Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub

25.12.17, 7:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

7-ci yazı
AMEA Tarix İnstitutunun araşdırmasında bildirilir ki, Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Bakı şəhəri ilə sıx əlaqələri mövcüd idi. Onların ailə üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər. Sovet dövlətinin rəhbərliyində təmsil olunan qatı millətçi A.Mikoyan 20 may 1920-ci ildə yazmışdı: "Erməni dövlətinin agentləri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir".
Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında erməni liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır. Belə ki, əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqə inkişaf etdirib. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı.
Ermənistanda o vaxt kompakt şəkildə yaşayan 200 000 min azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət vermək¬dən belə imtina edilmişdi. Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir: DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi. Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdu. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanunla tənzimlənirdi. Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu. DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi. Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi. 1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl). Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi. DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir və bu məsələdə DQMV 1,6 dəfə irəlidə idi. Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi. Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü.
Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi. Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi. Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu. 1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7045 şagird) mövcud idi. Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 erməni (20 712 şagird) və 29 beynəlxalq (12766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan başqa Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi. Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi. Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.
Araşdırmalardan məlum olur ki, uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi: "Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdu:
1) İstehsalın kooperasiya əlaqələri - yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal - yanacaq mənbələrinə görə;
2) Əmtəə-mal dövriyyəsi;
3) Maddi-texniki təchizat;
4) Nəqliyyat-yük əlaqələri ;
5) Elmi-texniki əlaqələr;
6) Dövlət idarəetmə əlaqələri;
7) Mədəni-maarif əlaqələri və s.
Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 %-i Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92 %-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə 1,4%-i Ermənistanın payına düşdüyü halda, Azərbaycana onun ixracatını 33,3% düşürdü, idxalat payı isə daha yüksək idi".
Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat- kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hazırda dağıdılıb: "Bu dağıntılardan həm də Qarabağ zonasından kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət çəkir. Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər.
Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olub. Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil edib. Ona görə də, ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur. İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdarlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.
Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçrməsi və istədiyi kimi orada dəyişikliklər aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu ərazilərdə olan bütün resurslar Azərbaycanın mülküyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız müvəqqəti olaraq işğal altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinə xalis milli azlıqlarının öz müqəddəratını sərbəst təyin etməsi kimi ibarəli sözlərlə ört-basdır etməyin heç bir hüquqi, sosial-iqtisadi əsasları yoxdur".
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -