Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub

22.12.17, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Ermənilər sovet vaxtı - Azərbaycanın tarixi, rəsmi dövlət ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşadıqları zaman hər cür imtiyazlarla təmin olunmuşdular. AMEA Tarix İnstitutunun araşdırmalarına əsasən, özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii - coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə - Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.
Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar, əsasən, pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi.
Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu: "Azərbaycanlı - müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı. Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.
1984-cü ildə İrəvanda Z.Balayanın "Oçaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu".
İşğal olunmuş ərazilərimizin təbii ehtiyat potensialına gəldikdə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılıb. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları Ermənistana daşınır.
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının araşdırmasında bildirilir ki, tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir: "Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılıb və işğal olunub. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılıb və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.
Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməyib. Məsələn, Gürcüstandakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyib. Bəs belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib?
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi. Vaxtilə təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın indi işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunub. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Laçın yasaqlığı Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilib. Sahəsi 21,4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən Xarı bülbül Qarabağın rəmzi hesab olunur.
İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir".
Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısına baxdıqda görmək olur ki, regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib: "Burada istismara hazır olan filiz ehtiyatları öyrənilib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə həm xarici, həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olub.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür. Milli ərazinin formalaşmasının vacib şərtlərindən biri də onun sıx daxili iqtisadi əlaqələrinin olmasıdır. Milli ərazilərin daxilində yaranan iqtisadi əlaqələr özünün uzun tarixliyi, sabitliyi və daimi olması ilə səciyyələnməlidir. Hazırda Ermənistanın əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti həmişə Azərbaycanın tərkibində olub, onun tərəfindən idarə edilib. Vilayətin mərkəzi Xankəndi birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sistemində sıx bağlanmışdı. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir...

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -