Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ən təhlükəli rəqibimiz onlardır”

21.12.17, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Telez Tiaqo: “Çempionat çox maraqlı keçir”


Yüksək Liqada “Marafon Futsal”ı məğlub etməklə “qış çempionluğu”nu təmin edən “Araz”ın “stolba”sı Telez Tiaqo Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü çempionatdakı rəqabətdən danışıb.

- Əvvəlcə ən yaxın izləyiciniz olan “Marafon Futsal”la oyun haqda fikirlərinizi bildirərdiniz...
- İndi çempionat çox maraqlı keçir. “Marafon Futsal” çempionatın güclü, həm də maraqlı kollektivlərindəndi. Komandanın əsasını yerli oyunçular təşkil edir. Həmin futzalçıların bir neçəsi ilə milli komandada birgə çıxış etmişik. İranlı legionerlər də onlara yaxşı kömək edirlər. Bir sözlə, baş məşqçi yaxşı komanda formalaşdırıb. Görüş isə çox çətin, həm də gərgin keçdi. Çünki oyunöncəsi rəqiblə xal fərqimiz 1-ə bərabər idi. Düzdü, biz bir oyun az keçirmişik. Vacib olan 3 xalı qazanmaq idi.

- Futzal oyunları adətən bolqollu keçir. Ancaq bu matçda cəmi 2 qol vuruldu. Az deyil?
– Bir neçə real qol epizodundan istifadə edə bilmədik. Mən 2 qol vurdum, amma 3 epizodda dirəyi nişan aldım. Həm də turnir cədvəlindəki vəziyyəti izah etdim və bu cür qarşılaşmalarda çox qol vurmağı, yaxşı oynamağı yox, 3 xal qazanmağı düşünməlisən. Çünki məğlub olsan, birinci pilləni əldən verəcəksən. Ona görə də, yekun hesab digər göstəricilərin önündə gəlir. Həm də rəqibimiz güclü komandadı. Təsəvvür edin, bu komandanın indiyə qədər 3 məğlubiyyəti var və ikisi bizimlə oyunlarda alınıb. Deməli, digər klublardan güclüdülər. İkinci pillədə yer almaları da sıradan deyil.

- Bu qələbənin “Araz” üçün özəlliyi qış fasiləsinə zirvədə yollanmağı təmin etməkdi?
- Bəli, xal fərqini artırdıq, ehtiyatda da bir oyunumuz var, qələbə qazansaq, fərqi böyüdəcəyik. Ancaq bu, çempion olduğumuzu təsdiqləmir. Hələ fasilədən sonra 2 dövrə var. Qışda komandaların necə hazırlaşacağını, kimləri transfer edəcəklərini bilmirik. Bunlar sonrakı oyunlarda həlledici rol oynayacaq. Həm də fasiləyə qədər 2 oyunumuz var. Növbəti matçda “Neftçi” ilə qarşılaşacağıq. Bizim üçün təhlükəli komandadı. Xatırlayırsınızsa, çempionatda cəmi bir oyunda xal itirmişik. Məhz “Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etməyi bacardı. Bunu unutmamışıq və görüşə ciddi hazırlaşırıq.
- Bütün komandalarla qarşılaşmısınız. Rəqiblərinizdən hansını güclü hesab edirsiniz?
- “Marafon Futsal” ən təhlükəli və güclü rəqibdi. EKOL və “Neftçi”də güclü rəqiblərdi. Amma “Marafon Futsal” onlardan bir addım öndədi. Komandanın mövqeyi də bunu deməyə əsas verir.
- Azərbaycan çempionatında ikinci mövsümünüzü keçirirsiniz. Ötən illə müqayisə etsək, fərq varmı?
- Həm də çox fərq var. Ötən il çempionatda sanki 3 komanda - “Araz”, “Neftçi” və EKOL yarışırdı. Az-çox maraqlı oyunlar da onların arasında olurdu. Digər komandalarla qarşılaşmalarda isə böyükhesablı nəticələr qeydə alınırdı. Bu il çempionat çox çətin keçir. İndi ötənilki kimi meydana rahat çıxa bilmirsən. Hətta sonuncu pillədə yer alan komanda da müqavimət göstərməyə çalışır. Fikir verin, əskər matçlarda hesab arasındakı fərq böyük olmur. Bu mövsüm komandalar daha məsuliyyətli hazırlaşıblar. Bu da bizim xeyrimizədi. Müqavimət görəndə, daha yaxşı hazırlaşmalı olursan. Təbii ki, belə durum yerində saymağa yox, irəli addım atmağına kömək edir.

- İki turdan sonra istirahət başlayır. Yeni ili Bakıda, yoxsa Braziliyada qarşılaşayacaqsınız?
- Hələ qərar verməmişəm. Braziliyaya getməyəcəyim dəqiqdi. Çünki fasilə az olacaq. Ora gedib, gəlmək isə 2 gün vaxt aparır. Üstəlik, saat fərqinə öyrəşmək də var. Həm də azyaşlı uşaqla bu qədər məsafə qət etmək yaxşı deyil. Həyat yoldaşımla danışacam. Yəqin ki, yaxın bölgələrdən birinə gedəcəyik. Ola bilər, bayramı Moskvada, bəlkə də, Dubada qeyd etdik.

Bu xəbər oxundu
- - -