Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qulam Yəhyanın xatirələri

19.12.17, 7:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

11-ci yazı

Zülfüqarinin kəndlilərdən qarət etdiyi çoxlu mal-heyvan, davar qənimət alınmışdı. Həmin mal-heyvan məhəlli təşkilatların vasitəsilə sahiblərinə qaytarıldı. Biz xəmsənin düşmən dəstələrindən azad edilməsi, ümumiyyətlə, müəyyən müddət vuruşmalarımızın nəticələri haqqında Təbrizə bir qədər geniş məlumat verdik. Cavab isə yenə əvvəlki idi: “Nə bir addım irəli, nə də geri”. Yoldaşlarla məsləhətləşib, belə qərara gəldik ki, əsirləri də Zəncana aparıb, xalqa göstərək və mitinq təşkil edək. Gecə xəbər gətirdilər ki, düşmən Sultaniyəyə hücum etmiş, bir neçə fədai şəhid olmuş və qalan fədailəri də kəndlilər öz evlərində gizlətmişlər. Mən fovri Zəncanla əlaqə saxlayıb, Rəsədiyə dedim ki, Zəncanda olan Mərənd fədailərini götürüb, Sultaniyəyə getsin. Mən özüm də oraya gəlirəm. Belə də etdik. Eyni vaxtda Sultaniyyəyə çatdıq. Mənə xəbər verdilər ki, bir nəfər guya düşmən tərəfindən qaçıb, özü də Mərəndlidir və öz həmyerlilərinə xəbər gətirib ki, “düşmənin qüvvəsi sizdən qat-qat artıqdır. Ona görə də özünüzü nahaq yerə ölümə verməyin”.
Bu əhvalatı mənə xəbər verdikdən sonra dedim tutub, həmin adamı mənim yanıma gətirin, gedib axtardılar tapa bilmədilər. Onda kəndin kəndxudasım çağırtdırdım və ona dedim ki, o adamı mənə tapıb verməsə, özündən küssün. O da bir qədər gedib, “axatarandan” sonra gəlib dedi ki, tapa bilmədim. Onda mən göstəriş verdim ki, kəndxudanın oğlunu tutub, həbs etsinlər. Belə də etdilər. Kəndxudaya dedim ki, əgər həmin adam tapılmasa sabah sənin oğlun güllələnəcək. Dedim indi get fikirləş, o getdi və çox çəkmədən o “adamı” tapıb, gətirdilər. Məlum oldu ki, o adam Zəbərdəst yaxşı təlim görmüş cəsus imiş. Kəndxudanın oğlunu azad etdik.
Sabahısı gün həmin şəxsi gətirib, fədailərə göstərdilər. Onu görənlərin daha doğrusu, onun görüşdüyü adamların hamısı təsdiq etdi ki, onları düşmən qüvvəsinin çoxluğu ilə qorxutmaq istəyən o imiş, o özü də boynuna almağa məcbur oldu ki, casusluq üçün buraya gəlib. Fədailərin gözü qarşısında səhrayi məhkəmənin ölüm hökmü icra edildi. Mən üzümü fədailərə tutub dedim ki, biz buraya ana- bacılarımız və Vətənimizi qorumaqdan ötrü gəlmişik və onun üçün də silaha sarılmışıq. Ona görə də kim düşməndən qorxursa, silahını təhvil verib, öz yerinə gedə bilər və mən sizə söz verə bilərəm ki, heç kəsə də heç bir şey deyilməyəcək. Çünki hər adam anadan olanda qəhrəman və qorxmaz doğulmur. Onu sonradan yaşadığı mühit yetirir və hərə özü istədiyi, özünə münasib bildiyi kimi həyat tərzi intixab edir. Ona görə də bir təkrar edirəm ki, kim bizlə qalıb, hamımızın düşməni ilə vuruşmaq istəmirsə qayıdıb, öz yerinə gedə bilər. Biz bu haqda sizin yaşayış yerlərinizə də bir şey yazmayacağıq. Mənim belə qısa və həqiqətən ürəyimdən gələn çıxışımdan sonra yoldaşlar söz alıb, danışdılar. Hərəkətlərini pislədilər və bir daha bu kimi azərbaycanlı övladına yaraşmayan hərəkət etməyəcəklərinə söz verdilər.
Hər dəstə müəyyən edilmiş yerə getdilər. Doğrudan da sonradan özlərini əməl meydanında göstərdilər. Düşmən yenidən doğma və müqəddəs Azərbaycan torpağından uzaqlaşdırıldı. Beləliklə, Xəmsə, başqa sözlə, Azərbaycan düşməndən tamamilə təmizlənmiş oldu. Ara bir qədər sakitləşəndən sonra mən Təbrizə gedib, Pişəvəri ilə görüşümdə məndən söruşdu ki, “Bizim sizə köməyimizdən razı qaldınız?” Cavabında dedim ki, “Mən və bütün fədailərsizin bizə qarşı yardım və başqa münasibətlərinizdən həddən artıq razıyıq". Amma "o"- dedikdə, Pişəvəri sözümün ikincisini deməyə aman vermədən əlavə etdi ki, hər halda “ammasız” olmur. Mən dedim ki, yoldaş Pişəvəri mənim amma deməyim heç də sizin bizim fədailərimizə qarşı olan münasibətlərinizə aid deyildir. Bu amma ona aiddir ki, biz sizə neçə dəfə məlumat verib, çox səbirsizlik və ümiddolu müəyyən cavab gözlədiyimiz halda sizdən özü də həmişə fəqət bir “Nə bir addım irəli və nə bir addım geri” cavabını alırdıq. Bax bunun mənası mənə aydın deyildir. Pişəvəri mənim üzümə diqqətlə baxaraq dərin fikrə getdi və onun mənim dediklərimə nə qədər inanmasını yəqin edə bilmədiyim üçün teleqrafları ona göstərdim. Onun teleqraflardan xəbəri olmamasını yəgin etdim. O teleqramları alıb saxladı və Kaviyanı çağırıb, ona dedi ki, “günah məndədir ki, səni vəzir cəng müəyyən etdim”. Hətta Pişəvəri özünə bir söyüş də verdi və çox əsəbi halda Kaviyana dedi ki, “Get maaşını al otur evdə, işə çıxma”. Mən işin bu yerə çıxacağını düzü bilmirdim. Ona görə də Pişəvəridən xahiş etdim ki, o bu işi etməsin onun sədası bu ayaqda yaxşı çıxmaz, qoyun işləsin. Xeyli danışdıqdan sonra Pişəvərini fikrindən daşındırmağa razı sala bildim. Pişəvərinin sualına cavab olaraq bildirdim ki, fədai və fədai başçıları arasında möhkəm səmimiyyət və ruh yüksəkliyi var.
Yadımda qalmış hadisələrdən biri də mənim hələ Zəncana getdiyimdən xeyli əvvəl Zülfüqarinin əmlakının zəbt edilib, Cahanşahlu və Nəqdəli tərəfindən fərmandarlıqda saxlanılması və Cahanşahlunın oradan bir radio götürməsi əhvalatıdır. Mən bundan xəbər tutan kimi fərmandara dedim ki, nə üçün Zülfüqarinin radiosunu Cahanşahluya veriblər. Bu əmlak heç kəsin yox, ancaq milli hökumətindir. Ona görə də onun hamısını aparıb, Təbrizə milli dövlətə təhvil vermək lazımdır. Mən Cahanşahluya dedim ki, müsadirə edilməli olan şeylərdən götürmək yaxşı deyildir. Əgər sizə radio lazımdırsa, biz alarıq, nəinki düşmənin əmlakını götürək. Bu əhvalat haqqında çox ciddi söhbətimiz oldu. Bu da Pişəvəri və Cavidə çatdırılmışdı. Pişəvəri məni Təbrizə istədi, əhvalatın necə olmasını məndən ətraflı soruşdu. Mən də olduğu kimi ona dedim. Bu söhbətimizdən az müddət sonra Cahanşahlu Zəncandan Təbrizə aparıldı. Yadəvərlik etmək istədiyim hadisələrdən biri də Azərbaycan nümayəndələrinin danışıqlar aparmaq məqsədilə Tehrana gedib, qayıtmalarıdır. Nümayəndəlik qayıdandan sonra məlum oldu ki, Sərəndəcin Azərbaycan milli hökuməti sərəncamına və Xəmsənin, o cümlədən Zəncanın da İran dövləti sərəncamına verilməsi barədə Tehranda hər iki nümayəndəlik güya razılığa gəliblər. Mən bu işin o zaman nə qədər “düz” olub, və ya qələt olması haqqında danışmaq istəmirəm. Onu həyat özü göstərdi.
Mənim bu haqda demək istədiklərim bilavasitə özümlə əlaqədar olan məsələdir. Doktor Cavid Tehrandan qayıdarkən Zəncana gəldi və özü ilə üç nəfər sərhəngi də gətirmişdi. Məlum oldu ki, sərhənglər Zəncanı təhvil almağa gəliblər. Mən Zəncanın Tehran Hökumətinə, o cümlədən doktor Cavidin gətirdiyi sərhənglərə təhvil verilməsinə öz etirazımı bildirdim. Eyni zamanda Cavidə dedim ki, bu sərhəngləri tamamilə yersiz olaraq buraya gətiribsiz. Tehranda bağladığınız qərardadın nə kimi şərtlər və maddələrdən ibarət olması bəlkə də sizin öz işinizdir. Lakin bu haqda hər şeydən əvvəl ADF MK-nın Azərbaycan Milli Məclisinin raz ilığı və qərarı olmalıdır. Mənim bu bəyanımdan dok. Cavid başa düşdü ki, mən nə demək istəyirəm. Sonra mən dok. Cavidə dedim ki, sizin gətirdiyiniz sərhənglərin biri bizim fədailərlə düşmən tərəfində vuruşmuşdur. Ona görə də onun Zəncanda qalması xətərlidir. Bir-iki gündən sonra həmin sərhəng Tehrana qayıtdı.
Sonra mən orada qalmış iki sərhənglə söhbətimiz əsnasında bildirdim ki, siz əvvəlcə Cərəndəci verin, sonradan Zəncanı bizdən istəyin. Onlar Zəncanı tezliklə təhvil almaqda israr edirdilər. Tehrandan gəlmiş komissiyon hələ Zəncanda olarkən, Qəzvin tərəfindən bizə jandarmlar hücum etmişdilər. Yeri gəlmişkən bir cəhəti də deyim ki, Tehrandan gəlmiş sərhəng “qonaqlarımızın” özlərini çox mülayim göstərmələrinə baxmayaraq, mən göstəriş vermişdim ki, postlarımızda fədailərimiz bir qədər ayıq-sayıq olsunlar. Bizə hücum etmiş jandarmlardan verdikləri itgidən başqa 6 nəfər də əsir alınmışdı. Bu hadisədən sonra “qonaqlarımızın” üzrünü istəməli olduq. Onlar Tehrana qayıtdılar.
Yadımda qalan hadisələrdən biri də xalisə torpaqların, ölkədən qaçmış xalq düşmənlərinin və iri torpaq sahiblərinin yerlərinin torpaqsız və aztorpaqlı kəndlilər arasında paylanılmasıdır. Bu torpaqların paylanılması hər yerdə olduğu kimi Xəmsə kəndliləri arasında da böyük şadlığa səbəb olmuşdu. Kəndli bir tərəfdən ərbabın çoxcəhətli zülmündən xilas olur, digər tərəfdən əsrlərdən bəri arzu etdiyi torpaq sahibi olurdu. Bununla yanaşı milli hokumət tərəfindən kəndliyə qismən tolid vəsaiti əldə etmək üçün maddi yardım edilirdi, fəlahət bankı vasitəsilə faizsiz və ya çox aşağı faizlə borc da verilirdi. Doğrusunu deyim ki, ümumiyyətlə, torpaqların kəndlilər arasında nə üsulla paylanılmasının texniki cəhətini yaxşı bilmirdim. Özümün müəyyən müddət kənddə yaşamağıma, kəndlilər içərisində olmağıma, atamın dədə-babamın rəiyyət olmasına baxmayaraq, milli hökumət yaranandan sonra da fədai hərəkatı ilə başım elə qarışıq idi ki, kəndlilərə torpaq paylanılmasının cüzi işlərindən xəbər tutmağa hələ macal tapmamışdım. Ancaq onu bilirdim ki, milli hökumətin təsdiq etdiyi əsasnaməyə əsasən kəndlərdə torpaqlar onu becərənlər arasında təqsim edilir. Bu işlə fırqə, onun məhəlli təşkilatları, fərmandarlar eləcə də başqa əlaqədar təşkilat və şəxslər məşğul olurdular. Nəticə də ondan ibarət idi ki, kəndlilər içərisində böyük ruh yüksəkliyi hökm- fərman idi. Xəmsə mahalında da vəziyyət belə idi. Bu zaman ümumi qaydaya əsasən Cahanşahlunun da atasının kəndləri (torpaqlar) bu qərara şamil edilirdi. Başqa sözlə, bir çoxlarının torpağı ilə birlikdə Cahanşahlunun atasının da torpaqları kəndlilər arasında bölünməli idi.
Pişəvəri mənə məktub yazaraq bildirirdi ki, doktor Cahanşahlu ondan xahiş edir ki, onun atasının torpaqlarını bölgüyə salmasınlar. Ona görə də imkan dairəsində onun torpaqlar ının bölgüyə salınmamasına kömək edim. Mən Təbrizə gələrkən Pişəvəriyə dedim ki, milli hökumət onların kəndlərindəki əkin sahələrini kəndlilər arasında bölməsə, yaxşı nəticə verməz. Onda milli hökumətin verdiyi qanun öz qanunluq qüvvəsini itirmiş olar. Qanun hamı üçün qanun olmalıdır. Daha doğrusu, hamı tərəfindən icra edilməlidir. Əgər belə olmasa onda milli hokumətin qanunları ancaq qismən yerinə yetirilər. Lakin biz belə edə bilərik, onların torpaqlarını ümumi qayda üzrə bölək və onun illik bəhrəsini (icarə haqqını) qabaqcadan pərdaxt edək. Pişəvəri bir qədər fikirləşdikdən sonra mənə dedi ki, get özün bildiyin kimi də et. Mən Zəncana gəldikdən sonra Cahanşahlunun ana və atası ilə ətraflı söhbət etdim, onlara bildirdim ki, torpaqları bölgüdən saxlamaq olmaz və məsləhət də deyil. Amma biz onların torpaqlarının bəhrəsini qabaqcadan pərdaxt edə bilərik. Bu təklifə Cahanşahlunun anası razı olmadı və əhvalatı eşidən Cahanşahlu da məndən incidiyini hiss etdim. Milli hokumətin qanuna əsasən başqa torpaqlarla birlikdə onların da torpaqları həmin kəndlərdə yaşayan kəndlilər arasında ümumi qaydaya əsasən təqdim edildi.

Bu xəbər oxundu
- - -