Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya bazasına hücum sirri: xəyanət, yoxsa...

05.01.18, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın Hmeymimdəki hərbi bazasını hədəf alan hadisədə ehtimallar bir neçə dövlətin, təşkilatın üzərində durmağa əsas verir. Kremlin Yaxın Şərqdə çoxşaxəli geosiyasi, enerji, hərbi-siyasi maraqları var və hücum edənlər məhz bu maraqlara qarşı çıxan qüvvələrdir.
Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiyanın Hmeymim bazasına 31 dekabrda hücum və 7 təyyarənin məhv edilməsi barədə məlumatı şərh edərkən deyib. Politoloq bildirib ki, hazırda geosiyasi maraqlar toqquşduğu üçün bu hücumda nəinki düşmənlər, hətta müttəfiqlər belə şübhəlilər siyahısına düşə bilər:
“Lakin Rusiyanın iki əsas müttəfiqi - İran və Türkiyə bu siyahıdan çıxır. İran hazırda daxili problemlərinin həlli ilə məşğuldur, Türkiyə isə heç bir halda Rusiya ilə münasibətlərinə xələl gətirəcək addım atmaz. Ümumiyyətlə, Rusiya-İran-Türkiyə üçbucağı Yaxın Şərqdə hədəflərinə doğru ciddi irəliləyiş əldə edib və bu məqamda onların bir-birinə zərbəsi müzakirə predmeti deyil”.
Nəzakət Məmmədova ilk olaraq bütün şübhələrin Vaşinqtona yönəldiyinə diqqət çəkib:
“ABŞ tək güc mərkəzi tərəfindən idarə olunan dövlət deyil. Ona görə də əgər bu zərbə ABŞ-dan reallaşıbsa, onun hansı qüvvələrə lazım olduğu gündəmə gəlir. Bu mənada Prezident Trampı istisna etmək olar. Bu plan Pentaqona məxsus olsa belə, böyük ehtimalla Trampla razılaşdırılmayıb. Praktikada da biz bunun şahidi olmuşuq ki, bəzən Trampın iradəsi əleyhinə qərarlar verilir. Məsələn, Tramp YPG/PYD-yə silah verilişini dayandırmaq, Fətullah Güləni Türkiyəyə vermək istədi, lakin Pentaqon buna qarşı çıxdı. Yəni, Rusiya bazasına hücumun arxasında ABŞ olsa belə, bu əmri Trampın verdiyi qətiyyən inandırıcı deyil. Pentaqonun Rusiyanın Suriyada hərbi bazalarının qalmasından narazı olduğu istisna edilmir. Pentaqonun nəzarətində Türkiyə-Rusiya ittifaqından narahat olan və Suriya Xalqları Konqresindən kənarda qalan YPG/PYD də var”.
Politoloq Britaniya və Çinin də enerji maraqlarının Yaxın Şərqdə Rusiya ilə toqquşduğunu xatırladıb:
“ARAMCO neft korporasiyasının səhmlərinin, eləcə də İraqdakı neft yataqlarının alınmasında bu ölkələr arasında dərin rəqabət gedir. Versiyalardan biri hücumun Astana prosesinə və Rusiyanın Suriyadakı nizamlama prosesinə qarşı yönəlməsidir”.
Politoloqun qənaətinə görə, digər bir versiya Saudi ARAMCO-da ABŞ və Rusiyanın əlbir olaraq İngiltərə və Çini ora buraxmamaq planlarına cavabdır:
“Rusiyanın hərbi bazasına müdafiəni yararaq hücum etmək sıradan hadisə deyil və bunu terrorçular bacarmaz. Ona görə də burda bütün versiyalar böyük dövlətlərə fokuslanır”.
Qeyd edək ki, 31 dekabrda Rusiyanın Hmeymim bazasına hücum edildiyi barədə məlumat yayılıb. Məlumatda Rusiyanın 7 hərbi təyyarəsinin məhv edildiyi, çoxsaylı itki verdiyi bildirilib.
Rusiya isə hücumu təsdiqləsə də, hərbi təyyarələrlə bağlı iddiaları yalanlayıb və yalnız iki hərbçi itirdiyini rəsmən açıqlayıb.

Bu xəbər oxundu
- - -