Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaqların inkişafında Azərbaycan modeli

11.12.17, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sağlamlıq imkanı məhdud olan Rauf Rəhimov (ad şərtidir) uşaq yaşında başından əməliyyat olunub: “İki yaşımda başımın arxa hissəsindən çiban çıxıbmış. Cərrahiyyə əməliyyatı zamanı həkimin səhvi ucbatından əsəb sistemim zədələnib. Məni əməliyyat edən həkim erməniymiş. Əməliyyatdan sonra ayaqlarım işləmədi. Buna baxmayaraq oxumaqdan əl çəkmədim. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirdim. Əvvəl anam, daha sona atam rəhmətə getdi. Bacımla birlikdə yaşayırdıq. O, ailə həyatı qurdu. Mən də bir müddət tək yaşadım. Fiziki baxımdan əngəlli olsam da heç vaxt özümü tənha və aciz hiss etməmişəm. Mənə hər zaman dövlət tərəfindən də xüsusi qayğı göstərilib”.

“Layihələrdən 67-si uşaqlarla bağlıdır”

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir ölkənin, xalqın inkişaf göstəricisi sayılır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir.
Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlamasında bildirib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasının daim diqqətdə saxlandığını, bu istiqamətdə məqsədyönlü işlərin aparılır:“Hazırda nazirliyin sifarişi ilə müxtəlif təşkilatlar tərəfindən 70-dən çox sosial xidmət layihəsi icra olunur ki, onlardan 67 layihə məhz uşaqlarla bağlıdır. Eyni zamanda bu layihələrin sayı da ildən ilə çoxalır. Məsələn, ƏƏSMN-nin sosial sifarişləri əsasında müvafiq təbəqədən olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi üzrə layihələrin sayı bu il ötən illə müqayisədə iki dəfədən çoxdur. Bu layihələr çərçivəsində sosial xidmətlərlə əhatə olunan uşaqların sayı iki dəfədən çox artaraq 4046 nəfərə çatıb”.
Səlim Müslümov bildirib ki, qeyd olunan layihələr çərçivəsində hazırda 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin məqsədilə günərzi xidmət mərkəzləri yaradılıb: “Həmçinin sosial sifarişlər üzrə layihələrə uyğun olaraq 23 rayonda sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri mərkəzi, 22 rayonda isə sosial reabilitasiya xidmətləri mərkəzi, 2 surdoloji mərkəz, autizm sindromlu uşaqlar üçün 2 reabilitasiya mərkəzi fəaliyyət göstərir”.

Uşaq hüquqları

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hər il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürüb. Keçirilən aylığın məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bir ay ərzində ölkənin şəhər və rayonlarındaOmbudsmanın əməkdaşları tərəfindən uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edən dəyirmi masalar, treninq-seminarlar keçirilib, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunub.
Keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Ombudsman Aparatının əməkdaşları ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyünü, eyni zamanda Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyi barədə məlumat verirlər.
2009-cu ildə referendum yolu ilə Konstitusiyaya uşaq hüquqlarının təmini baxımından bir sıra mühüm əlavə və dəyişikliklərinolunduğunu, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəaların daxil edildiyi vurğulanıb.
Qeyd edək ki, Uşaqların hüquqları cəmiyyətdə, ailədə müdafiə olunması məqsədi ilə BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi” daha sonra 1989-cu il tarixli “Uşaq Hüquqları Konvensiyası” qəbul edilib.

Erkən nikahlarla bağlı çox sərt addımlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva açıqlamasında bildirib ki, bu gün uşaq hüquqlarının qorunması üçün qanunvericilik bazası günü-gündən təkmilləşdirilir, milli fəaliyyət proqramları qəbul edilir. Ana və uşaqların sağlamlığının qorunması, insan alveri qurbanı olan uşaqların reabilitasiyası, uşaqların icbari dispanzerizasiyası istiqamətində qərarlar da bu qəbildəndir: “Komitə tərəfindən aztəminatlı, sağlamlıq imkanı məhdud olan uşaqlar, eləcə də erkən nikah, məişət zorakılığı istiqamətində təhlillər aparıldığını bildirib. Bu gün dünyada gedən proseslərin fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanması ən vacib məsələdir. Çünki hazırda cəmiyyətin gələcəyini təhlükə altına qoymaq istəyən qüvvələr ilk növbədə ailə dəyərlərinə zərər vururlar”.
Komitə rəsmisi deyir ki, Azərbaycanda uşaqların zorakılıqdan müdafiəsi çox güclü qanunvericilik bazası ilə tənzimlənir: “Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün komitə tərəfindən hazırlanan təkliflərin artıq qəbul edilərək qüvvəyə minməsini yaxşı hal kimi qiymətləndirilir. Rəsmi statistika uşaqlara qarşı zorakılıq hallarının azaldığını göstərir. Amma hər birimiz bilirik ki, statistikaya daxil edilməyən məsələlər də var. Bu gün uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıq halları diqqətimizdədir. Erkən nikahlarla bağlı statistika da bizi çox narahat edir. Qanunvericilikdə bununla bağlı çox sərt addımlar atılıb. Amma təəssüf edirəm ki, cəmiyyətdə bu addımlara qarşı adekvat cavab görə bilmirik”.
Komitənin uşaqların internet təhlükəsizliyinin qorunması üçün təkliflər hazırlamağa başlandığını bildirən Aynur Sofiyeva qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin qorunması üçün internet klublarda onlar üçün ayrıca filterləşdirilmiş proqramları olan kompyuterlərin istifadəyə verilməsi, klublarda müşahidə kameralarının qurulması, evlərdə uşaqların filterləşdirilmiş proqramları olan kompüterlərdən istifadə edilməsi daha yaxşı olar: “Qeyd edim ki, məktəblərdə artıq proqramlar filterləşdirilib və orada şagirdlər lazım olmayan saytlara daxil ola bilmirlər. Valideynlərə də tövsiyə edir ki, onlar evlərdə filterləşdirilmiş proqramlardan istifadə etsinlər. Bununla yanaşı, valideynlər evdə uşaqların istifadə etdiyi kompüterləri otaq qapısı ilə üzbəüz istiqamətdə yerləşdirsənlər. Bu halda onlar otaq qapısı açılanda birbaşa kompüteri görə bilərlər. Daha yaxşı olar ki, kompüter böyüklərin də olduğu əsas istifadə otağında olsun, kompüter daim nəzarətdə saxlanılsın”.

Milli Uşaq Strategiyası təsdiqlənmə mərhələsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nazirlər Kabinetinə təqdim etdiyi Milli Uşaq Strategiyası 2015-2025-ci illəri əhatə edəcək.
Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyir ki, Milli Uşaq Strategiyası Azərbaycan prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq hazırlanıb: “Milli Uşaq Strategiyası yaxın 10 il müddətinə Azərbaycanda dövlət uşaq siyasətinin prioritetini təşkil edəcək. Strategiyanın hazırlanmasında əsas məqsəd dövlət uşaq siyasətini daha sistemli həyata keçirmək, eləcə də uşaqların hüquqlarının müdafiəsi mexanizminin hazırkı imkanlarından istifadə edərək onların hüquqlarının tam olaraq müdafiəsini təmin etməkdir. Strategiyada uşaqların mədəni-estetik tərbiyəsinin təşkili, onların inkişafı məsələləri əks olunub. Habelə Strategiya zorakılığa məruz qalan, erkən nikaha sövq edilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə konkret tədbirləri müəyyənləşdirir, problemlərin həlli yollarını göstərir. Eyni zamanda, Strategiyada uşaq evlərini tərk edən uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasında kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əhatəli məsələlər burada öz əksini tapıb. Onların müvafiq tibbi, təhsil, sosial, hüquqi xidmətlərlə tam təmin olunmasının həll yolları göstərilir. Eyni zamanda, Strategiyada uşaq evlərini tərk edən uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasında kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı böyük məsələlər burada öz əksini tapıb. Onların müvafiq – tibbi, təhsil, sosial, hüquqi xidmətlərlə tam təmin olunmasının həll yolları göstərilir”.
Pərviz Əliyev qeyd edib ki, Milli Uşaq Strategiyası uşaq müdafiəsi sistemini daha da təkmilləşdirəcək: “Ümumi götürəndə uşaqlarla bağlı problemli sahələrin hamısını Strategiyada qeyd olunub. Bu bir strateji sənəddir. Gələcəkdə uşaqlarla bağlı hazırlanacaq tədbirlər planı, dövlət proqramları Strategiyaya əsaslanacaq. Strategiya qeyd etdiyim məsələlərdə açar rolunu oynayacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən (2009, 2011, 2014) bu forumlar uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin edir.
Belə silsilə tədbirlər sırasında “İstedadlı uşaqlar festivalı” da özünəməxsus yer tutur. Festival zamanı elm, təhsil, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, ölkəmizin adını ucalara qaldırmış, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılır.

"Gənc kadrlar, gənc nəsil yetişir"

Təbii ki, son illər ölkədə idman sahəsində baş verən sürətli inkişafın nəticəsidir ki, bu gün qarşıya qoyulan hədəflər də genişlənir. Lakin bu da böyük və əbədi yolun zirvəsi deyil. Azərbaycan Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər daha böyük uğurların əldə edilməsi üçün zəmin yaradır. Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Azərbaycanda yeniyetmə idmanı çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Azərbaycanda uşaq və yeniyetmə idmanına həmişə böyük diqqət göstərilmişdir. Bu, bizim gələcəyimizdir. İlk növbədə, gənc kadrlar, gənc nəsil yetişir. Məqsədimiz bundan ibarətdir ki, sağlam gənc nəsil yetişsin”.

Qeyd etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı iyasətinin mühüm rolu var.

İlhamə Xankişiyeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Bu xəbər oxundu
- - -