Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ”la bağlı daha bir istəyim var”

04.01.18, 12:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Əsas məqsədimiz yenidən ölkə çempionu olmaqdır”. Bu sözləri “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli deyib. Çempionatda yaranmış fasilə ilə əlaqədar ölkəsində olan 35 yaşlı müdafiəçi gününü yalnız istirahətə həsr etmir. Belə ki, Aqolli formasını qorumaq üçün Albaniyada fərdi məşqlərini davam etdirir.
“TV Klan”a müsahibə verən Ansi həm “Qarabağ”, həm də yığmadakı çıxışı ilə bağlı danışıb. Ağdam klubunun cari mövsümdəki hədəfinə toxunan sol cinah müdafiəçisi çempion titulunu qorumaq istədiklərini bildirib: “Bu mövsüm də Azərbaycan çempionatını birinci pillədə başa vurmaq bizim üçün vacibdi. Lakin təkcə bununla iş bitmir. Avrokuboklarda da layiqli çıxış etməliyik. “Qarabağ”la bağlı daha bir istəyim var. Bu, yenidən Çempionlar Liqasının qrupuna çıxmaqdı”.
Aqolli Albaniya millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da toxunub. Mundialın final mərhələsinə vəsiqə qazana bilməyən albanların kapitanı AÇ-2020 ilə bağlı planlarını açıqlayıb: “Məlum olduğu kimi, dünya çempionatının seçmə mərhələsi bizim üçün çox çətin keçdi. Bu da qrupda iki güclü rəqib – İspaniya və İtaliyanın olması ilə bağlı idi. Amma bir qədər bəxtimiz gətirsə və qətiyyətli olsaq, Avro-2020-nin final mərhələsinə yüksələ bilərik”. Qeyd edək ki, Ansi Aqolli 2010-cu ildən “Qarabağ”ın formasını geyinir. O, Ağdam klubunun heyətində Azərbaycan Premyer Liqasının cari mövsümündə 7 oyunda meydana çıxıb.

Bu xəbər oxundu
- - -