Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qulam Yəhyanın xatirələri

20.12.17, 7:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

12-ci yazı

Qeyd edilməsini lazım bildiyim hadisələrdən biri də Azərbaycandan qaçaq taxıl aparmaq istəyən dəvəçilərin tutulmasıdır. O dövrdə milli hökumət Azərbaycandan fəlahəti məhsulların, birinci növbədə ərzaq mallarının aparılmasını qadağan etmişdi. Çünki mərkəzi Tehran hökuməti 21 Azər nehzəti ərəfəsində Azərbaycan banklarında olan əskinas pulların demək olar ki, hamısını aparmışdı və əvəzində bir neçə milyon tümən tələbləri olan tələbkarlar qalmışdı. Söz yox ki, milli hökumət bankdan tələbi olanların pullarını pərdaxt etdi. Ancaq bu milli hokumətin özünün əldə etdiyi vəsaiti hesabına oldu. Deməli, milli hökuməti maddi məziqədə qoymaq istəyən Tehran hökumətinin bu tədbiri boşa çıxdıqdan sonra Tehran heyəti hakiməsi Azərbaycanda ərzaq qəhətliyi yaratmağa can atırdı. Onsuz da o zaman bütün dünyada, o cümlədən İran və İran Azərbaycanında ərzaq şeylərinin çatışmamazlığı hiss olunurdu.
İkinci Dünya müharibəsi hər şeyi təkcə İranda deyil, bütün dünyada alt-üst etmişdi. Xülasə mən göstəriş verdim taxıl aparmağa gəlmiş dəvəçilərin 80-ə qədər dəvələrini zəbt etdilər. Dəvəçilərin nümayəndələri mənim yanıma gəldilər, mən onları başa saldım ki, düşmən bizi məziqədə qoymaq üçün ərzaq qəhətliyi törətməyə çalışır. Siz də bu əməlinizlə onlara kömək etmiş olursuz. Dəvəçilər and-aman etdilər ki, onlar işin bu yerdə olmasını bilməmişdilər. Əgər əsl həqiqəti bilsəydilər, onlar belə etməzdilər. Eyni zamanda bildirdilər ki, onların əksəriyyəti hizbin üzvləridirlər və hizbə hər cür kömək etməyə hazırdılar. Belə olduqda mən onlara dedim ki, onda siz gərək bu yaxındakı seçkilərdə hizbin namizədlərinə səs verəsiz.
Onlar sanki bir asan çıxış yolu tapmış oldular, yenidən başladılar and içməyə ki, onlar nəinki tək özləri, hətta başqalarını da hizbin namizədlərinə səs verməyə təşviq edərlər. Onda mən onlara dedim ki, əvvəla and içmək lazım deyil, siz kişi kimi söz verin və çalışın verdiyiniz vədə kişi kimi də əməl edin. İkincisi də gedib, Qəzvin hizb təşkilatından kağız gətirin və gəlib, dəvələrinizi aparın. Onlar gedib, kağız gətirdilər və dəvələrini apardılar. Beləliklə, hizbin nüfuzunun artması üçün bütün imkanlardan istifad ə etməyə iqdam edilirdi.
Demək istədiyim mühüm hadisələrdən biri də Mərkəzi Tehran hökumətinin bizim əleyhimizə bütün vasitələrə əl atmasından nümunə kimi göstərmək məqsədilə köçəri tayfa bəylərinin bir iddəsini milli hökumət əleyhinə qaldırması hadisəsini qeyd etməkdir. Bu tədbir düşmən tərəfindən planlı surətdə həyata keçirilirdi. Qəvamüssəltənə ilə Tehranda milli Hökumət nümayəndələri danışıq aparan zaman, düşmən savariləri Ərdəbil kəndlərinə basqın etməyə başladılar. Bu zaman Şahsevən mürtəce tayfa başçıları da onlara “səs verməyə” hazırlaşırdılar və bundan da milli hökumətin xəbəri var idi.
Məni təcili surətdə Zəncandan Təbrizə istədilər. Mən nə üçün Təbrizə istənildiyimi konkret bilməsəm də çağırış rəmzi teleqramın mətnindən məlum idi ki, nə isə ən vacib məsələdən ötrü çox təcili surətdə çağırılıram. Mən Təbrizə yetişən kimi birbaşa Pişəvərinin yanına getdim. Mənə vəziyyəti danışdı, yaranmış və yarana biləcək şəraiti şərh etdikdən sonra Ərdəbilə getməyimi məsləhət bildi. Mən vaxt itirmədən Ərdəbilə yola düşdüm. Orasını da qeyd edim ki, Şahsevən bəylərinin bu zamankı hərəkətləri əhali içində böyük təşvişə səbəb olmuşdu. Bunun səbəbi aydın idi. Şahsevən əhalini soyub, qarət etmə hadisələrini yaxşı xatırlayanlar, bu hadisələri gözləri ilə görənlərdən əhali içərisində kifayət qədər qalırdılar. Şahsevənlərdən qismən silah yığılmasına baxmayaraq, hər halda verdikləri “köhnə” silahların yerini müttəfiqlər İrana gələrkən İran sərbazlarının atıb getdikləri, “yeni” silahların hesabına doldurmuşdular. Bundan başqa qaçaqları mərkəzi Tehran hökuməti hərtərəfli təmin edirdi, o cümlədən silah da verirdi.
Mən Ərdəbilə çatandan sonra vəziyyətlə tanış oldum. Qaçaqlar bir neçə kəndi qarət edib və bir neçə firqə aktivini öldürmüşdülər. Belə şayiələr yayılmışdı ki, güya qaçaqlar Ərdəbilə hücum edib, şəhəri qarət etməyə hazırlaşırlar. Belə şayiələr hətta fərmandarlıqlarda da yayılmışdı ki, bu, əhalini daha çox qorxuya salıb, əhali arasında vahiməyə səbəb olmuşdu. Mən bir neçə dəqiqə bu kimi yersiz və boş söhbətlərə qulaq asdıqdan sonra dedim ki, durub, buradan gedin və öz işinizlə məşğul olun. Qaçaqlarla biz məşğul olmalıyıq, belə işlər sizə aid deyil.
Fədai başçıları və qoşun əfsərləri ilə söhbət etdim, hərənin öz vəzifəsini müəyyən etdik. Bir neçə günə qaçaqlar Ərdəbil mahalından daha doğrusu, Azərbaycandan qovuldular. Onlar Ərdəbil mahalından gedib, Talış mahalında qüvvə toplamağa başladılar. Onlara orada şərait yaradan Yunis xana xəbər göndərdim ki, qaçaqları saxlayıb, onların yenidən Azərbaycan kəndlərinə basqın etmələrinə şərait yaradırsansa onu da yaddan çıxarma ki, bizim də qaçaqlarımız var. Biz də onlardan istifadə edə bilərik. Mənim sifarişimdən lazımi nəticə çıxarmaq istəyən Yunis xanla, ancaq onun özü kimi onun özünün əl atdığı metodla rəftar etməkdən başqa ayrı çıxış yolu qalmırdı. Ona görə də mən Qocabəyli tayfasının bəyi Əli xanı çağırıb, ona dedim ki, düşmən məsləhətə qulaq asıb, xəbərdarlıqdan özü üçün lazımi nəticə çıxara bilmirsə, onun özü kimi etməkdən başqa ayrı çıxış yolu qalmır. Əli xanın dəstəsi Yunis xanın kəndinə hücum edib, onun özünün 400 qoyununu gətirdi.
Bu hadisədən sonra Yunis xan mənə məktub göndərərək bildirdi ki, daha qaçaqlara kömək etməyəcək. Mən də ona söz verdim ki, o, dediyinin üstə durub, qovluna əməl etsə, bizim də onunla işimiz olmaz. Belə də oldu. Mən Ərdəbildən Astaraya getdim. Orada ümumi vəziyyətin dözülməz halda olmasının şahidi oldum. Fədailər xəst ələnib, çox namünasib yerlərdə saxlanırdılar. Orada bir neçə fədaini titrətmə-qızdırma ilə əlbəyaxa gördüm. Fovri komitənin sədri Sadıq Zamanı və bəxşidar Fərzi Dehqani fədailər olan yerə çağırdım. Fədailəri onlara göstərdim. Fədailərə heç bir tibbi yardım edilmədən, yatacaqsız, yerdən bir-birinin yanından uzanıb, silahları da yanlarında və bir çoxları qızdırmanın şiddətindən sayıqlayırdılar. Orada fədailərin siyasi rəhbəri vəzifəsini yerinə yetirən Qüdrət Şəmsi vəzifəsindən azad etdim. Oradakı qeyri-insani vəziyyəti rəhbər yoldaşlara göstərərək dedim ki, sizi bu məqamlara yüksəldən bunlardır. Onlara bir insan kimi yanaşmağı bacarmasanız da heç olmasa öz məqamınızı saxlamaq üçün, özünüzün gələcəyiniz naminə onlara bir insan kimi baxın. Fədailərin, xüsusilə xəstələrin vəziyyətlərinin yaxşılaşdırılması üçün lazımi göstəriş verdim və çox qısa müddətdə işlər qaydaya salındı.
Astarada vəziyyəti belə qeyri-adi halda gördüyüm üçün Meşkinə getdim. Meşkində vəziyyət hər halda Astaradakı kimi deyildi. Orada da işlərin səhmana salınması haqqında müəyyən tədbirlərin yerinə yetirilməsi haqqında göstəriş verdim. Meşkin fədailərindən bir iddəsinin Astaraya göndərilməsi və Astaradakı fədailərdən bir hissəsinin Ərdəbilə göndərilməsi və başqa bu kimi lazımi məsləhətlər verildi. Vəziyyəti belə gördüyüm üçün bir neçə gün Ərdəbildə qalıb, oranın ümumi vəziyyəti ilə daha dərindən tanış olmaq fikrində idim. Elə həmin ikindi çağı Pişəvəridən teleqram aldım ki, fovri Təbrizə hərəkət edin. Mən yoldaşlarla xudafizləşib, Təbrizə hərəkət etdim, gecəni yol gəldik və səhər Təbrizə çatdıq. Mən Pişəvəriyə telefon etdim ki, gəlmişəm. O, çox təəcüblə soruşdu ki, nə üçün gecə gəlmişəm. Mən cavabında dedim ki, sizin teleqramınıza görə, daha doğrusu, alan kimi hərəkət etdim. O dedi ki, bir azacıq istirahət edin, saat 9-10-da görüşərik.
Pişəvəri ilə görüşəndə Ərdəbil hadisələri haqda və gördüyümüz tədbirlər haqda məlumat verdim. O, tədbirlərimizdən razı qaldığını bildirdi. Yuxarıda qeyd etdiyimiz kimi Ərdəbil mahalındakı hadisə bizim nümayəndəlik Tehranda Qəvamüssəltənə dövlətilə “dostluq” danışıqları apararkən baş verdi. Bununla düşmən bizi qorxudur, özünün hərtərəfli, hər sahədə hakim olmasını nümayiş etdirməyə çalışır və bizi onların diktə etdikləri bütün şərtlərə razı olmağa məcbur etmək niyyətilə belə və buna oxşar hadisələr törədirdilər. Dediklərimə ayrı-ayrı faktlar göstərməyə ehtiyac duymuram. O dövrdə və sonralar baş vermiş hadisələr, hakim təbəqə tərəfindən həyata keçirilən tədbirlər dediklərimizi hər addımda sübuta yetirdi. Buradaca təkcə onu demək istəyirəm ki, hakim təbəqə öz ölümünü az da olsa yubatmaq xatirinə nə kimi cinayətlər törətmək və nə kimi alçaq hərəkətlər etməyə hazır olduğunu, bir sözlə öz iç-üzünü, mahiyyətini bir daha biruzə verdi.
Mənim forvi Təbrizə çağrılmağımın səbəbini Pişəvəri qısaca şərh etməsindən məlum oldu ki, düşmən bu dəfə azərbaycanlı-kürd qırğını salmağa hazırlaşır. Pişəvərinin göstərəşinə əsasən Urmiyəyə hərəkət etməli oldum. Pişəvəri işin nə qədər xətərnak olması haqqında ətraflı danışmasa da hər halda müəyyən ştrixlərlə məni agah etmək istəyirdi ki, hadisə çox mühüm və bəlkə milli hökumətin müqəddəratının bir hissəsinin həll edilməsi məsələsi qarşıda durur. Hər halda mən məsələnin nə qədər ciddi və xətərnak olmasını hiss etsəm də sonradan yerlərdə olarkən işin nə qədər milli hökumətin varlığı üçün ziyanını daha dərindən hiss etdim.
Mən Pişəvərilə görüşüb, sabahı tezdən yola düşdüm. Mərənddən bir dəstə fədainin Xoya göndərilməsi barədə sərəncam verdim və fovri özüm də Xoya hərəkət etdim. Xoyda qeyri-adi və əhalinin vahiməsinə səbəb olan bir hadisənin özüm şəxsən şahidi oldum. Burada kürdlər öz silahları ilə Xoyda küçələrdə gəzirdilər. Onların Xoya nə üçün gəlmələri və küçələrdə nə üçün gəzmələri haqda əhalinin heç nədən xəbərləri olmadığına görə, əhali içərisində böyük vahiməyə səbəb olmuşdu. Bu vəziyyətdən istifadə edən düşmən hökmən toqquşma törətmək və yaranmış vahiməni də şiddətləndirməyə çalışırdılar. Şəhərdə elə bir xoşagəlməz vəziyyət yaranmışdı ki, hamı nə isə mühüm xoşagəlməz naguvar bir hadisənin baş verəcəyini qorxu içərisində gözləyirdilər.
Mən kürd başçılarını fərmandarlığa dəvət etdim onlarla ümumi vəziyyət haqqında qısaca söhbət etdikdən sonra onlara bildirdim ki, sizin atlıların küçə, dükan-bazarda silahlı gəzmələri əhalinin narahat olmasına səbəb olur. Ona görə də şəhərdə silahlı gəzməyi qadağan edirik və bizim bu tədbirin həyata keçirilməsində bizə kömək etməyi sizdən xahiş edirik. Eyni zamanda söhbət arası yadəvərlik etdim ki, biz bu tədbiri başqa vasitələrlə də həyata keçirə bilərik.

Bu xəbər oxundu
- - -