Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AİB-lə “Şahdəniz” layihəsinə kredit ayrılmasına dair müqavilə imzalandı

22.12.17, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, eləcə də Asiya İnkişaf Bankının (AİB) zəmanəti ilə 524,5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb. Bu barədə QSC-dən məlumat verilib. Qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb.
Xatırladaq ki, cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları məbləğində birbaşa kredit ayrılıb. 1966-cı ildə yaradılan AİB-in 67 üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib. CQD-nin baş direktoru Əfqan İsayev "Cənub Qaz Dəhlizi" layihələrinin Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib: “Artıq "Cənub Qaz Dəhlizi"nə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilib. Cəmiyyət tərəfindən "Cənub Qaz Dəhlizi" üzrə (mövcud "Şahdəniz" 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.5 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 8.4 milyard ABŞ dolları hissəsi, yəni təqribən 73 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2.3 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98.5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 99.2 faizi yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 87.4 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 60.8 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Bu xəbər oxundu
- - -