Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azəri-Çıraq-Günəşli”dən 500 milyon ton neft çıxarılacaq

04.01.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2050-ci ilədək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan daha 500 milyon tona qədər neft hasil olunacaq. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq.
Qeyd edək ki, 2018-ci ildə AÇG neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub. Yeni saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Bu xəbər oxundu
- - -