Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi tarixi

20.12.17, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Siyahıyaalma zamanı ermənilər Dağlıq Qarabağda soydaşlarımızın sayını süni şəkildə azaltmağa cəhd göstəriblər
4-cü yazı
Bu yazıda AMEA Tarix İnstitutunun araşdırması əsasında Azərbaycanda Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hökumətinin Qarabağ ərazisini bölüşdürməsi ilə bağlı atdığı addımlar geniş şəkildə araşdırılır. Araşdırmada bildirilir ki, “indiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməyib. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi. Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir. Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir".
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:
1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;
2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.
3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;
4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.
5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.
Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: Ceraberd, Martuni, Stepanakert, Dizaq, Şuşa. Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.
Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin bizim torpaqlarda özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtilə Qərbi Azərbaycanda - köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir".
Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvəl təqdim olunur: "Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş "hesablama" sayının müqayisəsi şübhə doğurur.
Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac var. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin? Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyil".
Araşdırmada ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv. km.-ə) təqdim edilir, bununla da onların daha bir yalanı ifşa olunur. Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə 1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası azərbaycanlıların xeyrinə dəyişib. Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna olmaqla) nəticələri real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu, şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz. SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirib. Burada bir əsas məqama diqqət yetirmək gərəkdir ki, ermənilər onillərlə Dağlıq Qarabağda saylarının artması üçün hər cür yola əl atıblar.
Araşdırmada daha sonra vurğulanır ki, 1939-1979-cu il əhali siyahıya almalarına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artıb. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olub. Ermənilərin isə əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər, təbii artımları da aşağı olub. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 21,5%-ə endirilməsinə səbəb olub.
Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Ancaq 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapıb. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışıb. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac var. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazıb: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi... 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945% və sairə artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -