Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi

04.01.18, 10:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Cənubi Azərbaycan fəallarının yaratdığı digər təşkilat - Azərbaycan Demokrat Firqəsinin proqramında İranın ərazi bütövlüyü və müstəqilliyi müdafiə edilir, Azərbaycana geniş muxtariyyət verilməsi tələbi əks olunur. Həmçinin Azərbaycan Milli Məclisinin, müxtəlif səviyyəli əncümənlərin təşkili, Azərbaycan dilinin Azərbaycanda dövlət dili elan edilməsi, eyni zamanda farscanın millətlərarası dil kimi işlənməsi əsas məqsəd kimi qarşıya qoyulur. Qeyri-leqal formada yaranan təşkilatlarla yanaşı leqal şəkildə, siyasi, milli-mədəni istiqamətdə fəaliyyəti ilə seçilən qurumlardan İran Məclisi üzvlərinin 1993-cü ildə yaratdığı “Məclisdəki azərbaycanlı deputatların fraksiyası”nı xüsusi qeyd etmək lazımdır. Fraksiyanın proqramında Azərbaycan ostanlarına aid məsələlərin, Azərbaycan Respublikası ilə əlaqələrin inkişafı əsas yer tuturdu.
Cənubi azərbaycanlı millət vəkilləri əsasən Azərbaycan əyalətlərinin problemlərini qaldırır, Azərbaycan Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini önə çəkirdilər. Təşkilat üzvləri Məclisdə seçildikləri ərazilərin problemlərindən əlavə, həm də bütün azərbaycanlıların problemləri haqqında öz fikirlərini bəyan edirdilər. 1993-cü ilin iyul ayında Mərənd şəhərindən seçilmiş deputatlar qeyri-azərbaycanlıların Azərbaycan əyalətlərinə ostandar təyin edilməsi məsələsini, həmçinin mərkəzi hökumətin azərbaycanlılara qarşı apardığı ayrı-seçkilik siyasətini tənqid etməyə başlamışdılar. Eyni zamanda hökuməti Ermənistanla əlaqələri kəsməyə çağırır və dövlət əleyhinə keçirilən yürüşlərdə iştirak edirdilər. Azərbaycanlı deputatlar Tehranın Qarabağ siyasətinin dəyişməsinin zəruriliyi haqda bəyannamə hazırlayaraq parlament deputatlarının əksəriyyətinə imzalatdırmışdılar. Kamal Abidinzadə (Xoydan seçilmiş məclis üzvü) 13 aprel 1993-cü ildə Məclisdə Azərbaycan dilində çıxış edərək ermənilərin hərəkətlərini tənqid etmişdi. Eyni zamanda bu mövzu ilə əlaqədar “Həmşəhri” və digər qəzetlərdə məqalələrlə çıxış etmişdi.
Təbrizdən seçilmiş məclis üzvü Məhəmmədəli Nəcəfzadə isə 6 aprel 1993-cü ildə bütün azərbaycanlı deputatlar adından ermənilərin hərəkətlərini pisləyən, Tehranı Qarabağ məsələsində Azərbaycanı müdafiə etməyə səsləyən qətnamə oxumuşdu. Bu fraksiyanın fəaliyyəti fars şovinistləri tərəfindən bölücü, xəyanətkar bir mövqe kimi qiymətləndirilir, ona qarşı təzyiqlər edilirdi. Fraksiyanın fəaliyyəti mühacirətdə fəaliyyət göstərən milli qurumlar tərəfindən müdafiə edilirdi. 1996-cı ildə CAMAH İsveçdə fəaliyyət göstərən Azərbaycan Kültur Ocağı ilə birgə həm müxalifətdəki, həm də iqtidardakı fars şovinistlərinin hücumuna məruz qalan “Azərbaycan Deputatları Fraksiyası”nı müdafiə məqsədilə bəyanat yayımladı.
İrandakı Azərbaycan türkləri arasında müxtəlif yönümlü və potensiallı təşkilatların köklü milli maraqlar ətrafında birliyini təmin edəcək vahid mərkəzin yaradılması zəruriliyi fikri ilk dəfə 1994-cü ildə gündəmə gəldi. Dörd siyasi qurumun (Güney Azərbaycan Fədailər Təşkilatı, Azərbaycan Qurtuluş Təşkilatı, Güney Azərbaycan Demokrat Firqəsi və Güney Azərbaycan Xalq Cəbhəsi) birliyi əsasında Güney Azərbaycan Milli İstiqlal Cəbhəsinin (GAMİC) yaranması İranda cənubi azərbaycanlıların milli hüquqlar uğrunda mübarizə tarixində tamamilə yeni bir dövrün - milli-siyasi konsolidasiya mərhələsinin başlandığını sübut edir. Cəbhənin bəyanatında qeyd edilirdi: “Güclü dövlətlərin zülm və hegemonluğu altında olan millətlərin mübarizəsi, azadlıq uğrunda mücadiləsi beynəlxalq ictimaiyyətdən aldıqları dəstəklə yanaşı müasir dövrün ən əlamətdar xüsusiyyətlərindən biridir. Sovet imperiyası dağılandan sonra millətlərin müstəqillik meyllərinin artması yuxarıda adı çəkilmiş həqiqəti təsdiq edir”.
Göründüyü kimi, GAMİC qarşısına Cənubi Azərbaycanın müstəqilliyini məqsəd qoymuşdu. GAMİC müəssislər heyətinin 23 sentyabr 1994-cü il tarixli müraciətnaməsi həmin birliyin yaranma zərurəti, qarşıda duran məqsəd və vəzifələri haqqında müəyyən təsəvvür yaradır. Bu müraciətnamədə Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlamaq üçün lazımi şəraitin yetişdiyi bəyan edilirdi: “Hazırda ayrı-ayrı xalqlar öz milli birliklərini gücləndirərək müstəqil milli dövlətlərini yaradırlar. Dünyanın ən mübariz xalqlarından olan Azərbaycan xalqı müstəqillik və milli hökumətini qurmaq uğrunda 48 illik zəngin mübarizə təcrübəsinə malikdir. Ancaq dünyanın böyük müstəmləkəçiləri hər zaman Azərbaycanı irtica ayağı altına salıb qurban ediblər. İndi dünyanın siyasi coğrafiyasının dəyişdiyi bir vaxtda Quzey Azərbaycan müstəqil dövlətinin yaranması ilə əlaqədar Güney Azərbaycanın istiqlaliyyətinə və nəhayətdə iki Azərbaycanın birləşməsinə, vahid, müstəqil Azərbaycanın yaranmasına münasib şərait yaranıb".
GAMİC digər təşkilatların elan etdiyi bəyannamələrdən fərqli olaraq yuxarıda qeyd etdiyimiz məqsədə çatmaq üçün bütün milli-demokratik təşkilatların xırda ixtilaflardan doğan ayrılıqlara son qoyaraq birləşməsini zəruri hesab edirdi. Qurumun 5 maddədən ibarət bəyannaməsinə görə, Cəbhə “təşkilatların birləşməsinin ideoloji əsaslarını hazırlamalı, dünya siyasi təşkilatlarının da təcrübəsindən bəhrələnməli, ən yararlı mübarizə yollarını seçməli, Azərbaycan milli qurtuluş mübarizəsinin xaricdə olan Azərbaycan ocaqları və dünyanın digər demokratik təşkilatları ilə əlaqəsini yaradıb beynəlxalq tədbirlərdə Azərbaycan xalqının həqiqi nümayəndəsi olaraq iştirak etməlidir”. GAMİC nəinki yarandığı dövrdə, hətta sonrakı dövrlərdə də mövcud olan siyasi qurumlarla müqayisədə təşkilatlararası əlaqələrin intensivləşdirilməsi, təkmil proqram, düzgün mübarizə yolu seçməsi baxımından daha ciddi birlik olsa da, 90-cı illərin sonuna doğru qurumun fəaliyyəti və varlığı ilə bağlı materiallara rast gəlinmir.
Şimali Azərbaycan müstəqillik əldə etdikdən sonra burada ilk illər (1991-1993) həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində ortaya qoyulan Cənubi Azərbaycanın müstəqilliyi və iki Azərbaycanın birləşməsi yönündəki fikirlər İrandakı Azərbaycan türkləri arasında birləşmək ideyasının və digər strateji məqsədlərin ortaya çıxması ilə yanaşı, Azərbaycana güclü meyl göstərən cərəyanların yaranmasına səbəb oldu. Müxtəlif ölkələrdə yaşayan Azərbaycan türkləri ilə əlaqə saxlayan “Vətən” cəmiyyəti cənublu fəalların Şimali Azərbaycana gəlməsinin təşkilində yaxından iştirak edirdi (“Vətən” cəmiyyəti 1987-ci il, dekabrın 28-də yaradılmışdı).
Azərbaycançılıq - türkçülük şüurunun güclənməsinə İran hökumətinin reaksiyası əsasən repressiyalar, ideoloji və ideoloji-publisistik təzyiqlərlə müşayiət olunurdu. 90-cı illərin ortalarında İran hakimiyyəti ideoloji sahəyə xüsusi diqqət ayırmağa başladı. Pəhləvi dövründəki fars millətçiləri tərəfindən irəli sürülən “Azəri nəzəriyyəsi” ilə bağlı tezislər yenidən gündəmə gəldi və bu mövzuda yazılmış kitablar çap olundu. Türk etnik mənsubiyyətinin rəsmi qurumlar tərəfindən belə aşağılanmasına başlanıldı. 1995-ci ilin may ayında İranın radio-televiziya şirkəti tərəfindən keçirilən rəy sorğusu zamanı paylanan anketlərdə türklər qeyri-adi məxluqlar kimi təqdim olunmuş, onlarla birgə yaşamaq və ailə qurmaq məsələsi ictimai rəy predmetinə çevrilmişdi.
Türkçülüyün geniş yayılması qorxusu İran hökumətinin Azərbaycan Respublikasının İrandakı səfirliyinə münasibətində də özünü göstərirdi. Tehranda səfirlik əməkdaşlarının uşaqları üçün ibtidai məktəb açmaq xahişi ilə İran XİN-ə olunan müraciətə rədd cavabı verilmişdi. Halbuki paytaxtda bir sıra dövlətlərin səfirlikləri yanında həmin dövlətlərin rəsmi dilində məktəbləri fəaliyyət göstərirdi. İran hökuməti tərəfindən Şimali Azərbaycandan qaynaqlandığı hesab edilən etnik təhdidlərin qarşısını almaq üçün görülən tədbirlərdən biri sərhədyanı bölgələrdən Azərbaycan adının götürülməsi məqsədini daşıyan inzibati ərazi bölgüsünün yenidən aparılması idi ki, bu siyasəti də 1993-94-cü illərdə reallaşdırmaq mümkün oldu.
Lakin İİR hakimiyyətinin hərəkata qarşı səyləri nəticəsiz qaldı və yaranmış ictimai-siyasi şəraitdə iki Azərbaycanın yaxınlaşmasına mane ola bilmədi. Belə bir situasiya cənubi azərbaycanlılar arasında fərqli siyasi baxışların formalaşmasına və yeni milli oyanış hərəkatının yaranmasına səbəb olmuşdu. Ana dili məsələsi bu dövrə kimi müstəqillik ideyalarının tərkib hissəsi kimi irəli sürülürdü, lakin hökumətin qeyd edilən siyasətinə reaksiya olaraq 1995-ci ildən bütövləşmə və vahidlik məsələsi gündəmə gəldi. Qeyd etmək lazımdır ki, əgər 90-cı illərin əvvəllərində cənubi azərbaycanlıların İranda yaratdığı ictimai-siyasi təşkilatlar öz fəaliyyətlərini bir qədər məhdud dairədə - milli-mədəni hüquqların təmin olunması və muxtariyyət tələbi əsasında qururdularsa, artıq növbəti mərhələdə – 90-cı illərin ortalarında tələblərin əhatə dairəsinin genişləndiyi və radikallaşdığı, milli hüquqlar uğrundakı mübarizənin sırf siyasi müstəviyə keçdiyi, müstəqillik və Bütöv Azərbaycan ideyasının ön plana çıxdığı görünür. Bu dövrə kimi əsasən ilkin sosial-mədəni tələblərlə çıxış edən pərakəndə qruplar, təşkilatlar formasında fəaliyyət göstərən milli qüvvələrin mübarizəsi 1990-cı illərdən kütləvi xarakter almağa, təmərküzləşməyə başlamış və mütəşəkkil forma almışdı. Ümumən regionda baş verənlər Cənubi Azərbaycandakı milli qüvvələrdə böyük ruh yüksəkliyi yaratmışdı. Şimali Azərbaycanda baş verən proseslər cənubi azərbaycanlılarda da milli azadlıq əldə etməyə böyük ümidlər yaratmışdı. Beləliklə, cənubi azərbaycanlıların daxili və xarici faktorların təsiri altında 1989-1997-ci illərdə yaratdıqları siyasi təşkilatlar heç bir ciddi hazırlıq və böyük təşkilati baza olmadan meydana çıxsalar da azərbaycanlıların ana dili, azərbaycançılıq ideyası ətrafında birləşməsinin praktik, nəzəri baxımdan əhəmiyyətli olduğunu nümayiş etdirdi. Bu qurumların mübarizəsində milli məsələnin həlli ilə bağlı fikir ayrılıqları mövcud olsa da, ana dili məsələsi siyasi fəaliyyətlərinin əsas obyektlərindən birinə çevrilmişdi.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -