Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Klassik havalar və dastan bilicisi

27.12.17, 8:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1984-cü ildə Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənilirdi

Şirvan aşıq mühiti təşəkküldən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət göstərib. Eyni zamanda söyləməliyik ki, ayrı-ayrı aşıq mühitlərində bu sənətin ənənələri, məktəbləri, hava və üslub xüsusiyyətləri, sənətkarlıq və ifaçılıq qaydaları ustad aşıqların yaradıcılığında qorunaraq inkişaf edib, daha da zənginləşib. Ötən çağlarda olduğu kimi, XX yüzillikdə də bu mühit qüdrətli sənətkarlar yetişdirib. Bu görkəmli sənətkarlardan biri də Şirvan diyarının yetirdiyi ustad aşıq Şakir Hacıyevdir. Zəngin sənət irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıq olub. Böyük ənənəni yaşatmış Şirvan aşıq mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və onun formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşıq mahnılarının müəllifidir.
XX əsrin ortalarında Şirvan aşıq məktəbi məhz ustad aşıq Şakir Hacıyevin şəxsində öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin ənənələrini davam etdirməklə bərabər yaşadıb, təkmilləşdirib və yeni bir sənət cığırı açıb. Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq yazmış olduğu “Adım Şakir, mahalım Şirvan” kitabında Aşıq Şakirin şərəfli ömür yolunu, sənətkar taleyini xarakterizə edərək yazır: “Dədə Şakir haqqında yazmaq üçün neçə-neçə insanla görüşmüş, onların ustad haqqında çox dəyərli fikirlərini eşitmişəm. Ünsiyyətdə olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə dedikləri “Aşıq Şakirinki Allah vergisi, Allah qisməti idi. Yoxsa heç kəs öz hünəri, öz səyi ilə Şakir mərtəbəsinə ucala bilməzdi”…Və bir “Şakir mərtəbəsin”də neçə-neçə Şakirlərin “yaşadığının” şahidi olmuşam. Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas Şakir, Eyhami – Şirvan Şakir, Dirijor Şakir, bir də camalı ilə gözəllikdə Yusif misallı Şakir… Bəli, bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və yalnız Allah-taala ürəkdən sevdiyi bəndələrinə əta edir…”
Aşıq Şakir Hacıyevin yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri, əməksevər insanları haqqında yazılmış əsərlər təşkil edir. Onun yaradıcılığında vətənə bağlılıq, sülh, düşmənə nifrət, əmək adamlarının tərənnümü yer tuturdu. Aşıq Şakir xalq içindən çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək vəzifəsini gözəl duyurdu. Aşıq Şakirlə bizi ayıran təxminən 36 il belə bu el aşığını xalqın yaddaşından silə bilməyib. Onun ölməz sənəti səs xəzinəmizdə insanların yaddaşında, xatirəsində bu gün də yaşayır. Aşıq Şakir Hacıyevin yaradıcılıq irsinin öyrənilməsi XX əsr aşıq musiqisinin maraqlı çalarlarının üzə çıxarılması, eyni zamanda aşıq Şakirin musiqi irsi, dövrü, poetik irsi, yaradıcılığının müxtəlif mərhələlərində Şirvan aşıq musiqisinə verdiyi töhfələrin tədqiqata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün bunlar onu deməyə imkan verir ki, XX əsr zaman kəsimində Şirvan aşıq mühitinin Aşıq Şakir Hacıyev kimi böyük bir nümayəndəsinin olması və bu gün onun araşdırılması bütövlükdə Şirvan aşıq musiqisi xəzinəsinə yeni nəzərlərlə baxmağı tələb edir. Bu gün Aşıq Şakir sənət irsinin musiqişünaslıqda da sistemli və kompleks şəkildə araşdırılması həllini gözləyən məsələlərdən biridir. Mürsəl Mürsəlov, Seyfəddin Qəniyev, Ağalar Mirzə, Əhliman Rəhimov, Yaqut Bahadurqızı Əşrəfova, Qalib Sayılov, Tariyel Qəniyev, Tofiq Abdullayev, Şirvanın böyük ustad aşıqları Aşıq Mirzə Bilal, Xaltanlı Tağı, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Bəylər, Aşıq Pənah və s. haqqında monoqrafiya və məqalələrində buna yer ayırıblar. Bütövlükdə Şirvanın aşıq mühitinin ustad aşıqlarının hər birinin özünəməxsus xüsusiyyətləri, ifa mədəniyyəti, oxu üslubu, bütövlükdə aşıq sənətinə verdikləri töhfələr var. Bu baxımdan onların yaradıcılığının öyrənilməsi, ifa etdikləri aşıq havaları və mahnılarının nota yazılması və tədqiqata cəlb olunması musiqişünaslıqda öz həllini gözləyən aktual məsələlərdən biridir. Məhz Aşıq Şakirin yaradıcılığı bütün strukturu və özünəməxsusluğu ilə mənsub olduğu Şirvan aşıq mühitinə xas hadisədir. Sənətkarın yaradıcılığının öyrənilməsi istər folklorşünaslıq, istərsə də musiqişünaslıq baxımından obyektiv metodoloji baza kimi həmin mühit kontekstində tədqiq olunmalıdır.
Aşıq Şakirin ifasında ondan artıq havacat – “Şirvan şikəstəsi”, “Döymə Kərəmi”, “Maral”, “Bala Nərgiz”, “Yurdumun”, “Kəndimiz”, “Boylana-boylana”, “Bakı”, “Nə bağ bildi, nə də bağban”, “Telli sazım”, “İnciməsin”, “Səhər-səhər” və s. ki¬mi aşıq nümunələrini aşığın şəxsi arxivindən, radionun qızıl fondundan, internet resurslarından əldə etmişik. Bu havaların hər birinin melopoetikası, melodik variantlılığı, ifa tərzi, təfsir üslubu, havalarda musiqi və şeirin melodik intonasiya, ritmik və bədii əlaqəsi – bütün bu kimi məsələlər araşdırmada öz həllini gözləyir.
Şirvan aşıq yaradıcılığında “aşıq havaları” və “aşıq mahnıları” kimi anlayışlar mövcuddur. Bütövlükdə Şirvan aşıq mühitinin ənənəvi xüsusiyyətlərindən biri də ustad aşıqların mahnı yaradıcılığıdır. Mahnı yaradıcılığı və mahnı ifaçılığı Şirvan aşıq mühitinin qədim sənətkarlıq ənənələrindən biridir. Peşəkar ustad aşıqların yaratdıqları mahnılar aşıqların repertuarına daxil edilmiş, tədricən mühitin ənənəvi havasına çevrilib, ifaçılıqda ənənəvi hava kimi yaşayıb. Aşıq Şakirin özünün bəstələdiyi bir neçə aşıq mahnısı “Səhər-səhər”, “Kəndimiz”, “Yurdumun”, “Xub yaraşır nazlı yara” və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin repertuarında geniş yer tutur. Məhz ustad aşığın ifasında olan bu mahnıların notlaşdırılması, melodiya, forma, lad və üslub baxımından araşdırılması nəzərdə tutulan sahələrdir. Aşıq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.
Vaxtilə Aşıq Şakirin səsi Moskvanın böyük sütunlu salonlarında əks-səda verib. Hələ sovet dönəmində, 1984-cü ildə Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənilirdi. ABŞ-dan dövlət mühafizəsinə verilib və ABŞ-ın Los-Anceles şəhər radiosu ilə səsləndirilən iki veriliş yazılıb. Ayda bir dəfə efirə çıxan “Sandi Oprea” adlı bu verilişin aparıcıları Fret Həyat və Fret Azad olmuşdular. Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq musiqi alətlərindən, onların xüsusiyyətləri və ifa tərzlərindən bəhs edilən bu verilişin daimi rubrikası aşıq yaradıcılığı olub. Aparıcıların qeyd etdiklərinə görə, ayda bir dəfə efirə çıxan bu radio proqramının redaksiyasına dinləyicilər tərəfindən göndərilən çoxsaylı məktublarda Aşıq Şakirin lent yazılarının səsləndirilməsi xahiş olunurdu.
Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşıq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılığının inkişaf etməsi Aşıq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşıq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşıq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olub. Onu yaxından dinləyən xanəndələr, ziyalılar və müasirləri qeyd edirlər ki, Aşıq Şakir aşıq kimi də, xanəndə kimi də əvəzedilməz idi. Ustad xanəndə Ağaxan Abdullayevin dediklərindən: “Mən Aşıq Şakiri kəndimizdə – Türkanda toy məclislərində görmüşəm. Oxuduğu “Zəminxarə”, “Dilkəş” və s. kimi muğam şöbələri eşidənlərə xüsusi zövq verirdi. Əgər Şakir sazı yerə qoysaydı, ondan gözəl xanəndə olardı”.
Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşıq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertuarında aktiv yer tutaraq, dillər əzbəri olub. Aşıq Şakir Şirvan aşıq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşıq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olub. Aşıq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazılarından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düyünlərdə, səsini yazdıqları lent yazılarında, toy mərasimində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşıq Şakirin gözəl, rəvan danışığının və gözəl səsinin, ifasının və necə gözəl məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müasirlərinin söylədiklərinə görə Aşıq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.
Xalqımızın görkəmli ustad aşığı Şakir Hacıyevin ifalarını layiqincə qorumaq və onun sənət irsini tədqiq etmək həm də bizim mənəvi borcumuzdur. Bu məqsədlə Şakir Hacıyevin yaradıcılığı haqqında tədqiqat işi üzərində işləməyi lazım bildik. Bununla Aşıq Şakirin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional özəllikləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşıq Şakirin ifasında olan aşıq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşıq Şakir irsini müfəssəl tədqiq etmiş olarıq. Həm də düşünürük ki, bu Aşıq Şakiri sevənlərə bir töhfə olar.

Fəridə Mirişova

Bu xəbər oxundu
- - -