Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belə lüğət hazırlanmır”

08.01.18, 10:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yeni orfoqrafiya sözlüyü Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub.
Tərcümə Mərkəzinin iddiasına görə, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.
Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılıb.
Kitabda bilirilir ki, sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamış buzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloq və s. terminlər daxil edilib.
Qeyd edək ki, Tərcümə Mərkəzinin nəşr etdiyi sözlükdə bir sıra coğrafi adlar yeni, bəzi hallarda isə köhnə (hazırda istifadə edilməyən) variantda təqdim olunub.
Sözlükdə yer alan şəhər adları sırasında Moldovanın paytaxtının adı Kişineu deyil, Kişinyov kimi göstərilib.
Bundan başqa, adlarını dəyişdirmiş dövlətlərdən Qırğız Respublikası - Qırğızıstan (Azərbaycanın rəsmi sənədlərində Qırğız Respublikası kimi təqdim olunur), Monqol Eli - Monqolustan kimi təqdim olunub.
Bəzi hallarda Həbəşistan kimi təqdim olunan ölkə - Efiopiya, Monteneqro - Çernoqoriya kimi göstərilib.
Bundan başqa, sözlükdə Qüds şəhərinin adı yer almayıb, həmin şəhər Yerusəlim kimi göstərilib.
Siyahıda Koreyanın adı yer alsa da, Koreya Xalq Demokratik Respublikasının (qeyri-rəsmi şəkildə Şimali Koreya adlandırılan KXDR) adı yoxdur.
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub.
Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov “Report”a açıqlamasında deyib ki, hazırda akademik nəşr sayılan “Orfoqrafiya” lüğətində çoxlu qüsurlar var: “Dilçilik ictimaiyyətində də bu lüğətlə bağlı xeyli mübahisələr var. Həm orda olan orfoqrafiya qaydaları yaxşı deyil, həm də olan qaydalara da düzgün əməl olunmayıb. O lüğətdən düzgün yazılış qaydaları baxımından istifadə etmək olmur”.
Nizami Cəfərovun sözlərinə görə, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” əvvəlki lüğətdən həm elmi əsaslığına, həm söz anlayışına görə çox təkmildir: “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu gün bizim ən mükəmməl lüğətimizdir. Bu lüğət bundan sonra yaranacaq orfoqrafiya lüğətləri üçün çox mühüm mənbə olacaq, yeni orfoqrafiya qaydalarının hazırlanmasına da kömək edəcək. Bu lüğət həm cəmiyyətimizə, həm də mütəxəssislərə göstərir ki, lüğət necə olmalıdır. “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” mükəmməl elmi əsaslarla yaradılıb”.
O qeyd edib ki, dövlət lüğəti yox, qaydaları təsdiq edir: “Orfoqrafiya” lüğət dövlət tərəfindən təsdiq olunmur. Orfoqrafiya qaydaları lüğət tərəfindən təsdiq olunur. Həmin qaydalara riayət edərək lüğət tərtib etmək olar. Lüğəti hər kəs qaydalar əsasında nəşr edə bilər.”
Dövlət Dil Komissiyasının üzvünün sözlərinə görə, hazırda “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” yeganə istinad olunacaq lüğətdir: “Bu lüğət varsa AMEA-nın hazırladığı lüğət nüfuzunu itirib. Amma AMEA tərəfindən yeni lüğət hazırlanarsa, bu lüğətin prinsipləri orda gözlənilərsə, orfoqrafiya qaydalarımız bir az da mükəmməlləşdirilib, ona əməl olunarsa, bu, başqa məsələ”.
Dövlət Dil Komissiyasının digər üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Report”a açıqlamasında “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilə tanış olmadığını deyib. O bildirib ki, orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir: “Hazırda akademik nəşr Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı “Orfoqrafiya” lüğətidir. Mənbə kimi ona əsaslanmaq lazımdır.
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” akademik nəşr deyil, ona əsaslanmaq doğru deyil”.
Direktor qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası 64 maddədən ibarət orfoqrafiya lüğətini hazırlayıb: “Qaydalar ictimai müzakirəyə çıxarılacaq”.
Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov “Report”a açıqlamasında deyib ki, hər bir lüğətin öz vəzifəsi, funksiyası var: “Afaq Məsud indiyə kimi lüğət hazırlamayıb. AMEA-nın lüğətini qabaqlarına qoyub, onları saf-çürük edib yazıblar. Bu lüğət yazmaq deyil. Bu kompilyasiyadır (tədqiqat aparmadan hazırlanan iş, başqalarının əsərlərindən quraşdırma - “Report”). Belə lüğət hazırlanmır, lüğəti özün hazırlamalısan, sözlük tutasan və s. Yoxsa başqasının yazdığını qoy qabağına lüğət hazırlayım, bu tədqiqat aparmadan hazırlanan işdir”.

Bu xəbər oxundu
- - -