Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cənubi azərbaycanlıların yaratdığı ictimai-siyasi təşkilatların ana dili uğrunda mübarizəsi

28.12.17, 8:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

İslam inqilabı və onun nəticələri azərbaycanlıların və digər xalqların öz kimliyini dərk etməsinə şərait yaratdı. İnqilabdan sonra azərbaycanlıların türk kimliyi uğrunda mübarizə aparmasına baxmayaraq, eyni zamanda azərbaycanlı kimliyi, Azərbaycan xalqı və Azərbaycan dili anlayışından istifadə etməsi zahirən bu sahədə qeyrimüəyyənlikdən xəbər versə də, əslində azərbaycanlıların real etnik strukturunun coğrafi xüsusiyyətləri ilə bağlıdır. Bu məsələni Azərbaycan Respublikasının yaranmasından sonra onların özlərini siyasi-mədəni müstəvidə konkret ad, eyni zamanda etnik coğrafi məkanı əhatə edən vahidlik anlamında təqdim etməsi kimi də qiymətləndirmək olar. İslam inqilabından sonra türk ictimai şüurunda azərbaycanlı kimliyini təmərküzləşdirməyə cəhd edilsə də, nəticə olaraq İranda cənubi azərbaycanlılarda etnik kimlik kimi türklük, Azərbaycan Respublikasında isə azərbaycanlı kimliyi formalaşdı.
H.Raşidi də Azərbaycan türk kimliyinin tərəfdarı kimi çıxış edir: “Bu gün İran ölkəsinin siyasi sınırları içində birləşən və türk dilinin Azərbaycan ləhcəsində danışanların ərazi məhdudəsi tarixi Azərbaycan məhdudəsindən fərqli deyil: tarixi Azərbaycanın sərhədləri 352 hicri qəməri və ya başqa sözlə 1084 il bundan öncə dəri dilində yazılmış “Bələmi” tarixində güneydən - Həmədandan başlayıb, şimalda bugünkü Azərbaycan Respublikasının şimal şərqində yerləşən Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə qədər uzanırdısa, bu gün də bu ərazi məhdudəsində türk dilli və Azərbaycan hoviyyətli insanlar yaşamaqdadırlar”. Müəllif haqlı olaraq iddia edir ki, siyasi sərhədlər dəyişsə də, etnik və mədəni sərhədlər dəyişməyib.
Beləliklə, İslam inqilabına qədər şiəlik və fars dili milli kimliyin formalaşması və tanıtdırılmasında bəzi hallarda əsas vasitə olsa da, 1979-cu ildən sonra bu iki amilin ifrat dərəcədə təbliği və eybəcərləşdirilməsi Azərbaycan türklərinin milli şüur səviyyəsinin yüksəlməsinə, Azərbaycan-türk milli kimliyinin qabardılması və güclənməsinə gətirib çıxaran əsas səbəblər kimi özünü göstərdi. Şiəlikdən panirançı siyasi xəttin reallaşdırlması üçün vasitə kimi istifadə olunması qeyri-fars xalqların, o cümlədən azərbaycanlıların dini kimlikdən tədricən imtinasına və sosial, siyasi, iqtisadi istəklərinin ideoloji ifadəsi olaraq azərbaycanlı-türk kimliyinin ön plana çıxarılmasına rəvac verdi. Gənclər və bəzi ziyalılar arasında isə tədricən zəif də olsa iranlı kimliyindən də imtina tendensiyası müşahidə olunmaqdadır. Bu tendensiya xüsusən mühacir güneyli Azərbaycan türklərinin müəyyən bir qismi arasında özünü daha qabarıq göstərir.

***

İran İslam rejiminin sabitləşməsi başa çatdıqdan dərhal sonra, 22 sentyabr 1980-ci ildə İran-İraq müharibəsi başlandı. Müharibə hakim rejimə demokratik qüvvələri əzmək üçün əlverişli şərait yaratmaqla bərabər, öz mövqeyini “İslam ideoloji prinsipləri” çərçivəsində möhkəmləndirməyə imkan verdi. Müharibənin gedişində şiəlikdən geniş təbliğat vasitəsi kimi məharətlə istifadə olundu və əhalisinin əksəriyyətini şiə inanclı insanlar təşkil edən İranın daxilində cəmiyyətin birliyini təmin edən ən önəmli amillərdən birinin şiəliyə bağlı ənənələrin olması öz təsdiqini tapdı. Bu da hələ müharibənin əvvəllərində milli hüquqlar uğrunda mübarizə aparan azərbaycanlı fəalların öz soydaşları arasında nüfuz qazanmalarına mane olurdu. İslam Respublikasının hakim dairələri ölkəni müharibədən xilas etmək üçün digər tərəfdən islam millətçiliyindən deyil, İran millətçiliyindən də istifadə edirdi. Bu zaman belə bir şüar ortaya çıxırdı: “Mən islam üçün deyil, vətən üçün ölürəm”. Belə bir şəraitdə azərbaycanlılar üçün də vətən sevgisindən doğan milli mənsubiyyət məsələsi daha da qabardı. Belə ki, azərbaycanlıların farslarla birlikdə müharibədə iştirakı iki xalqın daha yaxın ünsiyyəti üçün şərait yaradırdı və onlar öz dillərinin farslar tərəfindən necə məsxərəyə qoyulduğunun şahidi olurdular. Farsların bu cür davranışı azərbaycanlılarda milli qürur hissinin güclənməsinə, özlərini bir millət kimi tanımalarında, bir sözlə, milli özünüdərk prosesində az da olsa müəyyən rol oynadı. ABŞ-ın İranda girov saxlanılan diplomatlarından biri Hari Tik xatirələrində yazırdı: “Səddam Hüseynin İrana hücumu inqilaba maraqları azaldıb, İranda millətçilik əhval-ruhiyyəsini gücləndirdi. İran özünü daha çox milli maraqlarına üstünlük verib müharibə edən adi bir ölkə kimi apardı”.
Müharibə faktoru öz həllini tapmamış milli məsələni arxa plana sıxışdırsa da problemi daha da dərinləşdirdi. Milli hərəkatın 1980-88-ci illəri əhatə edən II mərhələsini siyasi mübarizənin süstlük dövrü kimi xarakterizə etmək olar. Əsas Qanunla elan olunan, qismən təmin edilən məhdud azadlıqlar milli qüvvələrə mübarizəni çox məhdud dairədə, mədəni sferada aparmağa az da olsa bəzi imkanlar açırdı. Səkkiz illik müharibə dövründə zəif də olsa davam edən və əsasən milli-mədəni çərçivədə aparılan mübarizə isə daha çox xalq kütlələrinin maariflənməsini təmin etməklə milli hərəkatın sosial bazasının genişlənməsində, milli ideologiyanın formalaşmasında müəyyən rol oynadı. Qeyd olunan süstlük dövründə tarixin müxtəlif mərhələlərində İrana siyasi ideyaların daxil olmasında tranzit məntəqə rolunu oynayan Cənubi Azərbaycanda milli məsələnin dərinləşməsini şərtləndirən amillərdən biri də baş verən dəyişikliklərdən gələn impuls idi. İslam İnqilabından sonra sovetlərin siyasətində Vahid Azərbaycan məsələsi yenidən qabarmağa başladı. Həmin dövrdə o taylı-bu taylı Azərbaycan arasında əlaqələrdə mədəni meyllərin daha güclü olmasının şahidi oluruq və bu haqda növbəti bölümdə bir qədər geniş bəhs olunub. 1981-ci ildə Bakıda Respublika Yazıçılarının VII qurultayında Azərbaycan SSR-nın rəhbəri H.Əliyev yazıçıların Cənubi Azərbaycandakı yazarlarla işbirliyinin əhəmiyyətini vurğulayaraq onların əsərlərinin Respublikada və kənarda təbliğ olunmasının vacibliyini bildirmişdi. Balaş Azəroğlunun yaradıcılığında əks olunmuş Cənubi Azərbaycanla bağlı məsələlərə işarə edərək bunların milyonlarla azərbaycanlının arzusu olduğunu qeyd etmişdi. Sovet Azərbaycanını cənubi azərbaycanlılar üçün cəlbedici edən amillərdən digəri inqilabdan sonra İranda işsizliyin geniş vüsət alması olmuşdu. Qeyd olunan problem azərbaycanlıları Astara sərhəddinə gətirirdi ki, bu da Sovet Azərbaycanı ilə İran Azərbaycanı arasında ticarət əlaqələrinin genişlənməsinə və gediş-gəlişin artmasına, sərhədyanı əhali arasında ünsiyyətin yaranmasına səbəb oldu. Onu da əlavə edək ki, Sovetlər birliyi dağılan zaman Şimali Azərbaycanda da eyni problem yaranmış, əsasən İranla sərhədyanı bölgədə yaşayan əhalinin Cənubi Azərbaycan şəhərlərinə axını başlamış, əlaqələr daha da genişlənmiş, sıxlaşmışdı. Beləliklə, həm İran İslam inqilabı, həm də sovetlərin dağılması ilə yaranmış iqtisadi böhran iki Azərbaycan arasında iqtisadi, ticarət əlaqələrinin yaranmasına səbəb olmuş və onların bir-biri ilə təması qeyri-ixtiyari olaraq çoxalmış və bu da hər iki tayda milli şüurun dərinləşməsinə şərait yaratmışdı.
Cənubi azərbaycanlıların mübarizə tarixinin III mərhələsi 1989-cu ildən Məhəmməd Xatəminin təmsil etdiyi “islahatçıların” hakimiyyətə gəlməsinə (1997-ci il) qədər olan dövrü əhatə edir. 1989-cu ildə prezident seçilən H.Rəfsəncaninin beşillik proqramında əsas məsələ iqtisadi yüksəlişi təmin etmək idi. Hökumət fəaliyyətə iqtisadi islahatlar kursunu həyata keçirməklə başladı. Milli münasibətlər sahəsində isə hakimiyyət islam pərdəsi altında fars millətinin maraqlarının təmsilçisi kimi çıxış edirdi. Xomeyni dövründə nisbətən zəifləmiş panfarsist yanaşma yenidən güclənməyə başladı. Panfarsist düşüncə institutlarının sayı artırıldı. İslam ideologiyası altında fəaliyyət göstərən İİR-in ictimai ədaləti bərqərar edə bilməməsi, əksinə, farsçılıq ideologiyasının yeni formada və əvvəlki məzmunda davam etdirilməsi qeyri-fars etnomilli birliklərinin narazılığına səbəb olurdu. Lakin daxildə hakim elitanın müxtəlif cinahlarında təmsil olunan və bir-biri ilə qarşıdurmada olan, xaricdə müxalifət düşərgəsinin müxtəlif təşkilatlarında hakim rejimə qarşı əsasən ideoloji mübarizə aparmalı olan, lakin reallıqda daha çox öz aralarında didişən, siyasi cəhətdən zəif, kəmiyyət baxımından çoxsaylı siyasi, ictimai qurumların üzvləri olan azərbaycanlılar həmin çərçivədə fəaliyyət göstərdiklərindən rejimin siyasətində baş verən sosiallıqdan millətçiliyə keçidə lazımi reaksiya verə bilmədilər və verə də bilməzdilər.
Çünki qeyd edildiyi kimi, onlar bütün spektrlərdə təmsil olunsalar da təmsil etdikləri sosial qrupların, siyasi qurumların idealları və eləcə də həmin qurumların köməyi ilə öz şəxsi maraq və mənafeləri uğrunda mübarizə aparırdılar. Sosialist düşərgəsinin süqutu, suverenlik ideyasının yenidən canlanması, dünyanın böyük bir hissəsində etnik proseslərin siyasi aspektinin ön plana çıxması tarixən sosial-siyasi fəallığı ilə fərqlənən cənubi azərbaycanlı siyasi qüvvələrin tədricən etnomillətçi mövqeyinə keçməsini sürətləndirdi. 1989-cu il dekabrın ilk iki həftəsində Sovet-İran sərhəddinin hər iki tayında azərbaycanlılar toplaşır, tonqallar yandırır, “Cənubi və Şimali Azərbaycanın vəhdəti” şüarlarını qaldırmaqla bir-birilə əlaqə yaratmağa səy göstərirdilər. Arazın İran sahilindəki azərbaycanlılar Sovet Azərbaycanındakı qardaşlarının hisslərinə Azərbaycan türkcəsində şüarlar səsləndirməklə cavab verirdilər.
31 dekabr 1989-cu ildə azərbaycanlılar Sərhəd hərəkatı-milli həmrəylik aksiyası (ilk olaraq SSRİ-İran sərhəddinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində başlandı) keçirərək sərhəd dirəklərini sökməyə başladılar (25 dekabr 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olundu). Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşdular. 1990-cı il yanvarın 18-də 5000-dən çox, 20-21 yanvarda isə 20 000 azərbaycanlının İran sərhəddini keçdiyi qeyd edilir. Əsas olan odur ki, hər iki taydakı fərqli sosial-mədəni inkişaf səviyyəsinə, sosial tərbiyəyə, fərqli ictimai baxışlara, davranışa malik azərbaycanlılar özlərini eyni kökdən olan millət kimi görürdülər.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -