Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan 2017-ci ildə Qarabağla bağlı siyasi, iqtisadi mövqelərini qoruyub saxlayıb”

27.12.17, 11:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zahid Oruc: “2018-ci ildə Qarabağla bağlı siyasət Azərbaycanın diqtə edəcəyi bir səviyyədə keçəcək”

Rasim Musabəyov: “2018 münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacaq”

2017-ci ilin ikinci yarısında Dağlıq Qarabağla bağlı müəyyən hərəkətlilik olasa da konkret nəticə əldə edilmədi. Ekspertlərin də fikirləri müxtəlifdir. Bəzləri hesab edir ki, 2017-ci il Dağlıq Qartabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində heç nə ilə yadda qalmadı. Amma bəziləri də hesab edir ki, ötən il danışıqlarla bağlı aktivliyi ilə fərqləndi. Ümumiyyətlə, ötən il nə ilə yadda qaldı və 2018-ci il Qarabağla bağlı nə vəd edir?
Bu arada “Russia in Global” nəşrinin baş redaktoru Fyodr Lulyanov da Qarabağla bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əsas çağırış deyil. Redaktorun fikrincə, digər münaqişələr və qaynar ocaqlar 2018-ci ildə gündəmə gələ bilər: “Burada Yaxın Şərqdəki münaqişələri – Suriya, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik, Yəmən kimi məsələləri qeyd etmək istərdim. İlk növbədə Şərqi Asiya, Koreya yarımadası ətrafındakı münaqişəni də vurğulamaq lazımdır. Həmçinin Ukrayna və Rusiya arasındakı münaqişə gələn il alovlana bilər”. Rusiya və Türkiyə münasibətlərinə gəlincə, Lulyanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hazırda iki dövlətin gündəmində olduğunu düşünmür: “Rusiya münaqişənin həllində vasitəçilik rolunu davam etdirəcək, Ermənistana yardım etməkdə davam edəcək”.
Politoloq Natiq Mirinin fikrincə, ildırım surətli, lokal hərbi əməliyyatlarla bir neçə yaşayış məntəqəsi azad olunmalıdır ki, Ermənistan sülh masasına qayıtmağa vadar olsun və öz işğal ordusunu ən azından Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmağa məcbur olsun. O 2017-ci ili itirilmiş il kimi dəyərləndirib.
Millət vəkili Zahid Oruc deyib ki, 2017-ci ili “Qarabağ üçün itirilmiş il” adlandırmağı düzgün saymıram. Millət vəkili Azərbaycanın milli təhlükəsizlik problemlərini, o cümlədən ərazi bütövlüyü məsələsini bir neçə parametr üzərindən qiymətləndirib: “Açıq başa düşülməlidir ki, müharibə, yaxud siyasi və digər vasitələrlə savaş uzun zaman tələb edir. Bu, strateji yoldur. Qısamüddətli hərəkət etmək və yeni təhlükələr meydana çıxarmaq kimi səhv etmək limitimz qalmayıb. Çünki istənilən yanlışlıq ağır nəticələrə yol aça bilər. O üzdən 2017-ci ildə həyata keçirilən iqtisadi, siyasi və beynəlxalq tədbirlər Qarabağ uğrunda mübarizədə mövqelərimizi gücləndirib. Azərbaycan ölkə başçısının liderliyi altında fəal regional və beynəlxalq təşəbbüslərin mərkəzi olaraq qalmaqda davam etdi. Müxtəlif humanitar forumlar, ideya mübadilələri, yüksək çinli xarici ölkə təmsilçilərinin regiona səfərləri və prezidentin xarici məkanda aktiv qatıldığı tədbirlərin hər biri əslində Qarabağ uğrunda savaşın tərkib hissəsidir. Dövlətlərarası konfliktlər yalnız bir müstəviyə malik deyil, onun digər uzantıları mövcuddur. Savaş beyinlərdə, siyasətdə, informativ məkanda və diplomatik arealda gedirsə, orada qalib gəlmədən hərbi cəbhədə nailiyyət əldə etmək mümkün deyil. O rakursdan baxanda Azərbaycan 2017-ci ildə Qarabağla bağlı mühüm siyasi, iqtisadi mövqelərini qoruyub saxlayıb. Hərbi baxımdan isə əldə etdiyimiz müasir texnika və silahlar bütün təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməkdə davam edir. Ölkə rəhbəri strateji planda iş görməklə yanaşı, taktiki cəhətdən Bakını, o cümlədən su hövzələrimizin qorunması qayğısını hava hücumundan müdafiə sistemləri baxımından təmin edib. Belə olan təqdirdə düşmənin sürətli silahlanmada yer alması iqtisadi cəhətdən Ermənistanın ziyanına işləyir. 2017-ci ildə əldə etdiyimiz strateji qalibiyyətlər nəticə etibarilə Qarabağla bağlı atılan addımlara öz təsirini göstərəcək”.
Z.Oruc bu kontekstdə Azərbaycanın 2018-ci ildən əsas gözləntilərini də qeyd edib: “İlk növbədə nəzərə almalıyıq ki, Ermənistanın hazırkı hakimiyyəti iqtidarı I Qarabağ savaşının dalğasında zəbt edib. İndi mənzərə dəyişib. Bu ölkədə hakimiyyət parlamentar modelə keçdiyi təqdirdə ağırlıq mərkəzi dəyişəcək.
İkincisi, gələcəkdə hakimiyyəti baş nazir statusunda davam etdirmək istəyən Sərkisyan bu fonda bütün siyasi qüvvələrə nəzarət imkanlarını itirəcək. Bu isə mütləq Qarabağ prosesinə təsir göstərəcək. Çünki müxtəlif qüvvələr mülki demokratik siyasi mübarizə ilə həmin hərbiçiləri hakimiyyətdən salacaqlar. Nəticədə Ermənistan daxilində müxtəlif daxili toqquşmalar yaranacaq.
Üçüncüsü, əgər Yaxın Şərq arealında qlobal savaş bir qədər səngiyərsə, bu, Qafqazlarda müxtəlif beynəlxalq təsirlərə səbəb ola, lokal toqquşmaları gücləndirə bilər. Doğrudur, bir çoxları hesab edir ki, Azərbaycanda seçkilər keçiriləcəyindən gələn il hər hansı bir eskalasiya və başqa xarakterli hərbi təhdidlər olmayacaq. Əksinə, Prezident İlham Əliyevi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kifayət qədər rasional düşüncəyə malik olmaqla yanaşı, gözlənilmədən addımlar atmaq, düşməni başqa bir müstəvilərdə qabaqlamaq, onları öz siyasətinin arxasınca aparmaq, öz üsul və sistemini diqtə etmək qüdrətidir. Belə olan təqdirdə Qarabağ üçün situasiya nə qədər o regional güclərdən, ABŞ və Rusiya arasındakı vəziyyətin inkişafından asılı olsa da, ölkə rəhbərinin liderliyi altında yeni siyasətin şahidi ola bilərik. Bu, indi bir çoxları tərəfindən uzun illər davam edən və Minsk Qrupunun həmsədrliyi altında nəticə verməyən siyasətdən tamamilə kənar bir səviyyədə reallaşa bilər. Belə demək mümkündürsə, siyasət gözlənilməzliyi sevir, xüsusilə də bunu xalqlararası toqquşmalara tətbiq etdikdə həmin fenomen öz müsbət nəticələrini verir. O üzdən 2018-ci ildə Qarabağla bağlı siyasət nə qədər mürəkkəb olsa da, hər halda Azərbaycanın diqtə edəcəyi bir səviyyədə keçəcəyinə şübhə yoxdur. Bu, hamımızdan büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyi, təhsil və səhiyyəni inkişaf etdirməyi, hər hansı bir korrupsiya və s. kimi problemlərə yol verməməyi, idarəçilik mexanizmini şəffaflaşdırmağı, informasiya məkanında güclü təşəbbüslər meydana çıxarmağı, beynəlxalq məkanda ölkənin maraqlarını uğurla irəliyə daşımağı tələb edir. Bu baxımdan hesab edirəm ki, 2018-ci ildə bizi daha böyük vəzifələr gözləyir”.
Politoloq Tofq Abbasov isə hesab edir ki, 2017-ci il Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş gətirməsə də, hissolunacaq nəticələr verib və status-kvonun saxlanılmasının nə dərəcədə axmaq və qeyri-real olduğunu göstərib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsində status-kvo ətrafındakı vəziyyətin dəyişməsi hələ 2014-cü ilin avqust ayında - təmas xəttində gərgin döyüşlər gedən və Azərbaycan tərəfinin düşmənə qüvvələr balansında dəyişiklik olduğunu göstərərək bəzi mövqelərini möhkəmləndirdiyi zaman baş verib: "2016-cı ilin aprelində "dördgünlük müharibə" zamanı Azərbaycan torpaqlarının 2 min hektardan çox sahəsini, o cümlədən Lələ Təpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini düşməndən azad edə bilib. Cocuq Mərcanlıda artıq infrastrukturun bərpası və sakinlərin öz daimi yaşayış yerlərinə dönüşü həyata keçirilir. Hesab edirəm ki, Rusiyada prezident seçkilərinin keçiriləcəyi, Ermənistanın parlament üsul idarəsinə keçid edəcəyi və üstəlik, Azərbaycanda da prezident seçkilərinin olacağı 2018-ci ildə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atılacaq. Hər halda, buna hazırlıq işləri görülür”.
Deputat Rasim Musabəyov isə növbəti ilin münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacağını düşür. Deputat qeyd edib ki, Ermənistanda prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçid edildiyi üçün gələn il Serj Sariksyan böyük ehtimalla prezident kürsüsündən gedib baş nazir kürsüsündə əyləşəcək.
R. Musabəyov əlavə edib ki, Azərbaycan və Rusiyada prezident seçkiləri keçiriləcək: “Adətən prezident seçkiləri dövründə müharibə ehtimalından uzaq olmağa çalışırlar. Hesab edirəm ki, 2018-ci il Dağlıq Qarabağ münaqişəsi üçün intensiv danışıqlar ili olacaq”.
Deputatın fikrincə, danışıqların nəticə verib verməyəcəyini öncədən demək çətindir: “Mən düşünürəm ki, gələn il müharibənin baş verməsi ehtimalı azalacaq. Danışıqlar nəticə verməzsə, 2019-cu il real müharibə ili ola bilər. Belə risk var və danışıqlar nəticəsiz qalsa bu risk artacaq”.



Əli

Bu xəbər oxundu
- - -