Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İtaliyanın sədrliyindən nə gözləyək?

05.01.18, 9:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hər il olduğu kimi bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilər böyükdür. Ən azından ümid edirik ki, münaqişə ölü nöqtədən tərpənəcək və beynəlxalq təşkilatların bar-bar bağırdığı sülh prossesinə ciddi təkan veriləcək. Bunun üçün Ermənistanın irəliyə doğru addım atması, ən azından müharibə ehtimalının aradan qaldırmaq üçün işğal edilən ərazilərin müəyyən hissəsinin azad edilməsi şərtdir. Ümumilikdə 2017-ci il Qarabağ dipomatiyası uğurlu və eləcə də uğrusuz il olaraq yadda qaldı.
Məsələn, ötən il münaqişənin sülh yolu ilə nizamlanmasında xüsusi rola malik Rusiyanın diplomatiya idarəsinin rəhbəri Sergey Lavrov Bakıya, sonra İrəvana təşrif buyurdu. Bundan əlavə prezidentlərin və nazirlərin görüşləri keçirildi. Bütün bunların fonunda real nəticə olmasa da Qarabağ diplomatiyasının ən uğurlu nailiyyəti Bakının münaqişəyə yanaşma tərzidir. İstər ATƏT-in Minsk Qrupunun təşkil etdiyi görüşlərdə, istərsə də Moskvanın vasitəçi olduğu danışıqlarda rəsmi Bakı öz qətiyyətli mövqeyini bir daha sərgilədi.
Növbəti dəfə aydın bilindi ki, Qarabağ münaqişəsinin həllində Azərbaycandan güzəşt gözləmək absurddur və dövlət başçısı İlham Əiyevin də dəfələrlə vuğuladığı kimi Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmasına nmkan verilməyəcək. Münaqişədə diplomatiya qalib gələcəksə, bu İrəvanın heç bir şərt irəli sürmədən işğal etdiyi ərazilərin ilkin mərhələdə ən azı müəyyən hissəsinin boşaldılması ilə mümkündür. Sadalanan mühüm prinsiplər diplomatlarımız tərəfindən vasitəçilər, eləcə də beynəlxalq təşkilatlar, ən əsası Ermənistanın müttəfiq elan etdiyi dövlət rəsmilərinə izah edilib. Düzdür rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi nəticəsində konfiliktin həlli üçün ciddi adımlar atılmasa da Azərbaycanın iqtisadi, hərbi qüdrəti Ermənistanı daha da acınacaqlı duruma gətirib.
2018-ci ilə gəlincə... Ermənistan yeni ilə yeni bəhanələrlə gəlir. Söhbət ondan gedir ki, işğalçı ölkədə dövlət idarəçilik sistemi dəyişir. Sarkisyan və komandası Qarabağ danışıqlarının bir qədər yubadılmasına çalışacaq. Bəhanələrdən biri məhz “yeni sistemin oturdulmasıdır”. Digər vacib faktorlardan sırasında Rusiyada prezident seçkiləridir. İrəvan üçün bundan “unikal” fürsət ola bilməz. Axı Rusiya Ermənistanın sahibidir və Sarkisyan ağasının kimliyini dəqiqləşdirməlidir.
Qalır Bakının baş verəcək ssenariyə reaksiyası. İrəvanı məhz bu amil narahat edir. Çətin Azərbaycan daha bir neçə il Ermənistanın “şıltaqlığına” səbr etsin. Diplomatik təmaslar suni şəkildə dondurulacaqsa, imitasiya xarakterli danışıqlar təklif ediləcəksə bu zaman növbəti - amma daha geniş "aprel döyüşləri" də qaçılmaz ola bilər.
Hər bir halda Dağlıq Qarabağ beynalxalq qurumlar tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Öz ərazilərində anti-terror əməliyyatı aparmaq da Azərbaycanın hüquqi haqqıdır. Bu vacib məqam hər bir zaman aktual olduğu üçün Dağlıq Qarabağın da hərbi yolla işğaldan azad edilməsi hər an gündəmə gələ bilər.
Yanvarın 1-dən isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik İtaliyaya keçdi. Aralıq dənizi regionunun mərkəz dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirə bilərmi? Artıq İtaliya rəsmiləri və Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaqlarını açıqlayıblar.
Ancaq politoloq Elxan Şahinoğlu bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlərin səsləndirdiklərini bildirib. Elxan Şahinoğlu yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umduğumuzu xatırladıb:
“Alınmadı. Əlbəttə, Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi. Ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, nə qədər fəal olsan da, o birilərdən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər”.
Elxan Şahinoğlu daha sonra deyib: “Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə “mərhələli həll” planının qəbulunu vacib saydı, ancaq Ermənistan “yox” dedikdən və Kreml həmin “yox”u gizli və açıq dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT Minsk Qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının vacibliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur”.
Qeyd edək ki, ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsi də daxil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu müsbət qiymətləndirdiklərini açıqlayıb. H.Hacıyev deyib:
“Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” ATƏM-in Minsk konfransının o zaman üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb. 1993-cü ilin 28 iyulunda ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT Baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”.
Biz ümid edirik ki, İtaliya Respublikası ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, 2018-ci il Qarabağ konfliktinin nizamlanması istiqamətində aparılan danışıqlar nəticə verməyəcək. Çünki, Ermənistan siyasi-hərbi rəhbərliyi yenidən "Paket həll" variantını ortaya atıb. Təbii ki, "Paket həll" variantı Azərbaycanın milli maraqlarına cavab verməyədiyinə görə, birmənalı şəkildə rəsmi Bakı bunu qəbul etməyəcək: “Qeyd edim ki, tərəflər arasında etimad mühitinin formalaşması, cəbhədə ATƏT-in müşahidə missiyasının monitoriq qrupunun sayının artırılması və s.məsələlər öz həllini tapıb. Artıq, Ermənistan güzəştə getməli və işğal olunmuş əraziləri geri qaytarmalıdır. Hazırda aparılan diplomatik danışılarnan rəsmi Yerevan buna getməyəcək. Bu il yalnız hərbi təzyiq yolu ilə Ermənistanı güzəştə məcbur etmək əsas variant olmalıdır. Bu il İtaliya ATƏT-in sədrliyini həyata keçirəcək. ATƏT-dən hər hansı ciddi nəticə gözləməyə dəyməz. Bu il cəbhədə hərbi variant mümkün olmasa da, istisna edilmir”.
Yeri gəlmişkən, Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi "GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə" birgə qətnaməsini BMT-nin Baş Assambleyasının növbəti iclasında irəli sürəcək.
Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin GUAM sədrliyi ilə bağlı bəyanatında bildirib.
Bəyanatda deyilir ki, həmçinin Moldova GUAM Azad Ticarət Zonasının fəaliyyətini təmin etməyə və təşkilatın investisiyaya açıq bir platformaya çevrilməsinə çalışacaq.
İqtisadi prioritetlər çərçivəsində, Moldova iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm sahələrində GUAM-ın sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üzrə Fəaliyyət Planı əsasında əsas sahələr üzrə qarşılıqlı əlaqələri aktivləşdirməyə, GUAM-ın nəqliyyat və tranzit potensialını artırmağa, habelə GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını həyata keçirmək üzrə müvafiq Fəaliyyət Planını hazırlamağa çalışacaq.
Moldova həmçinin GUAM + formatında, xüsusilə də Avropa İttifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirmək və genişləndirmək, "ənənəvi" tərəfdaşlar - ABŞ, Yaponiya və Vişeqrad qrupu ilə konstruktiv dialoqun təşviqini davam etdirəcək.
Qeyd edək ki, GUAM-da sədrlik Moldovaya yanvarın 1-dən keçib.

Cavid

Bu xəbər oxundu
- - -