Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Məclisin növbəti plenar iclası keçirilib

15.12.17, 14:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Seçki Məcəlləsinə dəyişikliklər qəbul olunub


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 39 məsələ daxil edilib.
Millət vəkillərinin daha çox yer ayırdığı məsələlərdən biri “Silahlı Qüvvələr haqqında” qanun layihəsi olub. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Komitə sədri bildirib ki, yeni qanun layihəsində Azərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib. Qeyd edək ki, yeni qanunun 4-cü maddəsində (Silahlı qüvvələrin əsas vəzifələri) qeyd edilib.
Millət vəkili bildirib ki, Milli Məclis qanunverici və səlahiyyətli orqandır: “Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisin razılığı olmalıdır”. Deputatın sözlərinə görə, bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik. Deputat bildirib ki, Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin: “Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.
Deputat Azay Quliyev deyib ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir: “Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”.
Deputat bildirib ki, qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilməsi normal bir müddəadır: “Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz. Hətta bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı. Bu, dünya praktikasına uyğundur. Burada hər hansı bir QHT-nin və yaxud siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmır. Bu, bir norma və prinsipdir. Ancaq biz burada ictimai nəzarətlə bağlı məsələyə xüsusi diqqətlə yanaşmalıyıq.

Biz Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti praktiki olaraq həyata keçiririk. Ədliyyə Nazirliyində İctimai Şura var. Başqa qurumlarda da artıq bu proses gedir. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olunmaqla ictimai nəzarət tətbiq olunmalıdır. Bu, işin xeyrinə olar”.
Deputat Naqif Həmzəyev isə bildirib ki, müddətdən artıq xidmət edən şəxslərin orduya qəbulu zamanı nəzarət mexanizmi gücləndirilməlidir.
Deputat hesab edir ki, Dövlət Təhlükəsizlik Xidməti, yerli polis və icra hakimiyyəti orqanları bu sahədə birgə çalışa bilər. Deputat vurğulayıb ki, bir müddət öncə bəzi şəxslərin hərbi sirləri xarici qüvvələrə ötürməyə hazır olduqlarının şahidi olmuşuq: “Ona görə də müddətdən artıq xidmət edən şəxslərin orduya qəbulu zamanı bu kimi məsələlər nəzərə alınmalıdır. Əsgər hərbi xidmətə gedir, valideynlərinin köməyi ilə xidmətini bitirir və heç kim inana bilməz ki, yenidən orduya qayıdır. Amma görünən odur ki, həmin şəxs müddətdən artıq hərbi xidmət etmək üçün yenidən orduya gedir. Lakin 3 il başa çatmadan ordudan uzaqlaşdırılır”.
Deputat, eyni zamanda, mülki şəxslərin orduda hansısa işə qəbul edilərkən onları diqqətlə yoxlamağın vacibliyini vurğulayıb. “Ola bilər ki, kimsə yaxşı yemək bişirir deyə orduya aşpaz vəzifəsinə qəbul olunur. Kimsə əmin ola bilməz ki, həmin şəxs ordunun sirrini yaymayacaq. Odur ki, belə şəxslər işə qəbul olunarkən diqqətlə yoxlamaq lazımdır”.
Deputat Çingiz Qənizadə “Hesablama palatası haqqında” qanun layihəsi ilə bağlı fikirlırini bölüşüb. O bildirib ki, “Hesablama palatası haqqında” qanun layihəsinin 13-cü maddəsində müəyyən qədər başa düşülməyən məqamlar var: “Bu məqamlar da hüquqla bağlı olduğuna görə bir neçə məsələni qeyd etmək istəyirəm. Layihənin 13.3-cü maddəsində göstərilib ki, Milli Məclisin razılığı olmadan Hesablama Palatasının üzvü səlahiyyət müddəti ərzində cinayət məsuliyyətinə cəlb edilə bilməz. Tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Mən ümumilikdə bunun tam əleyhinə deyiləm”. O bildirib ki, deputatlar da cinayət törətdiyi yerdə tutula bilər: “Tutulma hələ həbs demək deyil. Həbs üçün təbii ki, razılıq lazımdır. Onun üçün burada müəyyən qədər dəqiqləşdirmə aparmaq lazımdır. Belə hesab edirəm ki, bu bəndin üzərində müəyyən işlər aparmaq lazımdır. 13.4-cü bənddə isə qeyd edilib ki, Hesablama Palatasının üzvünə qarşı cinayət işi yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər. Burada da müəyyən boşluq var. İstərdim ki, burada “baş prokurorun təqdimatı, Milli Məclisin razılığı ilə” sözləri qeyd edilsin.
Həmçinin qanunun 28.4-cü bəndində qeyd edilib ki, Hesablama Palatasının təqdimatın ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir. Biz hüquqi dövlətdə yaşayırıq. Hesab edirəm ki, məhkəmə qaydasında da buna baxılması olduqca vacibdir”.
Millət vəkili Fazil Mustafa bildirib ki, Hesablama Palatasının auditlərinin əməkhaqqısı Milli Məclisin deputatları ilə eyni səviyyədə tutulur: “Hesab edirəm ki, bu doğru yanaşma deyil. Əməkhaqqı ilə bağlı məsələdə deputatlar auditdən aşağı səviyyədə nəzərdə tutulub. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə, auditlər deputatla bir səviyyədə tutulur. O zaman auditlərin vəsiqələrinə həm də deputat yaza bilərik. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə eyni maaş alır. Necə olur ki, Hesablama Palatası Milli Məclis tərəfindən yaradılır, lakin eyni maaş alırlar”. Millət vəkili onu da bildirib ki, Hesablama Palatasının yoxlamaları məsələsində qohumluq münasibətləri məsələlərinə ciddi yanaşılmalıdır.
Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi barədə isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Deputat deyib ki, mətbuatda qeydə alınmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib: “Məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil. Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır. Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək”.
Deputat Vahid Əhmədov deyib ki, Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq və müəyyən qərar qəbul edəcək: “Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir”.
Deputat Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edib: “Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə pis qəbul edilməsin, ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.
Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklə bağlı sənədin müzakirəsi zamanı danışan deputat Siyavuş Novruzov bəzi şəxslərin vaxtından əvvəl prezident seçkilərinin keçirilə biləcəyi barədə iddialarını şayiə adlandırıb.
Deputat Zahid Oruc Siyavuş Novruzovun bu fikrinə sərt reaksiya verib. Z.Oruc deyib ki, kimin bu dövlət qarşısında xidmət göstərdiyi göz qarşısındadır: “Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur”.
İntizam Komissiyasının yenidən formalaşdırılması barədəki təkliflərə toxunan Z.Oruc bildirib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir. “İntizam Komissiyasının üzvləri harda ixtisaslaşırlar?”
Z.Oruc qeyd edib ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrum etmə nümunəsi yoxdur.
Spiker Oqtay Əsədov isə Zahid Oruca sərt reaksiya verib: “Zahid Oruc, birincisi, de görüm sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”.
Sonda qanun layihələri səsə qoyularaq qəbul edilib.


Əli

Bu xəbər oxundu
- - -