Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vərəmin müalicəsi məqsədilə ambulator şəbəkə genişləndirilib

08.01.18, 12:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə Proqramları vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. Səhiyyə Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Elmi-Tədqiqat (ET) Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib. Vərəmlə Mübarizə Proqramı çərçivəsində son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən Bakıda və regionlarda vərəmli, o cümlədən dərmanlara davamlı vərəmli xəstələr üçün 15 müasir tipli tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub və müasir avadanlıqla təchiz edilib.
Təkcə ötən il ərzində ET Ağ Ciyər Xəstəlikləri İnstitutunda yerləşən Milli Referens Laboratoriyasında və regionlarda yerləşən 5 mikrobioloji laboratoriyalarda, eləcə də 6, 8 və 9 nömrəli xüsusiləşdirilmiş xəstəxanalarda ventilyasiya sistemləri təmir edilib, institutun mərkəzi dərman anbarında soyuducu otaq quraşdırılıb və 3 rayonda mikrobioloji laboratoriyalar işə salınıb. Bundan əlavə İnstitutunun müalicə korpuslarında təmir işlərinə başlanılıb və onun su təchizatı yaxşılaşdırılıb. Həmin dövrdə İnstitut və digər vərəm əleyhinə müəssisələr müasir tələblərə cavab verən yeni cihaz və aparatlarla, o cümlədən rentgen aparatı, flüoroqraflar, molekulyar–genetik müayinələrin aparılması üçün GenXpert aparatları, audiometrlər, elektrokardioqraflar və xolterlər, biokimyəvi və qan analizatorları, test-sistemlər və reaktivlər və s. təchiz olunub.
Bunlarla yanaşı vərəmin erkən aşkar olunması və müalicəsi məqsədilə ambulator şəbəkə genişləndirilib və ilkin səhiyyə xidmətinin həkimləri bu işə qoşulublar. Dünya Səhiyyə Təşkilatının 2017-ci ildə dərc etdiyi son tövsiyələrə əsasən vərəmin müxtəlif formalarının diaqnostika və müalicəsinə aid normativ-metodik sənədlər təzələnib. Vərəmlə mübarizə işində iştirak edən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə 2017-ci il ərzində İnstitut tərəfindən 48 təlim keçirilib və ümumilikdə 896 nəfər hazırlıq keçib (vərəməleyhinə xidmətin bütün həkimləri və orta tibb işçiləri, ilkin səhiyyə xidmətinin həkimləri, gigiyena-epidemiologiya mərkəzlərinin epidemioloqları və TB-menecer elektron proqramı üzrə işləyən operatorlar).
Bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur və xəstələrin qeydiyyatı dünya standartlarına uyğun aparılır. Aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21 faizə azalıb. Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub.
Vərəmin gecikmiş və yayılmış formaların sayındada nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb (7,6 faizdən 3,4-ə enib). Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb. Qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəməleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100 faiz hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir. Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017-ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26 faiz azalma müşahidə olunur.

Bu xəbər oxundu
- - -