Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi tarixi

19.12.17, 11:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı
Bu yazıda AMEA Taarix İnstitutunun araşdırması əsasında Azərbaycanda Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hökumətinin Qarabağ ərazisini bölüşdürməsi ilə bağlı atdığı addımlar geniş şəkildə araşdırılır. Araşdırmada bildirilir ki, “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru. Bu formulanın əsasında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi. XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır".
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar: "Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır. Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər". Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b)P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı hər cümlədə hiss olunur. O, həmin qurultayda demişdi: "Bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz, (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur". Əslində isə yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi".
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı: "Azərbaycan SSR hökuməti də artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində ("Nərimanov Bəyannaməsi"), artıq Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmayıb. Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdu. O yazırdı: "N.Nərimanovun Zəngəzur qəzasını "Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi" ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu "Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddaratlarını təyin etmək üçün tam hüquq verilməsi" haqqında Azərbaycan hökumətinin bəyanatıdır. Bu gün həmin bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri daxilində yaşayan ermənilərə yox, həmçinin Ermənistana təklif edilən Zəngəzur qəzasının daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq hissəsinin Azərbaycanda qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət saymışdı". Bu baxış Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi".
Araşdırmada vurğulanır ki, Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsildi, Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı".
1920-1923-ci illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi: "Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir. Göründüyü kimi, bu mərhələdə artıq Zəngəzur qəzasının bölünməsi öz əksini tapır, digər qəzaların əraziləri isə hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə etmək. Bu iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsi haqqında 4-cü məsələ də müzakirə olundu. Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı. Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə ləğv edilmişdi.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdı Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdi. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km), Qubadlı (0,8 min kv.km), Laçın (1,8 min kv.km) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min kv.km), Bərdə (1,0 min kv.km), Ağcabədi (1,8 min kv.km), Tərtər (0,4 min kv.km), Cəbrayıl (1,0 min kv.km) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -