Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində”

19.12.17, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Professor Nizami Tağısoyun monoqrafiyasında romanın bütün məziyyətləri üzə çıxarılıb
Bakı Slavyan Universitetində professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan ədəbiyyatşünasları, tənqidçilər, müxtəlif ali məktəblərin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözüylə BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, prof. Rəhilə Qeybullayeva açıb.
İştirakçılar Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” monoqrafiyasının məziyyətlərindən danışıb, monoqrafiyada qoyulan məsələlərin ədəbiyyatşünaslığımızda, nəzəriyyə sahəsində dəyərli və orijinal əsər olduğunu qeyd etməklə Elçinin adı çəkilən romanına yeni nəzəri baxış sərgiləndiyi qeyd ediblər. BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dos. Nuridə Novruzova və Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, prof. İlyas Həmidov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, prof. Məmməd Əliyev, aparıcı elmi işçi, prof. Baba Babayev, ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri prof. Himalay Qasımov, prof. Abid Tahirli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Vüqar Əhməd, ADPU-nun professorları Elman Quliyev, Təyyar Salamoğlu, Yaqub Babayev, BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, prof. Naidə Məmmədxanova, BSU-nun Türk-Slavyan Araşdırmaları laboratoriyasının müdiri, prof. Rəhilə Quliyeva, BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, prof. Rüstəm Kamal və başqaları çıxış ediblər. Qeyd olunub ki, Nizami Tağısoyun monoqrafiyasında əsərin struktur-funksional xüsusiyyətləri, Elçinin “Baş” romanının poetikası nəzəri-metodoloji yöndən doğru araşdırılıb.
Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, rəyçilər Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məmməd Qocayev, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır.
Prof. Məmməd Əliyev yazır: "Prof. Nizami Tağısoyun «Baş» romanına həsr etdiyi «Elçinin «Baş» romanı struktur-funksional təhlil müstəvisində» monoqrafik tədqiqatında posmodernist estetika və ədəbi-nəzəri görüşlər müstəvisində tədqiqata cəlb etdiyi əsərində romanın başlıca məziyyətləri – mövzu aktuallığı, janr və üslub xüsusiyyətləri, formal-struktur özəlliyi poetikası, obrazlar sistemi xüsusi həssaslıqla araşdırılıb. Roman işıq üzü görəndən yeni bir nəsr nümunəsi kimi onun «doğuluşu» ədəbi tənqidin diqqətini cəlb etdi və ədəbiyyatşünaslığımız üçün səmərəli olan diskussiyalara səbəb oldu.
Ayrı-ayrı bölmə və başlıqlarda verilən nəzəri mülahizələr də əsərə çoxcəhətli və müxtəlif yönlərdən yanaşmanın nəticəsidir. Əvvəl məqalələr toplusu kimi nəzərdə tutulmuş kitab burada bir-birinin davamı olub, eyni məqsədə müxtəlif yönlərdən xidmət etdiyindən əsər monoqrafik tədqiqat səviyyəsinə qalxıb. Burada biri digərini tamamlayan bölmə və başlıqlarda «Baş» romanının bütün məziyyətləri üzə çıxarılıb, romanın yeni dövr nəsr yaradıcılığımızdakı yerinə və mövqeyinə layiqli qiymət verilib. Bir-birinin məntiqi davamı olan «Baş» romanında süjet bədii forma kateqoriyalarından biri kimi», «Baş» romanında tarixi fon və bədii təxəyyül», «Baş» romanında xarakterlər və personajların psixologiyası», «Baş» romanında qəhrəman davranışı və psixoloji ovqatın yaradılma özünəməxsusluğu», «Elçinin «Baş» romanında xronotop süjet yaradıcı element kimi», «Baş» romanında türkçülük və azərbaycançılıq», «Baş» romanında canişin Sisianovun ölümünün təsviri», «Baş» romanı özünəməxsus roman tipi kimi», «Postmodernist estetika və «Baş» romanının estetikası», «Baş» romanında postrealist və postmodernist xətlər və gedişlər», «Baş» romanında mistik-idillik təsvirlər», «Baş» romanında milli çalar və yerli kolorit», «Baş» romanında Sisianov ikiləşmə və bütövləşmə burulğanında», «Elçinin «Baş» romanı Azərbaycan ədəbi tənqiddə» adı altında verilmiş başlıq və paraqraflarda əsərin bütün məziyyətləri üzə çıxarılıb, oxucuya təqdim edilib.
Müasir ədəbiyyatşünaslığın ədəbi-estetik müstəvisinə, müasir nəsrin qlobal funksional təsirinə dərindən bələd olan müəllif adını çəkdiyimiz başlıq və paraqraflarda romanı yeni bədii təfəkkür nümunəsi kimi təqdim edərək özünün tənqidi görüşlərini, bilik və bacarığını, professional ədəbiyyatşünas alim kimi təhlil aparmaq gücünü göstərə bilib. Nizami Tağısoy əsərdə bir faktı da nəzərdən qaçırmayaraq yazır ki, Elçinin bədiiliyi roman materialının infrastrukturuna daxil etməsi tarıxə həm yaxından, həm də uzaqdan müşahidəsi sayəsində başa gəlib. Müəllifin məntiqi belə bir doğru nəticə çıxarmağa imkan verir, roman kompozisiya baxımından romantik prinsipə yox, sırf realist elmi-tarixi əsər prinsipinə soykənərək qurulub. Nizami Tağısoy «Baş»a özünəməxsus roman tipi kimi baxır və fikrini belə bir məntiqlə əsaslandırır ki, romanda baş verəcək hadisələrin təkrarlanması, onun quruluşunun, məzmununun, onda gedən hadisələrin ənənəvi və yenilikçi kanonlardan çıxması, ənənəvi dəyər oriyentlərinin dağıldılmasıdır. Müəllifin fikrincə, bu əsər müasir roman janrının qanunlarına söykənilərək yazılmaqla həm roman-tədqiqat, həm də inikasetdirici-roman kimi dəyərləndirilə bilər. Nizami Tağısoy romanın semantik-struktur özünəxaslığından danışaraq qeyd edir ki, burada mətn süjetinin vahidliyini görmək çox cətindir, lakin sonucda o bütovləşir, tamamlanır. Tədqiqatçının romanın məziyyətləri, onun yeni nümunə kimi özünə yer tutması haqqındakı fikirləri yeterincə obyektivliyə söykənir. Romanın daxili-struktur, mövzu, məzmun komponentlərini dərindən analitik təhlilə çəkən müəllif belə bir təkzibolunmaz faktı təsdiqləyir ki, əsər özü-özlüyündə mürəkkəb struktur konstruksiyasına malikdir və adi söz sənəti əsəri kimi onun məzmunu heç də asanlıqla qavranılmır. Burada Sisianovun əsil-nəslindən, kök-nəcabətindən tutmuş rus təbəəliyində yetişməsi, bu təsir altında Qafqazda «Əmin-amanlıq yaratması», Rus imperiyasının qələbəsini təmin etmək üçün yalnız gücdən, hərbi üsullardan istifadə edilməsinin labüdlüyü haqqındakı qənaətlərinin alt qatda verilməsi və s. kifayət qədər çətinlik yaradır. Nizami Tağısoyun fikrincə romanda Sisianovun vaxtilə üzləşdiyi döyüş səhnələri, ölüm-dirim savaşlarının yaşatdığı hallar özünəməxsus rənglərlə təqdim olunmaqdadır. Odur ki, Elçinin romanı dünya romançılıq praktikasında mövcud olan məqam və mənzərələri ortaya çəkmək baxımından da unikaldır. Əsərdə yer alanlar yazıçının subyektiv fikir və mülahizələrinin mənzərəsi yox, 200 il bundan öncə baş verənlərin postrealist üslubda təqdimatı kimi də qəbul oluna bilər və olunmalıdır. Prof. N.Tağısoy əsərin bədii xüsusiyyətlərinə müasir dünya ədəbi-nəzəri, fəlsəfi-estetik və sosial-ictimai, praktik-psixoloji gorüşlər prizmasından yanaşaraq təhlil etdiyindən, onun qənaətləri özünü yetərincə doğrulda bilib. Müəllif əsərdəki real tarixin modernist antitarix əksliyinə kifayət qədər nəzər yetirib, onlardan birinin digərini doğurmaq və tamamlamaq məqamlarını sərgiləyib. Nəticə isə budur ki, təsvir edilən dövrdəki, həyat həqiqətlərini saxlamaqla yanaşı, realist yazı dəst-xətti, üslub səciyyəviliyini qorumaqla bu roman yeni nəsr kefiyyətlərini özündə əks etdirməkdədir".

Bu xəbər oxundu
- - -