Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyi qeyd edilib

15.12.17, 12:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dekabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “ICOM Azərbaycan Milli Komitəsi – 25” çərçivəsində illik plenar konfrans keçirilib. Tədbirdə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək komitənin 25 illik fəaliyyəti barədə məlumat verib. Postsovet məkanında ilk milli komitənin məhz Azərbaycanda yaradıldığını vurğulayan Şirin Məlikova 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan qurumun hazırda 106 nəfər fərdi və bir institutsional üzvü olduğunu diqqətə çatdırıb. Onların 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil etdiyini də bildirib. “ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir”, - deyə komitənin sədri qeyd edib. O, Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırıb.
Milli Komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir. Şirin Məlikova bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub. Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, bu ərazilərdə Azərbaycan xalqının milli mənəvi irsi, mədəni abidələrimiz erməni vandalizminin qurbanı olub.
Ş.Məlikova Xalça Muzeyinin Azərbaycanın mədəni irsinin qorunması, tanıdılması və xaricdə təbliğatı ilə bağlı müvafiq işlər həyata keçirdiyini və ICOM Azərbaycan Milli Komitəsinin bu istiqamətdə fəal iş apardığını da qeyd edib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konfransın işinə və Milli Komitənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq turizmin inkişafında muzeylərin əhəmiyyətini vurğulayıb.
Qoruq İdarəsinin “İçərişəhər” tarix muzeyinin direktoru Cavid Kazımov isə çıxışında İçərişəhərdə 10-a yaxın muzeyin fəaliyyət göstərdiyini, gələcəkdə yeni muzeylərin açılmasının zəruriliyini qeyd edib. Konfransda ICOM-un prezidenti Suay Aksoyun və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun təbrik məktubu oxunub. Sonra ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı olub. Komitənin fəal üzvləri diplomlarla təltif edilib.
Plenar iclasdan sonra konfrans öz işini davam etdirib. ICOM Azərbaycan Milli Komitəsinin ən fəal üzvləri təqdimatlarla çıxış ediblər. Konfrans zamanı Milli Komitənin yenilənmiş nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un baş konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, habelə ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarında təqaüdün verilməsi məsələləri müzakirə olunub.

Bu xəbər oxundu
- - -