Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Neftin rekord həddə bahalaşmasının səbəbləri

05.01.18, 13:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər neftin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu günə olan məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar bahalaşaraq 70,54 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 68,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar azalaraq 61,95 dollar təşkil edib. Ümumilikdə isə Azərbaycan neftinin qiyməti son 3 ilin maksimumuna çatıb.
Neftin bahalaşması nə ilə əlaqədardır?
İqtisadçı ekspert Vüqar Bayramovun qənaətinə görə, neftin dünya bazar qiymətindəki artımlar daha çox texniki səbəblərlə bağlıdır. Onun sözlərinə görə, texniki səbəblər neftin qiymətinə birbaşa təsir göstərir: “İranda baş verən qarşıdurmalar neftin dünya bazar qiymətinə psixoloji təsir göstərdi və bu qiymətlərdə artımlarla müşahidə olundu. Eyni zamanda daha öncə Böyük Britaniyada neft nəql edən kəmərdəki texniki nasazlıq və onun iki həftə təmirə dayanması neftin qiymətinə birbaşa təsir göstərib. Eləcə də Nigeriya və İraqda neft nəqlindəki problemlər dünya bazarına daha çox neftin çıxarılmasında çətinlik yaradıb. Bütün bu problemlər neftin qiymətinin artmasına səbəb olub.
Neftin qiymətinə ən çox təsir edən faktorlardan biri də OPEC-ə üzv və qeyri-üzv dövlətləri tərəfindən neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı əldə olunan razılıqdır. Nəticədə neft hasilatının, eləcə də dünya bazarına çıxarılan neftin həcminin birbaşa tələbə tənzimlənməsi təklifə təsir göstərir ki, bu da qiymətlərin stabilləşməsi baxımından vacibdir”.
Vüqar Bayramov deyib ki, sözügedən faktorlarla yanaşı neftin qiymətinin artması üçün spekulyativ müdaxilələr ola bilər: “Söhbət neft satışı ilə bağlı fyuçers müqavilələrinin satılmasından gedir. Bu müqavilələrdə qiymətlərin yüksək olması nəticə etibarı ilə bir sıra investorların gəlir əldə etmək istəməsi ilə bağlı ola bilər. Amma, bunda spekulyativ olaraq qiymətlərin artırılması ehtimalları da az deyil. Ehtimallara baxmayaraq, mövcud texniki səbəblər neftin qiymətinin artmasını şərtləndirən əsas faktorlardan biridir”.
İqtisadçı-ekspert əlavə edib ki, 2018-ci il üçün neftin qiyməti ilə bağlı beynəlxalq qurumların müxtəlif proqnozları var: “Neft dünyada azsaylı strateji məhsullardan biridir ki, onun qiymətini proqnozlaşdırmaq nəinki çətindir, demək olar mümkün deyil. Çünki, burada siyasi, texniki və birbaşa bazardakı tələb-təklifdən asılı olmayan kifayət qədər faktorlar var ki, qiymətə təsir göstərə bilər. Dünyanın aparıcı neft şirkətlərindən olan BP belə neftin dünya bazar qiymətini proqnozlaşdırmır. Amma, bununla belə 2018-ci ildə neftin qiymətinin 60 dollar ətrafında dəyişəcəyi ilə bağlı proqnozlar üstünlük təşkil edir. Sepkulyativ müdaxilələr olarsa, 2018-ci ilin birinci yarısının sonuna doğru qiymətdə azalmalar müşahidə oluna bilər”.


Vüqar Bayramov bildirib ki, neftin dünya bazarında qiymətinin artması Azərbaycanın dövlət gəlirlərinin artmasına təsir göstərir və ölkəyə daxil olan valyutanın həcmini artırır: “Birmənalı şəkildə neft ölkəyə daha çox valyutanın daxil olmasına imkan verir. Baxmayaraq ki, maliyyə naziri manatın məzənəsinin möhkəmlənməsinə təzyiqlər olduğunu açıqlayıb. Amma, güman edirəm ki, hökumət və Mərkəzi Bankın əsas hədəfi mövcud məzənnəni qoruyub saxlamaq olmalıdır. Manatın möhkəmlənməsi qeyri-neft ixracatı baxımından arzuolunan deyil. Əgər manat möhkəmlənəcəksə, bu, qeyri-neft ixracatına mənfi təsir göstərəcək. Məzənnənin qorunub saxlanılması məqsədəuyğundur. Bu, makroiqtisadi sabitlik baxımından vacibdir. Eyni zamanda manata inamın mərhələlli şəkildə bərpa edilməsi üçün önəmlidir”.

Bu xəbər oxundu
- - -