Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Anasından soruşub, yeməkləri özü bişirir”

22.12.17, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Portuqaliyanın “Sportinq” klubunun B komandasında çıxış edən, U-21 yığmamızın üzvü Budaq Nəsirovun atası Hikmət Nəsirovun apasport.az saytına müsahibəsi
- Oğlunuzun “Sportinq”dəki çıxışını izləyirsizmi?
- Əlbəttə ki, izləyirəm. Meneceri Vaqif Heydərli sağ olsun, onun sayəsində Budaq Portuqaliyaya gedib çıxdı. Oğluma öz oyununu tam göstərməsi üçün zədələr imkan vermir. Tez-tez zədəli olduğu üçün çox oynaya bilmir. Ən çox buna görə narahatam.
- Budaqla hər gün əlaqə saxlayırsızmı?
- Tez-tez yox, 3 gündən, 1 həftədən bir zəng vurub, ata kimi hal-əhval tuturam. İstəyirəm ki, bütün diqqəti futbolda olsun. Buna görə də, hər gün zəng vurmuram.
- Budaq çox erkən yaşda ailəsindən ayrı düşdü. Sizdən ötrü darıxmır?
- İlk vaxtlarda darıxırdı. Artıq Portuqaliyaya öyrəşib.
- Yanına heç getmisizmi?
- Xeyr, getməmişəm. “Sportinq”in əsas komandasında oynasa, gedərəm.
- Azərbaycanlı futbolçular adətən ölkə xaricində çox qala bilmirlər. Budaq da belə bir problemlə üzləşə bilərmi?
- Budaq Portuqaliyada qalmaq istəyir. Azərbaycana qayıtması üçün hələ tezdi. Onsuz da, nə vaxtsa gələcək.
- Oğlunuz Portuqaliyada ən çox nədən narazılıq edir?
- Mənim kimi, o da az oynadığı üçün narazıdı. Bayaq dediyim kimi, buna səbəb zədələnməsidi.
- Valideyn kimi siz oğlunuzdan ötrü darıxırsızmı?
- Xeyr. 16-17 yaşında bizdən uşaq düşəndə darıxırdım. İndi isə elə deyil. Artıq 21 yaşı var.
- Adətən analar övladlarından ayrı qala bilmirlər...
- Bəli, anası bir az darıxırdı. Artıq o da öyrəşib.
- Budaqla danışanda ona hansı məsləhətləri verirsiz?
- Başını aşağı salıb, diqqətini ancaq futbola yönəltməyi məsləhət görürəm.
- Portuqaliyanın yeməkləri ilə arası necədi?
- Budaq ötən il klubun akademiyasında qalırdı. Bu il özünə ev tutub. Bəzi yeməkləri necə bişirmək lazım olduğunu anasından soruşur, özü bişirir.
- Oğlunuzun futbolçu olmaq istəyinə ailədə qarşı çıxan olubmu?
- Özüm futbol müəllimiyəm. Uşaq vaxtı ona özüm məşq keçmişəm. Daha sonra Azərbaycanın bütün yaş qrupları üzrə yığmalarında oynadı. Budaq Tovuz futbol məktəbinin yetirməsidi. Onu üzə çıxartdığı üçün Əsgər Abdullayevə, ən çox da “Kəpəz”də şans verdiyi üçün Şahin Diniyevə minnətdarlığımı bildirirəm. Budaq "Sportinq"ə "Sumqayıt"dan keçmişdi. "Sumqayıt" rəhbərliyi sağ olsun, onun gedişinə sevinərək razılıq verdi.
- Həyat yoldaşınızın bu məsələdə mövqeyi necə idi?
- Mən razılıq verəndən sonra anası nə deyəsidi? O da razı idi (gülür).
- Azərbaycan çempionatının hazırkı durumu göz önündədi. Düşünmürsüz ki, oğlunuz burda qalsaydı, yoxa çıxacaqdı?
- Bu suala tam dəqiq cavab verə bilmərəm. Bəlkə də siz deyən kimi olacaqdı.
- Gələcəkdə hansı klubda oynamasını istərdiniz?
- Ən böyük arzum elə “Sportinq”də qalıb, əsas komandada oynamasıdı. Avropanın nəhəng klublarına keçməyini hələ arzulamazdım.
- Nəyə görə?
- Ona görə ki, hələ “Sportinq”in əsas komandasında oynamır. Bunu reallaşdırdıqdan sonra Avropa nəhənglərini arzulamaq olar. Budaqla bağlı ən böyük arzum isə Azərbaycanın əsas millisinin şərəfini qorumasıdı.

Bu xəbər oxundu
- - -