlik” sayılırdı. Hətta ana dilimizdəki “hə”, “yox” ifadələrini işlətmək belə ədəbsizlik hesb edilirdi. Gərək “bəli”, “xeyir” deyiləydi.
Əlövsət 9-cu sinifdə oxuyarkən məktəbin direktoru əsəbi halda sinifə daxil olub şagirdləri danlamağa başladı:
- Hamınız savadsızsınız, heç nə bilmirsiniz, oxumursunuz və s.
Otağa soyuq bir sükut çökdü. Hamı başını aşağı salıb, peşmançılıq, xəcalət nümayiş etdirməyə çalışdı. Əlövsət isə direktorun gözünün içinə baxıb danışmaq üçün əlini qaldırdı. Direktoru heyrət bürüdü. Üzünü Əlövsətə tutub daha acıqla səsləndi:
- Dur görüm, nə demək istəyirsən?!
- Müəllim, sizin dedikləriniz mənə aid deyil. Mən dərslərimi oxuyuram və bilirəm. Savadsız da deyiləm, deyə halını pozmadan cavab verdi.
Direktor hövsəldən çıxdı. İstehza ilə üzünə təbəssüm imitasiyası verərək:
- Rəhmətliyin nəvəsi, hətta dahi yunan alimi Arximed də “bircə onu bilirəm ki, heç nə bilmirəm” deyib. Sən isə deyirsən ki, hər şeyi bilirəm.
Əlovsət: - Arximedlə razıyam. O mənada heç nə bilmirəm. Amma dərslərimi oxuyuram, bilirəm və savadsız da deyiləm, - deyə israr etdi.
Direktor Arximedin də ona kömək edə bilməyəcəyini anlayıb, bir az yumşaq tərzdə:
- Mən də onu istəyirəm. Otur, - dedi.
Direktor uzun müddət bu dialoqun təsirindən ayrıla bilmədi. Ayırd edə bilmədi ki, Əlövsətin hərəkətini təqdir və ya tənqid etsin. Hər halda direktorun dəmir məntiqində çat yarandı.

Bədii ədəbiyyatda:

“Bir dəfə biçindən sonra yerə tökülən sünbülü yığdığı zaman sədr onun torbasını alıb qəzəblə yerə çırpdı, qamçılaya-qançılaya atın qabağına qatıb kövşəndən qovmaq istəyəndə o nə qorxdu, nə də çəkindi, qamçının şaqqıltısı altında geriyə, atın üstünə boylandı:
- Şaban əmi, niyə qoymursan sünbülü yığım? Anam deyir get yığ, hayıfdır, onsuz da torpağa qarışıb çürüyəcək. Niyə qamçılayırsan, qovursan məni?
Sədr “Kəs səsini!” – deyə qışqırdı, - Adın nədi, kimin oğlusan?
- Adım Dönməzdi, Aslan kişinin oğluyam.
O, qamçısını başının üstündə fırladaraq bağırdı:
- Bunun yekə-yekə danışmağına bax, rədd ol burdan. Bir də səni buralarda görməyim. Dönməz. Adına-zadına bax!
Sədr atını çapıb getdi, öz aləmində bu balaca oğlana gücünü göstərdi. Ancaq bilmədi ki, ona həyat dərsi, güc verdi. Döyüb təhqir etdiyi bu uşağın ürəyində əzazil, ədalətsiz insanlara nifrət hissi oyatdı.” (Əlövsət Bəşirli, “Zirvədən zülmətə”, povest, Pərviz nəşriyyatı, Bakı – 2010, səh 12-15)
Əlövsətin qələminin məhsulu olan bu kiçik parçada iki fəlsəfənin, dünyagörüşünün, psixologiyanın üz-üzə dayandığını görürük. Kolxozun sədri Şabanın köhnə, ənənəvi, amiranə baxışları və zamanın sarsıntıları ilə çarpışan balaca, tifil, kimsəsiz uşağın – Dönməzin iradəsinin formalaşması çox real və daxili psixoloji cizgilərlə təsvir olunub.
Şaban özünü qalib sayırdı. Lakin Dönməzdən başqa heç kim başa düşmədi ki, o biabırçılıqla məğlub oldu. Sındırmaq istədiyini bərkitdi, möhkəmlətdi, daha böyük mübarizələr üçün formalaşdırdı.

***

Əlövsətin iradəsi ilə əxlaqı, həyatı ilə yaradıcılığı sıx vəhdətdə olduğu üçün hər iki istiqamətdə bu səpgidə çoxlu nümunələr gözstərmək mümkündür.

***

Əlövsət ilk həyat imtahanından uğurla çıxdı. Orta məktəbi “Qızıl medal”la bitirib Azərbaycan Dövlət Universitetinin Filalogiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldu. O zaman ali məktəb sistemində iki prestijli fakültə vardı: jurnalistika və hüquq.
Taleyin qismətindən sonralar mən də jurnalistika şöbəsində oxuyanda bildim ki, Əlövsətin oxuduğu 1-ci “j” qrupu o vaxtadək jurnalistika kafedrasının tarixində ən uğurlu qrupdur. Həyat bunu bir daha təsdiq etdi. Milli Təhlükəsizlik naziri Namiq Abbasov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Rafiq Zeynalov, həmçinin bir neçə professor, elmlər doktoru, respublikada tanınmış, görkəmli jurnalist həmin qrupun məzunları oldu.
Tələbəlik illərində biz həmin qrupla fəxr edir, onlara oxşamağa çalışırdıq.

***

Bir dəfə Əlövsətdən soruşdum:
- Jurnalistika səni seçib, ya sən jurnalistikanı?
O, gülümsəyərək mənə baxdı. Baxışlarından hiss etdim ki, sual gözlənilməz oldu. Mənə elə gəldi ki, o, “əlbətdə, mən jurnalistikanı seçmişəm” düşündü.

Haşiyə:

Fikrimcə əsil jurnalistləri jurnalistika özü seçir. Çünki yaradıcılıq nə sənətdir, nə peşə, nə də ixtisas: yaradııcılıq insanın xilqəti, fitrəti, təbiəti ilə bağlı anadangəlmə xüsusiyyətdir. Təhsil, bilik, təcrübə mövcud olanı cilalayır, təkmilləşdirir, toxumu cücərdir, insanın təbiətinə girib genetik kodunu dəyişə bilmir. Necə ki, yalnız almazı cilalayanda brilyanta çevrilir.
Bu fikir təkcə jurnalistika və jurnalistlərə aid deyil, yaradıcılıq yaradanın əlaməti olduğu üçün insan fəaliyyətinin bütün istiqamətlərinə və yaradıcı insanlara aiddir. Hazırki tərəqqi, dünyəvi, bəşəri sivilizasiyanın çiynində durur.
Jurnalistika həm də mübariz və şərəfli fəaliyyətdir. O, cəmiyyəti marifləndirir, insanlara həqiqəti çatdırmağa çalışır. Hesab edirəm ki, fəlsəfənin əsas məsələsi nə materiya, nə də ideyadır: “İnsan həyatının mənasıdır”. İnsan həyatının mahiyyəti azadlıqdan, azadlığın yolu isə həqiqəti dərk etməkdən keçir. Azadlıq dərk olunmuş həqiqətdir. Həqiqətlə silahlanmış insan, xalq ağa, yalanla silahlanan isə kölədir. Bu mənada jurnalistika azadlıqla insanlığın əlaqələndiricisi olduğu üçün jurnalistdən zəka, vicdan və şərəflə yanaşı mübarizlik də tələb edir.

***

Təəssüf ki. həmişə belə olmur. Xüsusi rejimli cəmiyyətlərdə jurnalist gördüyünü, düşündüyümü, həqiqəti nəinki yaza, hətta danışa bilmir. Nəzəriyyə ilə təcrübə arasındakı bu paradoks tələbəlik illərində məni dərindən düşündürürdü. Sonralar başa düşdüm ki, qeyri demokratik cəmiyyətlərdə jurnalistin istedadının dəyərləndirilməsi onun jurnalsitlik istedadının səviyyəsindən asılı deyil, yaşadığı ictimai quruluşun mahiyyətindədir.
Demokratik ölkələrdə azadlıq, insan haqları, qanunun aliliyi, həqiqətə ehtiram; diktatura rejimində diktatorun şəxsiyyətinə pərəstiş, mütilik, yaltaqlıq, yalan və haqsızlıq istedad, igidlik, vətənpərvərlik, hətta qəhrəmanlıq meyarlarıdır.
Müəllimlərimiz, xüsusilə də Şirməmməd Hüseynov cəmiyyətdəki bu natarazlığa arabir eyham vururdu. O zaman auditoriyada yalanın ayaq tutub yeriməsi, hətta qanadlanaraq mahnıya çevrilməsi haqqında danışmaq böyük iradə və cəsarət tələb edirdi.
O deyirdi ki, yalanla həqiqətin yeri təkcə mətbuatda səhv düşməyib, yalan uzun illər ərzində uşaqdan böyüyədək müxtəlif təsir vasitələri ilə demək olar ki, hamının beyninə, şüuraltına möhkəmcə yerləşdirilib.
Şaxtalı-qarlı günlərin birində çörək mağazasının qarşısında növbəyə dayanan adamların yanından keçərkən gördüm ki, ayaqlarına köhnə əsgər çəkmələri, lüt bədəninə cırıq-yırtıq sırıqlı keçirmiş bir yeniyetmə soyuğun və aclığın təsirindən tir-tir əsə-əsə, üşüməsin deyə aramsız ayaq döyə-döyə müğənni Bülbülün o zaman geniş yayılmış mahnısını həvəslə oxuyurdu:
“ Əcəb ağ gündədir mənim Vətənim!”

***

Ali məktəbi bitirdikdən sonra Əlövsət bir müddət Azərbaycan KP MK-nın Səlyanda çıxan rayonlararası qəzetində, respublika radiosu və televiziyasında çalışdı. Daha sonra Mərkəzi Komitənin xüsusi təyinatıyla Cəlilabad rayon qəzetinə redaktor göndərildi. Beləliklə, müstəqil rəhbər işdə onun fəaliyyəti üçün geniş imkanlar yarandı. Qəzetin fəaliyyətinin balansını rayonda sosializm, təsərrüfat və mədəni quruculuq işlərinin işıqlandırılması isə neqativ hallara qarşı mübarizənin vəhdətində gördü.
Nəticədə “Yeni gün” rayon qəzetinin adı respublikanın sərhədlərini aşdı, Sovet İttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yüksək mükafatına layiq görüldü. Əlövsət isə şəxsi jurnalistlik fəaliyyətinə - satirik, tənqidi yazılarına, felyotonlarına görə “SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı” adını aldı və ittifaqın İdarə Heyətinin şəhər və rayon qəzetləri bürosuna Azərbaycandan qəbul olunan yeganə üzv kimi tarixə düşdü.
1980-ci ildə Əlövsət Bəşirli Cəlilabad rayon Partiya Komitəsinin ikinci katibi seçildi və 10 il həmin çətin, mürəkkəb vəzifədə işlədikdən sonra Bakıya köçdü.
Müstəqillik dövründə tələbə yoldaşı Namiq Abbasov onu Milli Təhlükəsizlik Nazirliyinə işə dəvət edərkən elə bildi ki, ona nazirliyin mətbuat xidmətində ehtiyac var. Belə olmadı. Nazir ona kadrlar idarəsi rəisinin müavini vəzifəsini təklif edərkən dedi:
- Birincisi, partiya işində kadrlarla iş sahəsindəki təcrübə və bacarığını nəzərə alıram. Bundan əlavə nazirlik fəaliyyətini rus dilindən Azərbaycan dilinə keçirir. Hazırki kadrlarımız rusdillidirlər. Azərbaycan dilli milli kadrlara ehtiyacımız var.
Burada 6 il işlədikdən sonra Azərbaycan dilində dərsliklər, təlimatlar və digər sənədlər nəşr etmək üçün nazirliyin Akademiyasında redaksiya-nəşriyyat şöbəsinin rəisi, baş redaktor vəzifəsinə keçirildi, 70 yaşının tamamında polkovnik hərbi rütbəsində pensiyaya çıxdı.
Həyat insanı pillə-pillə ucaltdıqca, dünya dərədən, düzdən, yamacdan, zirvədən müxtəlif formada göründüyü kimi, həyatda da insanların simasını müxtəlif pillələrdə və məqamlarda öz rəngində göstərir. Əlövsətin bədii təxəyyülü üçün bu böyük və zəngin materiala çevrildi. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, silahını yerə qoymadı. Müxtəlif dövrlərdə dövri mətbuatda – “Ədalət” qəzetində, “525-ci qəzet”də, “Ulduz”, “Yada düşdü”, “Azərbaycan” və digər qəzet və jurnallarda çap olundu. “Qəsd” romanını, “Səssiz cinayət”, “Qanla suvarılan ağac”, “Zirvədən zülmətə” povestlərini, ömür-gün yoldaşı, dəyərli insan, görkəmli jurnalist – redaktor Dilarə xanım Vəkilova ilə birgə “Bizim dünya” və digər kitabları nəşr etdirdi.

***

O, təqaüdə çıxandan sonra daha böyük enerji və həvəslə yaradıcılığını davam etdirir. Hər dəfə özünəməxsus forma və üslubda yazdığı yeni, orijinal esse və ya hekayəsini oxuyanda qulağıma çox uzaqdan bir səs gəlir: Ehey...! Bu “MƏN”əm, “ÖZÜM”əm, “DÖNMƏZ”əm, “ƏLÖVSƏT BƏŞİRLİ”yəm!

P.S. Əlövsət haqqında yazarkən bəzən hər şeyi unudub elə zənn edirdim ki, özüm haqqında yazıram. Çünki talelərimiz ekiz qardaş kimi bir-birinə bənzəyir. Mənim də atam müharibədə həlak olub, onun keçdiyi qanlı-qadalı uşaqlıq illərinin sarsıntılarından mən də keçmişəm. Ondan bir il sonra orta məktəbi, jurnalistika fakültəsini bitirib qəzetdə işləmişəm. Əlöbsət Cəlilabadda raykomun ikinci katibi olanda mən Lənkəran şəhər komitəsində ikinci katib işləmişəm. Hər ikimizin 1 oğlu, 3 qızı var. ən nəhayət o, əmək fəaliyyətini nəşriyyat direktoru, mən isə ANS teleradio şirkətində baş redaktorun müavini kimi başa vurmuşam.
Əlövsət Bəşirli hazırda zillətdən başlanan şərəfli həyat yolunun fərəhli zirvəsindədir.
Zirvədən isə dünya daha geniş, üfüqlər uzaq, səma yaxın, həyat isə daha işıqlı, aydın və maraqlı görünür.

Bu xəbər oxundu
- - -