Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranı iqtisadi-siyasi islahatlar xilas edə bilər

05.01.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Mirzəbəyli: “Növbəti etiraz aksiyalarının daha uzunmüddətli və kəskin qarşıdurmalarla müşayiət oluna biləcəyi ehtimalı var”

Vüqar Zifəroğlu: “İranda baş verən son etiraz aksiyalarında daxili faktorlar da önəm daşıyır”

Elçin Xalidbəyli: “İran Yaxın Şərqin Liviyadan üzübəri uzanan "bataqlıq bölgəsi"nə daxil ola bilər”

İranda baş verən hadisələrin Azərbaycanmda da maraqla izlənməsi və müzakirə edilməsi təbii haldır. Birincisi İranda 40 milyona yaxın soydaşımız yaşayır. Digər tərəfdən İran Azərbaycanın yaxın qonşusudur və burada baş verən proseslərin təsir edə biləcəyi ölkələr sırasında ilk yerlərdə duran dövlətlərdən biri Azərbaycandır. Siyasi ekspertlər problemə müxtəlif kontekstdən yanaşırlar. Proseslərin farsların sıx yaşadığı Məşhəd şəhərindən başlanması, Azərbaycan türklərinin aksiyaya qoşulmaması və dəstək verməməməsi maraqlı detaldır və bu proseslərin təhlilində əsas faktorlardan biridir.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, İranda baş verən son hadisələrin əsas səbəbi sosial-iqtisadi priblemlərlə bağlıdır. Onun sözlərinə görə, hələ iki il öncə ekspertlər iqtisadi, sosial və siyasi problemlərin İranda kütləvi etirazlara səbəb olacağını deyirdilər: “Amma xalqı ideologiya ilə “yemləməyə” çalışan İran liderləri bu xəbərdarlığı ciddiyə almırdılar. Məsələ burasındadır ki, hazırda İran əhalisinin 40 faizi kasıblıq həddində yaşayır. Kənd yerlərində bu göstərici 60-70 faizə çatır. Ən azı 11 milyon insan böyük şəhərlərin ətrafındakı gecəqondu və xarabalıqlarda yaşayır. 17-25 yaş arası gənclərin, o cümlədən ali təhsili olanların 25 faizi işsizdir. Mahmud Əhmədinejatın 8 illik prezidentliyi dövründə İran neft ixracından 700 milyard dollar vəsait əldə etmişdi. Lakin bu pullar yoxsulluğun və işsizliyin aradan qaldırılmasına deyil, dini-ideoloji strukturlara, mövcud sistemin qorunmasına sərf olundu. İranın nüvə və raket proqramlarına böyük vəsaitlər sərf olundu və ortada nəticə olmadığı üçün bu vəsaitlərin də havaya sovrulduğunu söyləmək olar. Milyardlarla dollar Bəşər Əsəd rejiminin qorunmasına, Liviyada “Hizbullah”ın, İraqda şiə dəstələrinin, Yəməndə husi qiyamçılarının dəstəklənməsi üçün xərcləndi. Və bu müddət ərzində İranda iqtisadiyyatın inkişafına xidmət edə biləcək onminlərlə layihə vəsait olmadığı üçün həyata keçirilmədi”. Ekspertin fikrincə, bütün bunlar isə son nəticədə əhalinin daha da yoxsullaşmasına və kütləvi etirazlara gətirib çıxardı: “İndiki halda İranda baş verən etirazların, qənaətimə görə iki əsas səbəbi var: 1. Yoxsulluq və işsizlik 2. Dövlət və hökumət orqanlarına, siyasi sitemə etimadın itirilməsi Aksiyalar zamanı ara-sıra siyasi şüarlar səsləndirilsə də, baş verənləri rejim əleyhinə siyasi etirazlar kimi dəyərləndirmək doğru olmazdı. Ola bilsin ki, siyasi şüarlar aksiyaların xaricdən idarə olunduğunu sübuta yetirməyə çalışan rejimdaxili qüvvələrin təxribatçı qrupları tərəfindən ortaya atılıb. Aksiyalarla bağlı mövcud dini-siyasi sitemin daxilindəki qüvvələrin ziddiyyətli fikirləri də belə bir ehtimalla çıxış etməyə imkan yaradır. Məsələn, prezident Ruhani xalqın etiraz etməyə haqqı olduğunu bildirdi və iqtisadi problemləri həll edəcəyinə söz verdi. Dini lider Xomnyei və tərəfdarları isə aksiyalara görə xarici qüvvələri ittiham etdi. Əslində bu yanaşma İranda hakimiyyətdaxili ziddiyyətlərin də kifayət qədər dərin olduğunu sübuta yetirir. Prosesdə ABŞ-ın, yaxud hər hansı başqa bir qüvvənin iştirakına gəldikdə isə, şübhəsiz ki, yaranmış vəziyyətdən İranin regionda yürütdüyü siyasətlə razılaşmayan dairələr də istifadə etməyə çalışa bilər. Verilən bəyanatlar da bunu sübuta yetirdi. Amma konkret aksiyaların səbəblərinin xarici qüvvələrlə bağlı olduğunu iddia etmək gülünc olardı. Bir məqama da diqqət çəkmək istəyirəm: Proses ərzində İranın ictimai rəyinə ciddi təsir göstərə biləcək qüvvələrin aktivliyi müşaiyət olunmadı. Sonuncu İran şahının varisinin bəyanatlarından, İran Xalq Mücahidlərinin xarici ölkələrdə keçirdiyi 5-10 nəfərlik aksiyalardan başqa prosesə ciddi dəstək verildiyinin şahidi olmadıq. Onu da qeyd edim ki, nə Rza Pəhləvinin, nə də İran Xalq Mücahidlərinin İranda ciddi sosial dayaqları yoxdur. Bu baxımdan, hesab edirəm ki, İranda baş verən son hadisələr daha çox sosial-iqtisadi problemlərdən qaynaqlanır. Təbii ki, əgər rejim baş verənlərdən nəticə çıxarıb ciddi sosial-iqtisadi və siyasi islahatlar aparacaqsa, o zaman ölkəni daha böyük fəlakətlərdən qorumaq mümkün ola bilər. Əks təqdirdə növbəti etiraz aksiyalarının daha uzunmüddətli və kəskin qarşıdurmalarla müşayiət oluna biləcəyi ehtimalı var”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupununn rəhbəri, politoloq Vüqar Zifəroğlu vurğuladı ki, İranda baş verən son etiraz aksiyalarında daxili faktorlar da önəm daşıyır. Ekspert hesab edir ki, hal-hazırda baş verənlər ilk növbədə İran daxilində islahatçılarla mühafizəkarlar arasında gedən siyasi mübarizənin təcəssümüdür: “Diqqət edin, bu aksiyalar Məşhəddən başladı. Məşhəddəki etirazların 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisinin və tərəfdarlarının təşkil etdiyi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyaların ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi də az şey ifadə etmir. Yəni əslində bütün bunlar onu göstərirdi ki, aksiyalar əslində İranın daxilindəki siyasi qüvvələrin siyasi toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir. Mən məəsləyə həm də bu cür qiymət verməyin tərəfdarıyam. Təbii ki, regionda marağı olan xarici qüvvələrin də hər biri baş verən proseslərdən yararlanmağa çalışırlar. Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi eyni zamanda xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hal-hazırda İranla çox ciddi siyasi münaqişədədir”.
“Proseslərdə Güney Azərbaycanla bağlı məqamlara da diqqət çəkmək istərdim”,- deyən analitik vurğuladı ki, Zəncan istisna olmaqla Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi: “Bunun özü çox maraqlı məqamdır. Güney Azərbaycandakı soydaşlarımız bizim bir çoxlarımızdan daha yaxşı anlayırlar ki, baş verənlər əslində, ölkədəki siyasi oyunların təzahürüdür. O zaman niyə məhz Zəncan proseslərdə daha aktiv oldu sualının isə cavabı var. Zəncanın Ərdəbil, Urmiyə yaxud Təbrizdən fərqi ondan ibarətdir ki, bu bölgə hər zaman mühafizəkar baxışları ilə seçilən Güney Azərbaycan şəhəri olub. Bu şəhərdə ali dini ruhani sistemə bağlılıq daha çoxdur. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi.
Vurğulamalıyam ki, faktiki olaraq İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız “Amerikanın, İsrailin və ya Səudiyyənin barmağının olduğunu” iddia etmək tamamilə yanlış olardı. Sadəcə olaraq bu qüvvələr, baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin öz axarından çıxaraq daha kəskin və münaqişəli hal almasında maraqlıdırlar.
İslam İnqilabi Keşikçiləri Korpusu – SEPAH-ın komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında vaxtilə siyasi hakimiyyətdə olan şəxslərin rolunun olmasına dair bəyanatını və əslində bununla da Əhmədinejata və tərəfdarlarına vurğu etməsini də nəzərə alarsaq, yekun olaraq deyə bilərik ki, baş verənlərdə daha önəmli daxili faktorlar olub. Yəni, bu iğtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürü kimi qiymətləndirilə bilər. Lakin təbii ki, xarici faktorları da burada öz rolunu oynamaqdadır”.
Siyasi ekspert Elçin Xalidbəyli diqqətə çatdırdı ki, İranda cərəyan edən proseslərin əsas səbəbləri hələlik tam aydın deyil: “Müşahidələrə əsasən yalnız onu demək olar ki, baş verən hadisələr öz qaynağını sosial-iqtisadi problemlərdən alıb. Belə ki, əhalinin müəyyən təbəqələri sosial-iqtisadi vəziyyətin ağırlığından olan narazılıqlarını küçələrə çıxmaqla nümayiş etdiriblər. Təbii ki, etiraz dalğasını alovlandırmaqda maraqlı olan daxili siyasi mərkəzlər də olmamış deyil. Təbii ki, bu mərkəzlər prosesləri hələlik səhnəarxasından idarə etməyə çalışırlar. Böyük ehtimalla baş verən hadisələrin bu qədər dərinləşməsi məhz həmin daxili siyasi mərkəzlərin start verdiyi hakimiyyətdaxili hesablaşmadır. Yəni bu proseslərdə hakimiyyət uğrunda mübarizənin əlamətləri olmamış deyil. Xarici qüvvələrin roluna gəldikdəsə, İranda qarışıqlığın yaranması ABŞ, İsrail və Səudiyyə Ərəbistanına sərfəlidir. Həmin dövlətlərin İranda baş verənlərə ilkin reaksiyaları da bunu təsdiqləyir. Ümumiyyətlə, İrandakı iğtişaşlar kortəbii hadisələrə bənzəmir. Bütün əlamətlər bu prosesin planlı şəkildə kənardan idarə olunduğunu sezdirir. Bu baxımdan, İran hadisələrinin xarici siyasi qüvvələr tərəfindən yönləndirilməsi ilə bağlı ehtimallar tamamilə inandırıcı görünür. Və əgər, bu proseslər tezliklə durdurulmazsa, İran da Yaxın Şərqin Liviyadan üzübəri uzanan "bataqlıq bölgəsi"nə daxil ola bilər”.

Əli

Bu xəbər oxundu
- - -