Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın növbəti Qarabağ riyakarlığı

04.01.18, 9:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan rəhbərliyi həmişə iddia edir ki, Qarabağ məsələsində onların istəklərin ilə beynəlxalq ictimaiyyətin maraqları üst-üstə düşür.
Bunu Yeni il ərəfəsində Ermənistan Xarici İşlər Nazirliyində (XİN) diplomatlarla görüşündə Serj Sarkisyan bildirib.
Qarabağ məsələsində Ermənistanın marağının nə olmasını hələ 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal edən Ermənistan ordusunun zabitləri açıqlayıblar. Ermənistan televiziyasına nədənsə rusca müsahibə verən Ermənistan hərbçiləri iddia ediblər ki, bəs, indiyə kimi Kəlbəcərdə yaşayan azərbaycanlılar səhvən orda olublar, buna görə də onlar getməlidir və yerinə başqa adamlar, yəni ermənilər gəlməlidir. Erməni hərbçilər hətta iddia ediblər ki, Kəlbəcərdə yaşayan mülki əhaliyə qarşı çox mülayim davranıblar, çıxıb getmək istəyənlər üçün dəhliz qoyublar. Getmək istəməyənləri isə ya öldürüblər, ya da əsir kimi götürüblər.
Əgər, beynəlxalq ictimaiyyətin marağı budursa, bu, o deməkdir ki, beynəlxalq hüquq çoxdan lazımsız kağız parçasına çevrilib, Helsinki prinsipləri arxivə salınıb və dünya yalnız gücə sitayiş edir. Bu məsələyə Rusiyada nəşr olunan “Vestnik Kavkaza” portalı da toxunub. Supergüclərin seperatçılıq meyllərindən öz faydaları üçün yararlanmağa çalışdığını, bunun üçün münaqişə tərəflərini faciəyə sürüklədiyini vurğulayan portal Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsindən sitatlar gətirir.
Əli Həsənov həmin müsahibəsində Qarabağ münaqişəsinin başlaması zamanı və ondan əvvəlki dövrlərdə sovet rəhbərliyinin ermənilərə verdiyi gizli dəstəkdən bəhs edib. "1948-1953-cü illərdə SSRİ Nazirlər Şurasının qərarı ilə 150 min azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından Azərbaycana qovuldu. SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağ muxtar vilayətinin Azərbaycandan çıxması məsələsi və Ermənistana verilməsi məsələsi SSRİ-nin o vaxtkı rəhbərliyi ilə gizli razılaşdırıldıqdan sonra qaldırıldı. Bu fonda Ermənistanda yaşayan 200 min azərbaycanlı öz evlərindən zorla çıxarıldı",- deyə Əli Həsənov vurğulayıb.
Beləliklə, dolayısı ilə Qarabağ münaqişəsində Ermənistana dəstək verən güclərdən birinin Moskva olduğu başa düşülüb. Təbii ki, indiki Rusiya rəhbərliyinin maraqları SSRİ-ni dağıtmağa çalışan Kreml təmsilçilərinin maraqlarından xeyli fərqlənir. Amma unutmaq olmaz ki, Rusiya diplomatiyasında, mediasında və mədəniyyət sahəsində sovet illərindən yerləşdirilmiş çox sayda erməni və ermənipərəst var ki, bəzən Moskvanın özü belə onlara qarşı radikal addımlar atmağa məcbür olur. Məsələn, Rusiyada fəaliyyət göstərən ermənipərəst "Regnum" portalı davamlı olaraq Rusiya ətrafındakı münaqişə ocaqlarını qızışdırmaqla məşğuldur. Portalın əməkdaşı Stanislav Tarasov Əli Həsənovun çıxışını şərh edərək iddia etməyə çalışıb ki, Azərbaycanın yeganə yolu Dağlıq Qarabağdakı işğal rejimi ilə birbaşa danışıqlara başlamaqdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər supergüclərin - Fransa və ABŞ-ın da münaqişəni həll etmək niyyəti yoxdur. Münaqişənin qalması qərb üçün Ermənistanı Rusiyanın əlindən almaq üçün ümid yaradır, həmçinin Azərbaycanla Rusiyanın tam yaxınlaşmasına imkan vermir. Əgər Qarabağ münaqişəsi həll olunarsa, Qərbin regiona müdaxilə imkanı sıfra enə bilər.
Yəni, göründüyü kimi, münaqişəni həll etməyə çalışan Azərbaycan ciddi qüvvələrlə üz-üzədir. Bəs nə etməli? Bunun cavabını "Vestnik Kavkaza" verib. Portal vurğulayıb ki, Azərbaycan 2017-ci ildə həm siyasi, həm də iqtisadi sahədə aparıcı mövqeyini qoruyub, həmçinin öz hərbi gücünü möhkəmləndirməkdə davam edib, ordusunu çağdaş silah və texnika ilə təchiz edib.
Zaman göstərir ki, bu ən doğru yanaşmadır. Birincisi, bu, işğal edilmiş torpaqlara kənardan ermənilərin yerləşdirilməsinin qarşısını alır, ermənilər İrəvan rejiminin vədlərinə inanıb öz talelərini potensial müharibə zonası ilə bağlamırlar. İkincisi, güclü Azərbaycan ordusu Ermənistanı daha təhlükəli avantüralara getməkdən çəkindirir. Ən nəhayət güclü ordu gec-tez Azərbaycana öz əraziləri üzərində nəzarəti bərpa etməyə imkan yaradacaq.
Politoloq Məhəmməd Əsədullazadə isə bilıdirib ki, Ermənistanın Xarici işlər naziri Eduard Nalbandyan ilin yekunlarına dair mətbuat konfransında Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları, bir daha təsdiq edir ki, Sarkisyan rejimi bu ildə konfliktin həllinə real yanaşmayacaq. Eduard Nalbandyanın çıxışı regionda ümumi təhlükəsizliyə ziddir. Çünki, rəsmi Yerevan güzəştə getməyincə, müharibə ehtimalı öz aktuallığını saxlayır.
Erməni nazir danışıqların gedişi ilə bağlı qeyd edir ki, həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündə konkret üç prinsip irəli sürülüb. Bura ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək, güc tətbiq etməməkdi. Və, Ermənistanın həmin prinsiplərə sadiq olduğunu vurğulayır. Hətta Azərbaycanında əvvəl bu prinsipləri qəbul etdiyini vurğulayır. Həmçinin o, qeyd edir ki, Qarabağ konfliktinin həllində paket həll variantı var.
Bundan əlavə, qeyd edir ki, "Dağlıq Qarabağın yekun status Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyin etmə azad şəkildə həyata keçməli, beynəlxalq hüququ qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, - Nalbandyan qeyd edir.
Göründüyü kimi, ilin başlanğıcında Yerevandan bu kimi təxribat xarakterli bəyanatlar mümkün danışıqları fiaskoya uğradır.
Bununlada Qarabağ münaqişəsi üzrə son dörd ay ərzində aparılan danışıqları və bundan sonrakı danışıqlardan yayınmaq kursunu götürməyə çalışan Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi: “Qeyd edim ki, Ermənistan XİN rəhbərinin arqumentləri "Yenilənmiş Madrid prinsiplərini" özündə ehtiva edən "mərhələli həll" planın əleyhinədir.
Azərbaycan Xarici işlər nazirliyi daima vurğulayır ki, danışıqlar mərhələli həll planı üzrə aparılır və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qorunur.
Onu da bildirim ki, paket həll variantında isə ölkəmizin ərazi bütövlüyü məsələsi sual altındadır.
Ötən ilin sentyabr ayından başlanan danışıqlar prosesi çərçivəsində həm prezidentlərin görüşü keçirildi, həm də xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə bir neçə dəfə görüşərək problemin detallarını müzakirə ediblər. Növbəti görüş isə, bu ayın sonunda gözlənilir. Gözlənilən növbəti görüş qabağı Eduard Nalbandyanın açıqlamalarına Xarici işlər nazirliyi rəsmi cavab verməli və danışıqların hansı istiqamətdə getdiyi barədə cəmiyyətə məlumat verməlidir”.
Politoloq bildirib ki, hazırda Nalbandyanın dediklər istiqamətində gedən proseslər birbaşa Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edir. Çünki, Vyanada həmsədr ölklərinin Xarici işlər nazirlərinin razılaşdırdığı üç prinsipdən ibarət konkret təkliflər, əsasən paket həll variantıdır və burada Qarabağın yekun statusunda referendumun keçirilməsinə hesablanıb.
Göründüyü kimi, münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-müəyyənlik davam edir. Sadəcə, bu danışıqlar, yalnız il ərzində atəşkəsin qorunmasını saxlayıb. Konkret nəticələrə gəldikdə isə, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunmayıb.
Ermənistan tərəfinin məlum açıqlamaları bir daha göstərir ki, rəsmi Yerevanla belə bir danışıqların aparılması vaxt itkisindən ibarətdir.
Nalbandyan mətbuat konfransında 9 bəndlik həll prinsipləri ilə bağlı Azərbaycanın mövqeyini irəliləyişə mane olduğunu deməklə, əslində Ermənistanın həll variantına hazır olmadığını açıq vurğuladı. Azərbaycanın irəli sürdüyü həll variantı substantiv və sonda Qarabağa yüksək muxtariyyət verməkdən ibarətdir.
Təbii ki, yüksək muxtariyyətnən razılaşmayan Ermənistan bir müddətdən sonra, mədəni muxtariyyətə razı olacağı qaçılmazdır. Dünyada və regionda geosiyasi şərtlər dəyişilir. Yerevanın arxalandığı Rusiya və İran demokratik dünyanın hədəfindədir.
Ermənistan XİN rəhbərinin bu açıqlamasından sonra, yanvar ayının sonunda Xarici işlər nazirlərinin görüşünə ehtiyac olmamalıdır: “Sonda qeyd edim ki, "Paket həll" variantı masada varsa, buna XİN aydınlıq gətirməli və danışıqları dayandırmalı, güc tətbiqi variantına keçməlidir”.
Politoloq Arzu Nağıyev isə açıqlamasında Qarabağ probleminin 2018-ci ildə həlli perspektivini şərh edib. Ekspertin sözlərinə görə, Azərbaycan probleminin siyasi-diplomatik yolla həlli ilə yanaşı, hərbi yolla həlli imkanını da mümkün variantlardan biri kimi diqqətdə saxlayacaq:
“Bu ilin yanvar ayından etibarən danışıqlar masasına XİN rəhbərləri səviyyəsində oturulacaq. Bu danışıqlarda müsbət tenensiya yaranarsa, o zaman danışıqlar təbii ki, dövlət başçıları səviyyəsində davam etdiriləcək.
Bu ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Ermənistan Rusyanın vassalı olduğu üçün çalışacaq ki, Dağlıq Qarabağ məsələsində seçki faktorundan, ruslardan yararlansın. Apreldə isə Ermənistanda seçkilər başlayacaq. Sərkisyan öz hakimiyyətini saxlamaq üçün Dağlıq Qarabağ kartından istifadə etməyə çalışacaq. Qarabağ klanı, Qərbyönümlü və Rusiyayönümlü elektorat – yəqin ki, seçkilərdə elektorat məhz belə bölünəcək.
Bundan sonra isə Azərbaycanda seçkilər keçiriləcək. Təbii, Azərbaycan çalışacaq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində mümkün qədər irəliləyiş əldə edilsin.
Onu da qeyd edək ki, münaqişənin hərbi yolla həlli imkanı bir variant olaraq qalır. Kazan, Sankt-Peterburq, Vyana sənədləri istiqamətində də müəyyən məsələlər öz hlini tapa bilər. istənilən halda biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.

Cavid

Bu xəbər oxundu
- - -