Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar

21.12.17, 9:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı
Ermənilər sovet vaxtı - Azərbaycanın tarixi, rəsmi dövlət ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşadıqları zaman hər cür imtiyazlarla təmin olunmuşdular. AMEA Tarix İnstitutunun araşdırmalarında bildirilir ki, "1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfər üzrə sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi. Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin - separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi. Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi.
1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. M.Bağırov bununla əlaqədar 1945-i il dekabrın 10-da cavabını Moskvaya bildirdi. M.Bağırov cavabında yazırdı: "Tam məxfidir. Malenkov yoldaşa. Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm: Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olub. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olub. 918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə Musavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilib. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyil.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-ın hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir. Azərbayan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyil. Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynayıb. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülüb. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşıb. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-ın Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbayan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı. ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in demək olar, yalnız azərbayanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir. Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik. Azərbaycan K(b)P MK katibi M.C.Bağırov, 10 dekabr 1945-ci il, № 330, Bakı şəhəri".
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb edib və onun barəsində müəyyən mülahizələr söylənilib. Lakin buna yenidən qayıtmağa ehtiyac var. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmayıb. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmayıb, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olub və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən - oz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi".
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -