Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tələbələr Rabitə Nazirliyində istehsalat təcrübəsi keçiblər

27.12.17, 12:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının IV kurs tələbələri noyabrın 10-dan dekabrın 27-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu olaraq nazirlikdə tələbələrlə görüş təşkil edilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncama əsasən Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin bir sıra ixtisaslarının Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verildiyini bildirib. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün kömək göstərildiyini vurğulayıb.
Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda keyfiyyətli nəticə əldə etmək üçün bu sahənin inkişafı və daim yenilənməsi vacib məsələdir. Bu inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

Bu xəbər oxundu
- - -