Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ter-Petrosyanın “Qarabağı qaytaraq“ tələbi yenidən gündəmdə

08.01.18, 10:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir.
Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib.
Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir: "Erməni Milli Konqresinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişilməyib".
Həmin qurultayda Levon Ter-Petrosyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, təhlükəsizlik, iqtisadi inkişaf, Ermənistan və Qarabağda demoqrafik vəziyyətin yaxşılaşdırılmasının əsas təminatıdır.
"Əgər bu baş versəydi, həm biz uzun illərdir ki itki verməz, həm də bu gün tamamilə fərqli- firavan, inkişaf edən ölkə və təhlükəsiz Qarabağı görmüş olardıq. Bu sadə həqiqətin bəzi həmkarlarımın başa düşmədiklərinə görə təəssüf edirəm və biz bu məsələni həll etmək üçün ən əlverişli anı itirdik " - deyə, Arman Musinyan Levon Ter-Petrosyanın sözlərini xatırladıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Levon Ter-Petrosyan 1998-ci ilin fevralında vəzifəsindən istefa verib. 2007-ci ildə yenidən siyasətə qayıdıb.
Qeyd edək ki, Ter-Petrosyan qurultayda çıxışı zamanı Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Qarabağ münaqişəsinin sürətli həllinin vacib olduğunu açıqlamışdı.
“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, - deyə Petrosyan qeyd etmişdi.
Ter-Petrosyanın sözlərinə görə, Rusiyanın Qarabağ problemini həlli üçün edilən səyləri artıq həlledici mərhələyə daxil olub. Bununla yanaşı o qeyd edib ki, bu səylər uğursuzluğa da düçar olaraq iflasa uğraya bilər.
“Bu halda müharibə təhlükəsi daha real ola bilər. Ermənistan hakimiyyəti bu gün çətin vəziyyətə düşüb. Onlar başa düşürlər ki, xalqın nifrətinin belə güclü olduğu zamanda münaqişənin həllində hər hansı güzəştə gedə bilməzlər. Digər tərfədən güzəşt olmasa, müharibə ehtimalı artır. Hakimiyyət isə bilir ki, müharibəni apara bilməyəcək”.
Eks-prezident bəyan edib ki, Qarabağ amili daxili siyasətdə hələ uzun müddət əsas faktor kimi qalacaq. Ter-Petrosyanın sözlərinə görə, məhz Qarabağ münaqişəsinin həlli Ermənistan hakimiyyətinin müxalifətə qarşı sərt mövqeyinin yumşalmasına səbəb olub.
“Son aministiya və müxalifət fəallarının azad edilməsi ilə hakimiyyət xalqın rəğbətini qazanmaq istəyir”-deyən eks-prezident bəyan edib ki, yaxın vaxtlarda iqtidarda gurultulu istefaların şahidi olacaq.
Ter–Petrosyan bildirib ki, “əgər Azərbaycan tərəfdən müharibə təhlükəsi reallaşsa, o zaman müxalifət müvəqqəti olaraq fəaliyyətini dayandırıb vətənin müdafiəsinə qalxacaq”.
O, Azərbaycan prezidenti İlham Əliyevin rasional və sülhün bərqərar olması üçün ölçülü addımlar atmağa qadir lider olduğunu bildirib.
Bundan başqa, Ter-Petrosyan münaqişənin həlli açarının Rusiyanın əlində olduğunu da sözlərinə əlavə edib.
Xatırladaq ki, Ter-Petrosyan danışıqlar masasında olan konkret proqramla bağlı fikrilərini ifadə edib: “İlk mərhələdə Azərbaycana 5 rayon qaytarılacaq. Kəlbəcər və Laçın istisna olmaqla. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq.
4-cü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq. Beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. 6-cı mərhələdə Laçın dəhlizi istisna olmaqla Azərbaycana qalan 2 rayon qaytarılacaq”.
Hələ o zaman Ermənistan siyasətçiləri və ekspertlər Levon Ter-Petrosyanın təkliflərinə sərt təpki göstəriblər.
Ermənistan siyasətçiləri və ekspertləri isə Petrosyanın bu sözləri daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə ünvanlandığını düşünürlər.
Politoloq Stepan Səfəryan bildirib ki, Rusiya məsələsində Badalyanla eyni mövqedədir. Ekspertin sözlərinə görə, Moskvanın planı Ermənistan-Azərbaycan xəttində Rusiya sülhməramlılarının yerləşdirilməsindən ibarətdir. Səfəryan bu plana həm ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin, həm də Ermənistan prezidenti Serj Sərkisyanın da çıxdığını vurğulayıb.
Ermənistan Milli Asambleyasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Artak Zakaryan Levon Ter-Petrosyanın söylədiklərini şərh edərkən bildirib ki, hazırkı dövrdə hər hansı ərazi güzəştindən söhbət açmaq yersiz görünür.
Politoloq Fikrət Sadıqov deyib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir. Bir çox ölkələr Ermənistanın nazı ilə onadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir. Politoloq bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan həm hərbi potensialından istifadə edir, həm də diplomatik və siyasi yolla bunu həll etməyə çalışır: “Torpaqlarının bir hissəsinin düşmən işğalında olmasına baxmayaraq, Azərbaycan bütün dünyaya normal sivil dövət olduğunu bəyan etməklə yanaşı, problemin həlli istiqamətində çıxış yolu axtarmağa çalışır”.
Cari ilin yanvar ayının ikinci hissəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçiriləcəyini xatırladan F.Sadıqov bu görüşdən müsbət gözləntilərin olmayacağını dilə gətirib: “XİN başçılarının görüşündən müsbət heç nə özləmirəm. Çünki, əsas məsələ dövlət başçılarının görüşündə müzakirə və həll olunur. Amma XİN başçılarının da görüşü təbii ki, münaqişə ilə bağlı aparılan danışıqlarda bir addımdır. Əgər Ermənistan tərəfi bu görüşə yenə də köhnə təkliflər, düşüncələr gələcəksə, o zaman bu görüşün baş tutmaması ondan yaxşıdır. Çünki, bizə ölü təkliflər, mənasız təşəbbüslər, formal protokol naminə təşkil olunan görüş lazım deyil”.
Fikrət Sadıqovun fikrincə Azərbaycan tərəfi 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha hücumedici diplomatik addımlar atmalıdır: “Mənə elə gəlir ki, biz addımlarımızı daha da sərtləşdirməli, vaxtaşırı hərbi potensialımızdan istifadə etməli, erməni tərəfinə öz hərbi hazırlığımızı nümayiş etdirməliyik".
Politoloq Mübariz Əhmədoğlu isə münaqişənin həllində Ağdərə faktoruna toxunub:“Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Bəlkə də bu artıq belədir”.
O bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonun inzibati ərazisinə daxildir: “Keçmiş Ağdərə rayonu ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil idi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı mühüm siyasi tutumlu açıqlama verdi: 1170 ailəlik şəhərciyin Ağdərə ərazisində tikildiyini bildirdi. Şəhərciyin tikildiyi Ağdərə rayonun ərazisi 1992-ci ildə azad olunub. 2016-cı ilin aprel qələbəsi Azərbaycanın özünü bu ərazilərdə təhlükəsiz hiss etməyə səbəb oldu və nəticədə indi orada qəsəbə salınır. Bu qəsəbənin salınması Azərbaycan dövlətinin, xüsusilə prezident İlham Əliyevin erməni məsələsini həll etmək, Azərbaycan torpaqlarını işğaldan azad etmək istiqamətində siyasi iradəsinin daha da maddiləşdiyinin göstəricisidir. Bu, Ağdərə ərazisində daha yeni ərazilərdə tikintilərin tikiləcəyinin göstəricisidir. Amma əvvəlcə Ağdərə ərazisində işğalçılar tamamilə sıxışdırılacaqdır. Bəlkə də bütövlükdə Dağlıq Qarabağ işğaldan azad olunacaqdır”.
Politoloq qeyd edib ki, Ağdərə faktoru həm də çox güclü hərbi parametrdir: “Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının ən çox cəmləşdiyi məkan qoşunların təmas xəttidir. Ağdərə-Kəlbəcər strateji istiqamətdir. Ona görə Azərbaycan ordusu ilk tərpənişində Kəlbəcərə çata bilər. Kəlbəcər hərbi strateji əhəmiyyətinə görə bəlkə də Laçından daha əhəmiyyətlidir. Həm Ermənistan, həm Dağlıq Qarabağ nəzarət altına düşür. Kəlbəcər Ermənistan və Dağlıq Qarabağın əsas su mənbəyidir. Dağlıq Qarabağ ermənilərindən olan David Babayan Kəlbəcər mövzusunda “hidrogeosiyasət” adlı yeni “elm” yaradıb”.
Mübariz Əhmədoğlu əlavə edib ki, Ağdərə faktoru dinc danışıqlarda da çox təsirli parametrdir: “Ərazilərin qaytarılması dedikdə ehtimal ki, Azərbaycandan keçmiş DQMV-yə aid əraziləri qaytarmaq istənilir. Ağdərədən götürdüyümüz torpaq nə qədər çox olarsa, dinc danışıqlarda müzakirələr zamanı Kəlbəcər və Laçın bir o qədər Azərbaycana yaxın olacaqdır”.

Cavid

Bu xəbər oxundu
- - -