Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Üç “cəbhə”də oynamaq bizə çətin olardı”

22.12.17, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun apasport.az saytına müsahibəsi
- “Qəbələ”nin legioner futbolçuları istirahət etmək üçün ölkələrinə yollansalar da, siz hələ də Bakıdasız. Qış fasiləsini Azərbaycanda keçirəcəksiz?
- Xeyr. Mən də yaxın günlərdə Bakını tərk edəcəm. İstirahət mütləq lazımdı. Amma Ukraynaya yox, isti ölkələrə yollanacam.
- Başa çatmaq üzrə olan 2017-ci ili “Qəbələ” üçün necə dəyərləndirirsiz?
- Müsbət dəyərləndirirəm. Yeni ili yaxşı əhval-ruhiyyədə qarşılayacağıq.
- “Qəbələ” ölkə kubokunda yarımfinala adladığı halda, yarışın son 3 ildəki qalibi “Qarabağ” mübarizəni erkən dayandırdı. Bunu sizin üçün üstünlük saymaq olarmı?
- Heç bir üstünlükdən söhbət gedə bilməz. Mübarizəni davam etdirən bütün komandalar kubokun qalibi olmaq istəyirlər. Düzdü, “Qarabağ” çox güclü rəqibdi. Amma onların yoxluğunda da ciddi mübarizə gedəcək.

- Hər halda, “Qəbələ” tarixində ilk ciddi titulunu qazanmaq üçün yaxşı imkan qazanıb...
- Mən belə deməzdim. Şans həmişə olub, indi də var. Ancaq bunu reallaşdırmaq çox çətin olacaq. Çünki yarımfinala adlayanların hamısı yaxşı komandalardı.
- Çempionatda isə qış fasiləsinə ikinci pillədə yollandınız. Bu nəticə ürəyinizcədi?
- Çempionatın gedişində çətin vəziyyətə düşsək də, o durumdan çıxmağı bacardıq. Son vaxtlar çox yaxşı futbol oynayırıq. Mən bundan razıyam. Təbii ki, Premyer Liqada daha yaxşı nəticəyə imza atmaq istəyirik.
- Dediyiniz kimi, komandanız son vaxtlar yaxşı futbol sərgiləyir. Çempionatda yaranan fasilə “Qəbələ”yə mənfi təsir göstərə bilərmi?
- Mən belə düşünmürəm. Əksinə, fasilənin yaranması yaxşıdı. Üzərində çalışmalı olduğumuz çox şey var. Fasilə ziyanımıza deyil.
- Ekiqo Ehiosundan başqa hansısa futbolçu “Qəbələ”dən göndəriləcək?
- İndi bu barədə dəqiq heç nə deyə bilmərəm. Danışıqlar gedir, belə variantlar mümkündü. Amma hələ konkret bir şey yoxdu.
- Bizdə olan məlumata görə, hücum xəttinə futbolçu istəyirsiz...
- Təkcə hücum yox, başqa mövqelərin də gücləndirilməsini həmişə istəmişəm (gülür). Amma kimləri gətirəcəyimiz seleksiya işindən asılı olacaq.
- Heyətin gücləndirilməsi baxımından konkret namizədlər varmı?
- Xeyr. Amma iş gedir. Sadəcə, açıqlaya biləcəyim konkret soyadlar yoxdu.
- Əvvəlki 2 illə müqayisədə bu il Avropa Liqasının qrupunda oynamadınız. Bu, komandanın xeyrinə oldu, ya əksinə?
- Bu il də həmin uğuru təkrarlamaq istəyirdik. Düşünürəm ki, paralel olaraq 3 “cəbhə”də oynamaq bizə çətin olardı. Çünki komandaya yeni futbolçular gəlmişdi və onların adaptasiya prosesini tam keçməsi üçün vaxta ehtiyacları var idi.
- “Qəbələ”nin sabiq futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubunda özünü yaxşı tərəfdən göstərir. Onu əldən buraxdığınıza görə təəssüflənirsiz?
- Araza görə şadam. Ona inkişafını davam etdirməyi arzulayıram. İstərdim ki, Araz üçün hər şey yaxşı alınsın. Bu, Abdullayev üçün ideal variant idi. O, özünə Avropada komanda tapdı, mütəmadi oynayır və xoşbəxtdi. Mən də səmimi qəlbdən Araza uğur arzu edirəm.
- Abdullayevin hazırkı oyununu “Qəbələ”də göstərə bilməməsi nə ilə bağlı idi?
- Bunu indi müzakirə edə bilmərik. Çünki elə şeylər var ki, danışmaq doğru deyil. Belə alındı. Amma Arazın hazırkı durumuna görə sevinirəm. Çünki bir məşqçi kimi ona kömək etmək istəyirdim. Abdullayev özünü yaxşı tərəfdən göstərdiyi komandaya keçdi. Bu cür davam etsə, milli üçün daha faydalı oyunçuya çevriləcək.
- Həmyerliniz Yuri Maksimovun “Keşlə”nin baş məşqçisi postuna gətirilməsini necə qarşıladınız?
- Maksimov səviyyəli məşqçidi. Birmənalı şəkildə onun gəlişinin “Keşlə”nin və ümumilikdə Azərbaycan futbolunun xeyrinə olacağını düşünürəm. Futbolda proqnoz vermək düzgün deyil. Amma Maksimovun səviyyəsi yaxşı komanda formalaşdırmağa imkan verir.
- Maraqlıdı, “Keşlə”nin təklifinə razılıq verməmişdən öncə sizinlə məsləhətləşdimi?
- Xeyr. Bu barədə mənə müraciət etməyib. Qərarı özü verib.
- Maksimovun gəlişindən sonra “Qəbələ” və “Keşlə” arasındakı oyunların prinsipiallığı artacaqmı? Hər halda, iki ukraynalı məşqçinin dueli maraqlı olacaq...
- Niyə prinsipiallıq artsın ki? Onsuz da, rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara ciddi yanaşırıq. Heç bir komandanı üstələmək asan deyil. Şadam ki, Azərbaycanda daha bir ukraynalı məşqçi çalışacaq. Amma bu mənim üçün əlavə prinsipiallıq yaratmır. Yalnız onu deyə bilərəm ki, “Keşlə”yə qalib gəlmək asan olmayacaq.
- Məşqçilik karyeranızda Maksimovla yollarınız çox kəsişib?
- Əlbəttə. Çünki ikimiz də Ukrayna çempionatında çalışmışıq.
- Aranızdakı sonuncu dueli xatırlayırsızmı? Kim üstün olmuşdu?
- Düzü, xatırlamıram (gülür). Dəqiq cavab vermək üçün statistikaya nəzər salmaq lazımdı.

Bu xəbər oxundu
- - -